“Böhran müxalifətə işləyir” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 15:49 | Şərh sayı: (0) | Baxılıb: 238
“Böhran müxalifətə işləyir”
Pənah Hüseyn: “Ciddi siyasi, iqtisadi islahatlar aparılmasa, növbəti mərhələdə siyasi müxalifətin də prosesə ciddi şəkildə qoşulması qaçılmazdır”
“Ölkədəki iqtisadi böhran müxalifətin elektoral və sosial bazasını artırır, müxalifət partiyalarının mövqelərini möhkəmləndirir”. Bu barədə “Yeni Müsavat”a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib. Onun dediyinə görə, rayonlarda etiraz aksiyalarının müxalifət tərəfindən təşkil edilməməsinə baxmayaraq, ya bu proses özünün yeni təşkilatlanma formasını tapacaq və öz liderlərini ortalığa qoyacaq, ya da indiki siyasi müxalifətin idarəçiliyini və təşkilatçılığını qəbul edəcək.
Ən çox ehtimal olunan da budur. Çünki kortəbii və spontan şəkildə bu vəziyyət uzun müddət davam eləyə bilməz. Yəni özünün mütləq siyasi formasını tapacaq: “Əlbəttə ki, ölkədə ciddi siyasi, iqtisadi islahatlar aparılsa, o cümlədən siyasi müxalifətlə anlaşmaya gedilsə, bu, fərqli bir situasiya yaradar, etiraz aksiyalarının miqyası genişləndikcə bunun fəsadları da müşahidə olunmaz. İstənilən halda siyasi müxalifətin ən tez zamanda proseslərə qoşulacağı və prosesə siyasi rəhbərlik edəcəyi qanunayğunluqdur”.
“Etiraz dalğasının özünün içindən yeni müxalifət, yeni liderlər çıxacağı, ənənəvi müxalifət partiyaları və liderlərinin ya kənarda qalacağı, ya da sadəcə prosesdə bir detal funksiyası daşıyacağı barədə iddialar nə dərəcədə əsaslıdır” sualına P.Hüseyn belə cavab verdi: “Siyasi müxalifət bu proseslərdən narahat görünmür. Bu proseslərin onları kənarda saxlayacağından da narahatlıq ifadə eləmir. Bu narahatlığın olmaması xeyli əsaslıdır. Çünki əvvəllər də digər başqa ölkələrdə baş vermiş proseslərdən bəllidir ki, ümumiyyətlə bir qanunauyğunluq mövcuddur ki, proseslər siyasi mərhələyə keçəndə bir qayda olaraq daha mütəşəkkil şəkildə təşkilatlanmış təcrübəli siyasi qüvvələr öndə olur”.
“Müxalifət bölgələrdəki etiraz aksiyalarını təşkil etmədiyini israrla bəyan eləyir. Sizcə, əslində belə vəziyyətlərdə müxalifət önə çıxmalı deyilmi” sualını isə AXP sədri belə cavablandırdı: “Daha çox iqtidar maraqlı görünür ki, cəmiyyətdəki kütləvi etirazları siyasiləşdirsin və bunun səbəbini müxalifətin fəaliyyəti ilə bağlasın, problemləri siyasi pərdəyə bürüsün. Amma problemlərin kökü hazırda ölkədə yaranmış sosial-iqtisadi vəziyyətlə bağlıdır. Etirazlar vəziyyətin çox ciddi olduğunun göstəricisidir. Müxalifət etirazların təşkilatçısı olmadığını ona görə cidd-cəhdlə bəyan edir ki, iqtidar yerlərdə əhalinin etirazlarını müxalifətlə bağlayıb siyasi müstəviyə çəkə bilməsin. İqtidar isə vaxt udmağa çalışır, etiraz aksiyalarında müxalifəti günahkar elan edir. İqtidar bununla müxalifətin siyasi çəkisinin artmasının fərqində olsa da buna gedirsə, deməli, iqtidar üçün daha təhlükəli məsələləri gizləməyə çalışırlar. İqtisadi böhranlar bir qayda olaraq siyasi sarsıntılarla müşahidə olunur. Ölkədə ciddi siyasi, iqtisadi islahatlar aparılmasa, növbəti mərhələdə siyasi müxalifətin də prosesə ciddi şəkildə qoşulması qaçılmazdır. Hətta siyasi müxalifət istəsə belə bundan qaça bilməz”.
“Meydana müxalifət nə vaxt çıxacaq” sualına isə P.Hüseynin cavabı belə oldu ki, müxalifətin mövqelərinin güclənməsi prosesi gedir. Bunun real nəticələri özünü göstərəcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər