Həzrət Mehdi (ə.f) şiə mənbələrində |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-10-2015, 21:03 | Şərh sayı: (0) | Baxılıb: 520
Həzrət Mehdi (ə.f) şiə mənbələrində
İmam Mehdinin (ə.f) qeybə çəkiləcəyi, onun zühur edərək qiyam edəcəyi barədə çoxlu kitablar yazılmışdır. Bu məsələni inkar edib danmaq mümkün deyil. Maraqlısı budur ki, İmam Mehdi (ə.f) haqqında yazılan kitabların bəzisi o həzrətin dünyaya gəlişindən öncəki zamana təsadüf edir. Məsələn, Əhli-Beyt tərəfdarlarının mötəbər hədis alimlərindən sayılan Həsən ibn Məhbub Zərrad “Əl-Məşixə” adlı kitabını hələ uzunmüddətli qeyb dövründən yüz il öncə yazmış və İmam Mehdinin (ə.f) qeybə çəkiləcəyi barədə olan rəvayətləri öz kitabında qeyd etmişdir. (Mehdi Pişvayi, “ Sireyi-pişvayan”, s. 695) Ustad İbrahim Əmini “Dadqostəre-cahan” kitabında Nəcaşinin “Rical” kitabına istinad edərək, İmam Mehdinin (ə.f) dünyaya gəlişindən əvvəl o həzrətin qeyb dövrü barədə kitab yazmış yeddi böyük alimin adlarını çəkir. Şeyx Müzəffər “Əqaidul-imamiyyə” kitabında qeyd edir ki, əgər Məhdəviyyət ideologiyası peyğəmbər tərəfindən müsəlmanlara çatdırılmasaydı, hələ hicrətin birinci ilində yalançı Mehdilər, daha sonra keysanilər, abassilər və s. şəxslər Mehdilik iddiası etməzdilər. (Ətraflı bax: “Bidayətul-məarifil-islamiyyə") Şeyx Səduq İmam Mehdi (ə.f) barədə təkcə peyğəmbərdən nəql edilən 45 rəvayəti “Kəmalud-din və təmamun-nemət” adlı kitabının 24 və 25-ci fəsillərində qeyd etmişdir. Bu rəvayətlərdə İmam Mehdinin (ə.f) varlığı və onun bəzi xüsusiyyətləri haqqında fikir söylənilmişdir. Abdullah ibn Abbas Həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Allah-Taala yer üzünə nəzər saldı və onların arasından məni seçərək peyğəmbər qərar verdi. Sonra ikinci dəfə nəzər salaraq Əlini seçdi və onu imam qərar verdi. Sonra mənə fərman verdi ki, onu qardaşım, vəlim, vəsim, xəlifəm və vəzirim seçim. Əli məndən, mən də Əlidənəm, o qızım Fatimənin əri, iki nəvəm Həsənlə Hüseynin atasıdır. Bilin ki, Allah-Taala məni və onu Öz bəndələrinə höccət (bələdçi) qərar vermiş, Hüseynin övladlarından elə imamlar seçmişdir ki, mənim əmrimlə qiyam edər, dinimi bərqərar edər, vəsiyyətimi qoruyub saxlayarlar. Onların doqquzuncusu Əhli-beytimin Qaimi və ümmətimin Mehdisidir ki, xarici görünüş, danışıq, rəftar və davranışda camaat arasında mənə ən çox oxşayan şəxsdir. O, uzunmüddətli qeyb dövründən sonra zühur edəcək, Allahın dinini hər bir dinə qalib edəcək, Allahın köməyi və mələklərin yardımı ilə dəstəklənəcək, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi haqq-ədalətlə dolduracaqdır.” (Həmin mənbə, bab 24, hədis 2) İbn Abbas başqa bir yerdə Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Məndən sonra Allahın insanlara olan höccətləri, vəsiləri və canişinləri on iki nəfərdir. Onların birincisi qardaşım, axırıncısı isə övladımdır.” “Qardaşın kimdir?”- deyə soruşduqda Həzrət (s) buyurdu: “Əli ibn Əbu Talib.” Daha sonra “Övladın kimdir?” – soruşdular. Həzrət Peyğəmbər (s): “Mehdi. O həmin kəsdir ki, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ətalətlə dolduracaqdır. Məni haqq olaraq nübüvvətə seçən Allaha and olsun! Əgər dünyanın axırına bir gün qalsa belə, Allah o günü o qədər uzadacaqdır ki, övladım Mehdi qiyam etsin. Bundan sonra İsa ibn Məryəm asimandan nazil olaraq namazda ona iqtida edəcəkdir... Onun hakimiyyəti yer üzünün şərq və qərbinə çatacaqdır.” (Məhəmməd Əli Şərqi, “Üsuli- vafi”, s. 226) Qeyd edək ki, bu haqda qeyd edilmiş hədis və rəvayətlər kifayət qədər çoxdur. Biz bir neçəsini qeyd etməyi kifayət bildirk.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər