Pənah Hüseyn KXCP-yə sədr gətirilir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 11:28 | Şərh sayı: (0) | Baxılıb: 270
Pənah Hüseyn KXCP-yə sədr gətirilir?
Uzun müddət iki partiya arasında davam edən müzakirələrin detalları məlum olub...
Xeyli müddət davam edən AXP- KXCP görüşlərinin detalları məlum olub. Bildirilir ki, AXP sədri Pənah Hüseyn bu müzakirələrin sonucu olaraq KXCP-yə sədr gətirilir. Belə ki, ilkin olaraq AXP-nin KXCP-yə birləşdirilməsi razılaşdırılıb və hələlik P.Hüseyn bu partiyada sədr müavini postunu tutacaq. KXCP-nin növbəti qurultayında isə sədr Mirmahmud Mirəlioğlunun məhz P.Hüseynin namizədliyini irəli sürəcəyi və onun partiyaya sədr gətiriləcəyi vurğulanır.
O da bildirilir ki, artıq məsələ KXCP-nin rəhbər strukturlarında müzakirə edilib və sədrin qərarı partiya tərəfindən normal qarşılanmayıb. Rəhbərlikdə təmsil olunanların əksəriyyəti P.Hüseynin KXCP-yə gəlişinə qarşı çıxsa da, sədrin fikrini dəyişə bilməyiblər. Partiya rəhbərliyində təmsil olunan siyasilər etirazlarını AXP-nin olduqca kiçik partiya olması, yerli strukturlarının və siyasi çəkisinin olmaması ilə əsaslandırıblar. Qeyd edilib ki, AXP-nin KXCP-yə birləşməsi ikincini gücləndirməyəcək. Əksinə, P.Hüseynin partiyaya sədr müavini, daha sonra sədr gətirilməsi KXCP-nin bölünməsi təhlükəsi yarada bilər. M.Mirəlioğlu isə təklif etdiyi addımın partiyanın gələcəyi üçün vacib olduğunu əsaslandırmağa çalışıb və fikrinin üstündə dayanıb.
Qeyd edək ki, M.Mirəlioğlu 2015-ci ildə keçirilən qurultay zamanı bildirmişdi ki, növbəti dəfə sədrliyə iddia etməyəcək. KXCP ilə AXP arasında danışıqların, müzakirələrin aparılması isə bir müddətdir mətbuatın gündəmindədir. Bir neçə dəfə KXCP qərargahında sədr Mirmahmud Mirəlioğlu və AXP rəhbəri Pənah Hüseyn arasında təkbətək görüş keçirilib. KXCP-dən bununla bağlı verilən məlumatlarda deyilir ki, görüşdən sonra partiya sədrlərinin rəhbərlik etdikləri partiyaların gələcəkdə təşkilati inteqrasiya da daxil olmaqla, sıx əməkdaşlıq etməsi üzrə danışıqlar apardığı və bu məsələlərin həmin təşkilatların kollektiv səlahiyyətli orqanlarının müzakirəsinə çıxarmaq barədə razılığa gəldikləri bildirilib. Həmçinin, partiya sədrlərinin fikrincə müxalifətə olan siyasi partiyaların birləşməsi prosesi indiki situasiyada aktual problemlərdin biri kimi önə çıxarılmalıdır.
Məsələ ilə bağlı rəyini öyrəndiyimiz partiya sədrləri xəbəri təsdiq etmədilər. M.Mirəlioğlu bildirdi ki, yayılan xəbərlər doğru deyil: “Bizdə belə məlumat yoxdur. Yəqin Pənah bəydə də birləşmə barədə xəbər yoxdur. Ancaq iki adamın, iki partiyanın bir araya gəlməsi nəhayətdə Azərbaycanın birləşməsi istiqamətində bir struktur olaraq əhəmiyyət kəsb edən bir işə çevriləcək”.
P.Hüseyn isə partiyaların birləşməsinin hələlik real olmadığını söyləyib: “Birləşmə olarsa, hər halda, Mirmahmud ağa tərəfdə olardı. Amma hələ müzakirələr o mərhələyə gəlib çatmadığından bu söhbətlərin də vaxtı deyil. Müzakirə ilkin olaraq olub. İdeya kimi, əməkdaşlıqda strateji hədəflərdən biri kimi təşkilatların inteqrasiyası məsələsində qeyd olunub. Ancaq hələ heç müqavilə imzalanmayıb”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər