Müsavatdan böhran proqnozu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-12-2015, 14:16 | Şərh sayı: (0) | Baxılıb: 356
Müsavatdan böhran proqnozu
Elman Fəttah: “Devalvasiyanın yaratdığı durum ölkə əhalisinin 80 faizdən artığını protest elektoratının sıralarına daxil etməkdədir”
Manatın ikinci devalvasiyasından sonra Azərbaycanda sosial-iqtisadi vəziyyətin daha da gərginləşməsi müşahidə edilməkdədir. Hətta artıq hakimiyyət rəsmiləri də bizi qarşıda çətin dövrün gözlədiyini dilə gətirirlər. Növbəti devalvasiya baş verər-verməz başda ərzaq məhsulları olmaqla, bütün məhsulların qiymətində kəskin artım müşahidə edilməkdədir ki, bu da alıcılıq qabiliyyəti onsuz da aşağı olan insanların durumunu, sosial təminatını mümkünsüz hala gətirməkdədir. Paralel olaraq da bir çox idarə və müəssislərdə iş yerlərinin ixtisarlarının getməsi durumu bir qədər çətinləşdirir.
Maraqlıdır, manatın ucuzlaşması və qeyd olunan proseslər müxalifət tərəfindən necə dəyərləndirilir? Müxalifət bu prosesin gedişini necə görür?
Müsavat Partiyası başqanının müavini Elman Fəttah bildirdi ki, hakimiyyət iki mühüm resursun hesabına indiyə qədər ayaqda qalıb. Birincisi, maliyyə resursu, ikincisi, beynəlxalq dəstək: “Son dövrlər açıq-aydın görünür ki, hər iki dəstək sürətlə tükənir. Devalvasiyanın yaratdığı durum ölkə əhalisinin 80 faizdən artığını protest elektoratının sıralarına daxil etməkdədir. Bu baxımdan müxalif düşərgənin və hakimiyyətə qarşı mübarizə aparan prinsipial mövqedə olan siyasi partiyaların sıralarının bundan sonra daha da sürətlə genişlənəcəyi gözlənilir. Devalvasiyanın tətiklədiyi proseslərin hansı hadisələrə gətirib çıxaracağını proqnozlaşdırmaq elə də çətin deyil. Görünən odur ki, hökumət böhran dövrünü idarə eləmək imkanında deyil. Təəssüflər olsun ki, belə getsə, yaxın dövrlərdə çox ciddi xaotik siyasi proseslər başlaya bilər. Biz çalışacağıq ki, bu xaotik proses ölkənin zərərinə çevriləcək arzuolunmaz hadisələrə keçməsin, müəyyən bir çərçivələrdə getsin və dinc yolla hökumət dəyişikliyi ilə başa çatsın. Ölkədə başlayan proses sonda hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər”.
E.Fəttahın fikrincə, hakimiyyət bu proseslərin daha ağrısız şəkildə keçməyinə islahatlar həyata keçirməklə yardım edə bilər: “Əgər islahatlar həyata keçirilməyəcəksə, yuxarıda qeyd etdiyim proses baş verəcək. İdarəolunmaz proseslər həm ölkə, həm xalqın özü üçün yaxşı nə isə vəd eləmir. Biz belə bir vəziyyətin yaranmasını qətiyyən istəmirik. Bunun üçün də ilk növbədə hakimiyyət ciddi məsuliyyət hiss eləməli, təcili ciddi islahatlara start verməlidir. Artıq iki yol qalıb-ya köklü islahatlar, ya da hakimiyyəti dinc seçkilər yolu ilə təhvil vermək. İndiyə qədər yürüdülən siyasət davam edəcəksə, bu, ölkə üçün çox təhlükələri qaçılmaz edəcək. Ölkədə ən böyük problem etimad məsələsidir. İlk növbədə etimad formalaşdırılmalıdır. Sonra iqtisadi böhranın zərərlərinin aradan qaldırılması çətin olmayacaq. Nefti kənara qoyub, nefti olmayan ölkələr kimi iqtisadi inkişaf proqramları hazırlayıb həyata keçirilməlidir. Belə olsa, Azərbaycan kimi potensialı olan ölkə neftsiz də normal yaşaya bilər. Diqqət edirsinizsə, qonşuluğumuzdakı iqtisadiyyatı neftlə bağlı olmayan dövlətlərə dolların bahalaşması elə də ciddi təsir göstərmir”.
Müsavat rəsmisi vurğuladı ki, neft birdəfəlik kənara qoyulmalıdır və yeni iqtisadi, siyasi proqramlarla ölkənin inkişafına start verilməlidir: “Təəssüf ki, görünən odur ki, mövcud hökumət buna qadir deyil. Hökumətə etimad da tükənib ki, əsas problemlərdən biri də budur. Etimad bərpa olunmasa, mövcud vəziyyəti xilas eləmək mümkün deyil”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər