“Əba Saleh” künyəsi haqda bilmədiklərimiz |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 27-10-2015, 10:37 | Şərh sayı: (0) | Baxılıb: 542
“Əba Saleh” künyəsi haqda bilmədiklərimiz
İmam Mehdinin (ə.f) məşhur künyələrindən biri də “Əba Saleh”-dir. Amma heç bir hədis və tarixi mənbələrdə bu künyənin İmam Zamana (ə.f) aid olmasına dair tutarlı bir dəlilil yoxdur. Bəzi hədislərdə “Saleh” və yaxud “Əba Saleh” adı səhrada azanların bələdçisi kimi qeyd olunmuşdur. Bu barədə İmam Sadiqdən (ə) belə bir hədis nəql olunur: “Yolu itirdiyin zaman “Ya Saleh!”- deyə haraya çağır. Və yaxud “ Ya Əba Saleh, yolu bizə göstər, Allah sizə rəhm eləsin!”- deyə ucadan səslə.“ [1] Eyni zamanda belə bir hədis nəql olunmuşdur ki, yer üzünün quru hissəsi Salehə, sulu hissəsi isə Həmzəyə həvalə olunmuşdur. [2]
Bu iki hədisi Şeyx Səduq özünün “mən la yəhzuruhul-fəqih” kitabında qeyd etmişdir. Lakin nə o, nə də bu kitaba şərh yazanlardan heç biri bu künyəni İmam Mehdiyə (ə.f) aid etməmişlər. Hətta Seyid ibn Tavus və Cəzairi də belə demişlər ki, “Saleh” yolda azanların harayına yetişən bir cindir. [3] Buna görə də “Əba Saleh” künyəsinin İmam Zamana (ə.f) necə və hansı tarixi dövrdən aid edilməsi araşdırılmalıdır.
Araşdırmalar nəticəsində belə məlum olur ki, 11-ci əsrə (h.q) qədər bu künyənin İmam Mehdiyə (ə.f) aid olması haqda heç bir tarixi mənbə yoxdur. Lakin mərhum Əllamə Məclisi atasından Əmir İshaq Astarabadi adlı bir şəxsin başına gələn əhvalatı belə nəql edir: “Əmir İshaq Astarabadi Məkkə yolunda azır. O, “ya Saleh! Ya Əba Saleh! Mənə yolu göstər.”- deyə çağırır. Qəfildən bir nəfər peyda olub ona yolu göstərir və tezliklə Məkkəyə çatır. O, sonra belə düşünür ki, ona kömək edən şəxs sən demə İmam Mehdi (ə.f) imiş. Amma o bu barədə heç bir dəlil-sübut gətirməmişdir.” [4]
Yeri gəlmişkən, Mühəddis Nuri də “Cənnətül-məva” kitabında buna oxşar əhvalatlar nəql etmişdir. Lakin özü də açıq-aşkar deyir ki, bütün bu əhvalatlar həmin şəxsin İmam Mehdi (ə.f) olmasına dəlil ola bilməz. [5] Buna əsasən belə qənaətə gəlmək olar ki, “Əba Saleh” kəlməsinin İmam Mehdinin (ə.f) künyələrindən olmasına dair heç bir dəlil yoxdur. Bu künyənin İmam Zamana (ə.f) aid edilməsinə səbəb isə həmin bu əhvalatlardır, bunlar da dəlil ola bilməz.
Ceyhun Cəfərov
Imamzaman.az
[1] Mən la yəhzuruhul-fəqih kitabı/c-2/səh.298/hədis-2506
[2] Mən la yəhzuruhul-fəqih kitabı/c-2/səh.298/hədis-2507)
[3] Əl-əman min əxtaril-əsfar, səh.123/ Ət-töhfətüs-sünniyyə (məxtut), səh.343
[4] Daneşnameyi İmam Mehdi (ə.f)/c-5/səh.137/6-cı bölmə/3-cü fəsil/Əmir İshaq Astarabadi
[5] Cənnətül-məva, səh.293-300
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər