Böhrandan xilas yolu: Azərbaycan hansı modeli tətbiq etsin? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 15:51 | Şərh sayı: (0) | Baxılıb: 248
Böhrandan xilas yolu: Azərbaycan hansı modeli tətbiq etsin?
Müxalif partiya lideri yeni model təklif edir...
Azərbaycan iqtisadiyyatını böhrandan xilas etmək üçün iqtidarının Polşa modelinə üstünlük verəcəyi, bunun üçün Polşadan mütəxəssislər dəvət edildiyi bildirilir. Qeyd olunur ki, böhrandan qurtuluş üçün ölkə iqtisadiyyatı yeni modeldə qurulacaq.
Məlumatlarda deyilir ki, manatın ikinci devalvasiyasından sonra hakimiyyət vəziyyətdən çıxış yolu tapmaq üçün ciddi çabalar içindədir və bu məqsədlə üç ayrı-ayrı ölkədən Bakıya ekspert-məsləhətçi qrupu çağırılıb. Bu ölkələr - iqtisadi sıçrayış eləmiş Sinqapur, Latviya və Polşadır. İddialara görə, həmin ekspertlər 10-15 gün ərzində ölkənin iqtisadi və biznes göstəricilərini təhlil edərək, rəhbərliyə müvafiq tövsiyələr veriblər. Bakının Sinqapur və Latviya yox, Azərbaycanı yenidən qurmaq, iqtisadiyyatı sıfırdan modelləşdirməyə başlamaq üçün məhz Polşa variantına üstünlük verməsi də yayılan xəbərlər sırasındadır.
Bu qərara hansı motivlərin təsir etdiyi deyilmir. İstisna deyil ki, son anda Azərbaycanın Avrasiya məkanının bir parçası və Avropa Şurasının üzvü olması gerçəkliyi, habelə Polşanın qısa zamanda iqtisadi yüksəlişə nail olması və bəzi başqa faktorlar həlledici rol oynayıb.
Azərbaycanın müxalif siyasətçilərindən ADP sədri Sərdar Cəlaloğlu isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, böhranı yaradan səbəblər aradan qaldırılmasa, heç bir model ölkəni düşdüyü böhrandan çıxara bilməyəcək. Azərbaycanda böhranın əsas səbəbi hökumət üzvləridir, bir sıra qanunlardır. Öncə bunlar dəyişməlidir: “Polşanı SSRİ zamanında digər sosialist ölkələrindən fərqləndirən bir sıra özəlliklər var idi. Sovet hökumətində xüsusi mülkiyyətin heç bir növünə icazə verilmədiyi halda Polşada müəyyən xüsusi mülkiyyətə icazə verilmişdi və orada çoxpartiyalı sistem mövcud idi. Polşanın özəlliklərindən biri burada həmkarlar ittifaqı hərəkatının çox güclü olması idi. Təsadüfi deyil ki, Lex Valensia da həmkarlar ittifaqının yetişdirməsi kimi meydana çıxmışdı. Üçüncü xüsusiyyət ondan ibarət idi ki, Polşa katolik dövləti idi, Roma papası da milliyyətcə polyak idi. Polşalılar mənəvi cəhətdən Allaha yaxın xalqdır. Bütün bunlara görə də Roma papasının bütün çıxışları Allahın mesajı kimi qəbul edilirdi. Təsadüfi deyil ki, Polşada xalq hərəkatının başlanması Roma papası İohan Pavelin Polşadakı çıxışından sonra baş vermişdi. Papa bəyan etmişdi ki, sizin sosializmə qarşı apardığınız mübarizədə Allah yanınızda olacaq. Sosialist rejiminin dağılmasında məhz Polşa çox önəmli rol oynadı. Polşada sosializmdən kapitalizmə keçid zamanı bir böhran yaranmışdı.
Bu transformasiya böhranı idi. Böhrandan çıxmaq üçün Polşada ”şok terapiyası" siyasəti həyata keçirildi. “Şok terapiyası” siyasətini həyata keçirməzdən öncə hökumətin əlində islahatlar paketi var idi və həmin sənədə əsaslanıb çox radikal iqtisadi, siyasi islahatlar həyata keçirməyə başlamışdılar. Xalq həmin şok terapiyası siyasəti tətbiq edilməyə başlayanda artıq qarşılarında yeni bir hökumət, yeni parlament, yeni bir idarəçilik gördü. Ona görə də tətbiq edilən “şok terapiyası” siyasəti Polşanın böyük sürətlə sosializmdən kapitalizmə uğurlu keçidin, inkişafın başlanğıcını təmin etdi. Polşanın iqtisadi, siyasi inkişafının təməlləri bu cür qoyuldu. Azərbaycan 25 ilə yaxındır sovet rejimindən çıxıb, lakin hələ nə normal kapitalizmə keçid edib, nə normal bazar iqtisadiyyatına keçib. Ümumiyyətlə, Polşa ilə Azərbaycan arasında hər hansı bir oxşarlıq yoxdur. Hakimiyyət hətta Polşa modelini tətbiq etmək istəyirsə belə, hazırkı hökumət, hökumətin qurulması qaydaları, hazırkı parlament qala-qala heç bir uğur əldə etmək mümkün deyil. Hökumətin əlində hazırda heç bir radikal islahat paketi yoxdur".
S.Cəlaloğlu qeyd etdi ki, Azərbaycanı böhrandan çıxarmaq istəyiriksə, gedib Sinqapurdan, ordan-burdan adam gətirmək lazım deyil: “Biz sinqapurlulardan çox ağıllıyıq. Şəxsən mən özümü deyirəm, Sinqapurun ən yaxşı iqtisadçısını gətirin, onu başa salım ki, Azərbaycanda böhrandan necə çıxmaq olar. Praktikada biz nə görürük? Dünyanın müxtəlif ölkələrində zaman-zaman eynilə böhran yaranıb. Böhrandan çıxmaq üçün birinci addım böhrana səbəb olan siyasi, iqtisadi institutların dəyişdirilməsi olmalıdır. Yəni Nazirlər Kabinetinin, parlamentin və qanunların dəyişdirilməsi ilk addım olmalıdır. Azərbaycan iqtidarı bunu etmədən on il də keçsə, böhrandan çıxmağa nail ola bilməz. Bu addımları atmadan istəyir gedib lap Amerikadan, Yaponiyadan, başqa planetdən ekspertlər gətirsinlər, nəticə olmayacaq”.
ADP sədrinin fikrincə, Azərbaycan böhrandan çıxmaq üçün Qazaxıstan modelini tətbiq etməlidir: “Qazaxıstan bizə yaxın ölkədir. Qazaxıstan prezidenti Nazarbayevin böhrandan çıxmaqla bağlı addımlarının nədən ibarət olduğuna diqqət edək. Böhrandan üç ay öncə Nazarbayev bütün banklara göstəriş verdi ki, vətəndaşların banklarda olan depozitləri dollar hesabına keçirilsin. Deməli, hələ milli valyuta ölməmişdən qabaq Qazaxıstan vətəndaşlarının banklarda olan vəsaiti dövlət tərəfindən qarantiya altına alındı. Göstəriş verildi ki, kimin əlində milli valyuta var, təcili onu dollara dəyişsin. Üçüncü addım parlamenti buraxmaq oldu. Güman ki, növbəti addım kimi Nazarbayev hökumətin tərkibini və bəzi qanunları dəyişəcək. Azərbaycan ən azı Qazaxıstanın getdiyi yolu, böhrandan çıxmaq üçün Qazaxıstan modelini təkrarlamalıdır. Azərbaycan məmurları, hökuməti o qədər demoralizasiya olub, qanunlar o qədər mürtəcedir ki, bunları dəyişmədən böhrandan çıxmaq mümkün deyil. Ölkədə birinci böhranı yaradan səbəblər aradan qaldırılmalıdır. Hökumətin təşkili qaydası dəyişməlidir.
Bundan sonra hansısa modeli tətbiq etmək mümkün olar. Azərbaycanda böhranın səbəbi uzun illərdir mövcud olan hökumət, hökumətin üzvləri, demokratik parlamentin olmaması, mürtəce qanunlardır. Bunlar dəyişməsə, Azərbaycan böhrandan çıxa bilməz və bütün axtarışlar nəticəsiz olacaq. Azərbaycanı böhrana salan səbəblər nə Polşada, nə Pribaltikada, nə İndoneziyada olub. Ona görə də Azərbaycan spesifikasına uyğun ideyalar, modellər tətbiq edilməlidir. Biz bu istiqamətdə təklifləri veririk. Çox təəssüf ki, hakimiyyət bizə qulaq asmaq əvəzinə gedib Sinqapurdan, ordan-burdan ekspertlər gətirir”.
Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli isə bildirib ki, islahatların Polşa variantı “şok terapiyası” kimi xarakterizə edilən islahatlardı. 1989-90-cı illərdə Polşa hökumətində maliyyə naziri olan Baltseroviçin planı əsasında belə islahatlar həyata keçirilib. Baltseroviç planı o vaxt sosialist təsərrüfat sistemindən xilas olmağa çalışan Polşada daxili qiymətlərin liberalizasiyası və idxalın artımı ilə yanaşı dollar kursunun sabitləşməsi və onun məzənnəsinin tətbiqini nəzərdə tuturdu. Həmin illərdə bank sistemində və pul-kredit siyasətində aparılan islahatlar, kapital və iş bazarının yaradılması nəticəsində Polşa iqtisadiyyatının tərəqqisinin əsası qoyuldu: “Azərbaycanda bu modelin tətbiqinin mümkün olub-olmadığını həmin sahənin mütəxəssisləri daha dəqiq bilər.
Amma mən hesab edirəm ki, islahatların real tətbiqi üçün ən əvvəl Azərbaycanın öz Baltceroviçi olmalıdır. İndiki maliyyə naziri Samir Şərifov ”devalvasiya" təşəbbüsləri ilə “şok” yaratmağı bacarsa da, hələlik iqtisadiyyatda hansısa terapiyanı müşahidə edə bilmirik. Əhalidə manata etimadı artırmaq, hiperinflyasiya təhlükəsini önləmək məqsədi ilə əmanətlərin tam təminatlı sığortalanması, valyuta mübadilə məntəqələrinin fəaliyyətinin dayandırılması, inzibati yollarla ərzaq məhsullarının qiymətlərinin tənzimləməsi kimi addımlar müəyyən səmərə verə bilər. Amma bu cür xaotik, qeyri-ardıcıl addımlarla ölkəni iqtisadi bataqlıqdan çıxarmaq mümkün deyil. Sistemli, aydın və kompleks xarakter daşıyan islahatlar planı hazırlanıb cəmiyyətə təqdim olunmalı və bu planın müəllifləri də, icraçıları da xalqa məlum olmalıdır. İslahatlara başlamaq üçün əvvəl Azərbaycanın öz Baltceroviçi olmalıdır".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər