Müxalifət ölkəni böhrandan çıxarmaq üçün nə düşünür? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 14:50 | Şərh sayı: (0) | Baxılıb: 302
Müxalifət ölkəni böhrandan çıxarmaq üçün nə düşünür?
Mirmahmud Mirəlioğlu: “Hakimiyyətin özünün vəziyyəti o qədər böhranlıdır ki, onlar kimisə dinləmək imkanında deyillər”; Sərdar Cəlaloğlu: “Müxalifətin yalnız öz tərəfdarları ilə hansısa bir aksiya təşkil etməsinin heç bir mənası yoxdur”
Son illərdə ictimai-siyasi, sosial-iqtisadi vəziyyətlə bağlı müxalifət partiyalarının xalqa yalnız virtual müraciətlər etməsi, hökumətə də saytlar, sosial şəbəkələr üzərindən təkliflər verməsi ənənəvi hal alıb. Elə manatın devalvasiyası fonunda da eyni prosesin şahidi olduq. Müxalifət antiböhran proqramları hazırlayaraq, media vasitəsilə iqtidara təkliflər verdi. İqtidar nümayəndələri isə mətbuata açıqlamalarında bildirdilər ki, hökumətin özünün hər vəziyyətə uyğun planı var. Müxalifətin antiböhran proqramlarına isə ehtiyac yoxdur.
Bəs hazırkı durumda müxalifət nə düşünür? Onlar hansısa digər addımlar atacaqlarmı?
Məsələ ilə bağlı musavat.com-a danışan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, ilk olaraq müxalifət hazırkı formada təkliflər irəli sürməlidir: “Azərbaycan hakimiyyətinin özünün vəziyyəti o qədər böhranlıdır ki, onlar kimisə dinləmək imkanında deyillər. Buna görə də parlamentdə olan sözçüləri vasitəsilə müxalifətin təkliflərinə cavab verirlər. Yaxud da parlamentdəki sözçülər elə hesab edirlər ki, bu kimi təkliflərə onlar cavab verməlidirlər. Hesab edirəm ki, biz istəyib-istəməsək də, iştirak edib- etməsək də ölkədə aksiyalar olacaq. Çünki bu iqtisadi böhranın sonu sosial partlayış, onun da sonu siyasi böhrandır. Hakimiyyət bunun fərqində olmalıdır”.
ADP sədri Sərdar Cəlaloğlu isə bildirib ki, müxalifətin qəbul etdiyi hər bir qərar siyasi reallığın tələblərinə uyğun olmalıdır: “Əgər bu gün cəmiyyət küçələrdə mitinq təşkil etməyi istəmirsə, müxalifətin yalnız öz tərəfdarları ilə hansısa bir aksiya təşkil etməsinin heç bir mənası yoxdur. İkincisi də biz yalnız hökumətə təkliflər hazırlayıb verməklə məşğul deyilik. Aydın şəkildə görürük ki, ciddi radikal addımlar atılmasa, Azərbaycan məhv olacaq. Ona görə biz məcburuq ki, ən azı media vasitəsilə öz fikrimizi bildirək. Bizdən də öncə Amerika, eləcə də Avropa Birliyi Azərbaycan hökumətinə qarşıdan gələn dərin böhrandan qurtulmaq üçün təkliflər vermişdi. Biz də eynilə təklif edirik. Yəni hakimiyyətin fəaliyyətinə təsir etməyin iki-üç yolu var. Onun biri xalqın iştirakı ilə təsirdir ki, indiki halda xalq bunu istərsə bizsiz də özü küçələrə çıxacaq. Həmçinin digər vəzifəmiz müxtəlif ideyalar verib, iqtidarı doğru yola istiqamətləndirməkdir. Böhran təzə başladığı üçün xalq hələ ki sosial şokun birinci mərhələsindədir. Bu mərhələ susqunluqla xarakterizə olunur. Bu baxımdan susqun vəziyyətdə olan xalqı istəsən də meydana çıxara bilmərsən. Hazırda küçələrə çıxmaq üçün sosial sifariş yoxdur”.
Müsavat Partiyasının başqan müavini Elman Fəttah isə mövzu ilə bağlı aşağıdakıları bildirib: “Müsavat Partiyası böhrandan çıxış yollarına dair paketini ictimaiyyətə təqdim edib. Orda göstərmişik ki, bu hökumət ölkəni indiki ağır vəziyyətdən çıxarmağa qadir deyil. Bu bizim xalqa mesajımızdır ki, artıq hakimiyyət dəyişikliyi təxirəsalınmaz zərurətə çevrilib”.
Ümid Partiyasının sədr müavini Ənvər Ağazadə isə hesab edir ki, müxalifətin işi həm də proqramlar hazırlamaq, hakimiyyətə təkliflər verməkdir: “Sözsüz ki, müxalifət həm də paralel olaraq xalqla da işləməlidir. Öz sıralarını genişləndirməlidir. Hazırda ölkəmizdə çox böyük sosial-iqtisadi böhran özünü göstərir. Burada təkliflər də səsləndirilməlidir. Xalq görməlidir ki, ölkəni böhrandan çıxarmaq üçün müxalifətin hansı təklifləri var və hakimiyyətdən fərqli olaraq necə düşünür. Ona görə də bu baxımdan proqramlar və təkliflərlə çıxış etmək önəmli haldır. İndiki şəraitdə aksiyaların keçirilməsini məqbul hesab etmirəm”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər