İmam Mehdinin (ə.f) adı çəkildikdə ayağa qalxmalıyıqmı? |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 13-01-2016, 20:38 | Şərh sayı: (0) | Baxılıb: 422
İmam Mehdinin (ə.f) adı çəkildikdə ayağa qalxmalıyıqmı?
Peyğəmbər (s) və onun pak Əhli-beytinə (ə) təzim və ehtiram, o cümlədən İmam Mehdinin (ə.f) adı çəkildikdə ayağa qalxmağın qəlbin saflığı, təqva və ilahi nişanələrə (əlamətlərə) ehtiram əlaməti olmasında heç bir şəkk-şübhə yoxdur. Allah-taala Qurani-Kərimdə belə buyurur:
وَمَن يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِن تَقْوَى الْقُلُوبِ
“Kim Allahın nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvadan hasil olur (irəli gəlir)”. (1)
Həmçinin Əhli-beytə (ə) ehtiram etmək haqqında kifayət qədər hədislər nəql olunmuşdur. (2)
Nə üçün şiələr on ikinci İmamın (“Qaim” ləqəbi ilə) adı çəkildikdə ayağa qalxaraq əllərini baş üzərinə qoyurlar? Bu işin müstəhəb və ya vacib olmasına dair hər hansı bir dəlil varmı?
Bu işin kökü iki qaynağa əsaslanır.
1. Birinci qaynaqda, yəni “Tənqihul-məqal” kitabında qeyd olunan hədis belədir:
:روي محمّد عبد الجبّار فی مشکاٰة الأنوار : أنّ دعبلاً لمّا قرأ قصیدته المعروفه علی الرضا (ع) و ذکر الحجّة (عج) بقوله
خروج الإمام لا محالة خارج یقوم علی اسم الله و البرکات
وضع الرضا (ع) یده علی رأسه و تواضع قائماً و دعا له بالفرج
Muhəmməd ibn Əbdülcəbbar Bəhrani “Mişkatul-Ənvar” kitabında belə nəql edir:
“Deybel öz məşhur qəsidəsini İmam Rzaya (ə) oxuyurdu. Dediyi misralarda İmam Zamanın (ə.f) adına yetişdi:
Danılmaz bir həqiqətdir, edəcək zühur İmam,
O, Allahın adı və bərəkəti ilə eyləyəcəkdir qiyam.
İmam Rza (ə) təvazö ilə ayağa qalxaraq əlini başı üzərinə qoydu və İmam Zamanın (ə.f) zühuru üçün dua etdi. (3)
2. İkinci qaynaq isə ”Tənzihul-xatir” kitabına əsasən, h.q XIII əsrdə yazılmış “İlzamun-nasib” kitabında nəql olunan hədisdir:
سئل الصادق (ع) عن سبب القیام عند ذکر لفظ القائم من القاب الحجّة. قال : لأنّ له غیبة طولانیه و من شدّة الرأفة إلی أحبّته ینظر إلی کلّ من یذکره بهذا اللقب المشعر بدولته و الحسرة بغربته و من تعظیمه أن یقوم العبد الخاضع لصاحبه عند نظر المولی الجلیل إلیه بعینه الشریفة فلیقم و لیطلب من الله جلّ ذکره تعجیل فرجه
İmam Sadiqdən (ə) İmam Mehdinin (ə.f) ləqəblərindən biri olan “Qaim” adı çəkildiyində ayağa qalxmağın səbəbi barədə sual olundu. İmam (ə) buyurdu: “Ona görə ki, onun üçün uzun sürəcək qeyb dövrü vardır. Öz dostlarına olan şiddətli mehribanlıq və məhəbbət üzündən onun quracağı dövləti yad etmənin və onun qürbətdə olmasından həsrət çəkmənin nişanəsi olan bu ləqəblə çağıran hər kəsə nəzər edər. Ədəb tələb edir ki, mövla nəzər etdiyi zaman nökər onun ehtiramına görə ayağa qalxıb onun qarşısında xüzu edə və Allahdan onun zühurunun tezləşməsini istəyə.” (4)
Bu iki qaynağı araşdırdığımızda əldə etdiyimiz nəticə bundan ibarətdir:
1. Bu hədislərin heç birinin sənədi yoxdur.
2. Qədim və mötəbər mənbələrin heç birində qeyd edilməmişdir.
3. Deybelin İmam Rzanın (ə) hüzurunda dediyi şeirin əsli mötəbər qaynaqlarda nəql olunmuşdur. Lakin həmin qaynaqlarda “Qaim” ləqəbinə işarə olunmamış və ümumiyyətlə, “Tənqihul-məqal” kitabında qeyd olunanların heç biri nəql edilməmişdir. Buna görə də qeyd olunan iki qaynaq şəri hökm üçün mənbə ola bilməz.
Lakin əvvəldə də qeyd etdiyimiz kimi, məsumların adlarını yazdıqda və söylədikdə ədəbə riayət etmək, həmçinin İmam Zamanın (ə.f) hər hansısa bir ləqəbi yad edilərkən ehtiram əlaməti olaraq ayağa qalxmaq imamlara xüsusi ehtiram baxımından bəyənilmiş bir işdir.
Mənbələr:
(1) Həcc/32
(2) Əhli-beyt (ə) dər Quran və hədis, səh/377 (yeddinci paraqraf/Əhli-beytin (ə) hüququ, üçüncü fəsil/Ehtiram).
(3) Tənqihul-məqal, c/1, səh/418, Qamus ər-Rical, c/4, səh/290
(4) İlzamun-Nasib, c/1, səh/242.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər