Müxalifət növbəti dəfə böhrandan çıxmağın yollarını axtardı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 16:27 | Şərh sayı: (0) | Baxılıb: 248
Müxalifət növbəti dəfə böhrandan çıxmağın yollarını axtardı
Ondan artıq müxalifyönlü partiya və təşkilatın müzakirələri bir neçə saat davam edib...
Yanvarın 27-də ölkənin bir sıra müxalifət partiyası və təşkilatının təmsilçiləri yenidən bir araya gələrək ölkənin böhranlı vəziyyətdən çıxarılması üçün növbəti məsləhətləşmələr aparıblar. Tədbirdə ondan artıq müxalifət lideri iştirak edib. Musavat.com xəbər verir ki, toplantıda ölkənin böhranlı durumu və böhrandan çıxmaq yolları müzakirə olunub. Tədbir bir neçə saat davam edib. Tədbirdə iştirak edən müxalifət liderləri bildiriblər ki, görüşlərin davam etdirilməsi də qərara alınıb.
ADP sədri Sərdar Cəlaloğlu məsələ ilə bağlı musavat.com-a bildirib ki, toplantıda yanvarın 24-də keçirilən tədbirin nəticələri də müzakirə edilib: “Orada səsləndirilən fikirlər və ölkənin böhrandan çıxarılması barədə ideyalar ətrafında müzakirələr aparıldı. Müzakirələr intensiv getdiyinə görə, iclasın gələn həftəyə qədər davam etdirilməsi qərara alındı”.
S.Cəlaloğlu öz təkliflərini də diqqətə çatdırıb: “Mən təkliflərimi ilk toplantıda da vermişəm. Çox güman ki, böhran başa çatana qədər də başqa bir təklif ağlıma gəlmir. Bu da mənim subyektiv fikrimdir. Bütövlükdə böhranın fəlsəfəsi ilə bağlıdır. Böhran sözünün mənası çevriliş deməkdir. Əgər bir ölkə böhrana düşübsə, o deməkdir ki, faktiki olaraq ölkədə çevriliş baş verib. Çevriliş hakimiyyətin dəyişməsi deməkdir. Amma hakimiyyət formal olaraq yerində qalıb. Təklif nə olmalıdır? Baş verən formal vəziyyətlə faktiki vəziyyətin uyğunlaşdırılması. O deməkdir ki, böhranın təbiətinə uyğun olaraq hakimiyyət dəyişikliyi baş verməlidir. Belə hesab edirəm ki, Azərbaycanda hakimiyyətin total dəyişməsi yanlış olardı.
Çünki böhranı dərinləşdirərdi. Ona görə də biz yeni parlament seçkiləri, koalision hökumət və ölkədə konstitusion və qanunvericilik sisteminin dəyişdirilməsini, böhrana uyğun dəyişdirilməsini yeganə düzgün yol hesab edirik. Bunun alternativi yoxdur. Çünki böhrana düşən ölkələrin təcrübəsi bu yolla böhrandan çıxmağın düzgün olduğunu göstərir. Qeyri-demokratik ölkələrdə böhrandan hakimiyyət dəyişikliyi olmadan çıxmaq mümkün deyil. Nəzəriyyə özü bunu sübut edib ki, böhranın özünün fəlsəfəsi faktiki olaraq çevrilişin baş verdiyini göstərir. İndi ona görə də hadisələri faktiki hala uyğunlaşdıraq. Formal vəziyyəti dəyişdirək. Bu formal vəziyyətin dəyişilməsi də hakimiyyətin dəyişdirilməsidir. Bu, iki yolla ola bilər. Xoşluqla ola bilər, hakimiyyət siyasi reformalara gedə bilər. Ya əgər bunu etməyəcəksə, gec-tez böhranın nəticəsi olaraq sosial güc tərəfindən dəyişdiriləcək. Bunun başqa yolu yoxdur”.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə qeyd edib ki, gərgin keçən bir neçə saatlıq müzakirələrin yekunu olaraq yeni toplantı bir həftə sonraya təyin edilib: “Bu günkü müzakirələr davam etdiriləcək. Müzakirə bitməyib. Növbəti həftə, fevralın 3-də müzakirələr davam etdiriləcək”.
AXP sədri Pənah Hüseyn isə bildirib ki, bu, müxalifət partiyalarının yanvarın 24-də yaratdığı İşçi Qrupunun iclası idi: “Əvvəlki toplantının nəticələri müzakirə olundu. İctimai-siyasi vəziyyət dəyərləndirildi. Bundan sonrakı addımların atılması ətrafında fikir mübadiləsi aparıldı. Böhran dövründə antiböhran qurumunun yaradılması və bunun təşkilatlanması təklifləri oldu. Növbəti böyük toplantının müddətinin təyin olunması məsələsi ətrafında da məsləhətləşmələr oldu. Yəqin ki, növbəti həftənin üçüncü günü bu məsələlərin bəziləri müzakirə olunacaq”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər