Sabah müxalifət partiyalarının toplantısı olacaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 18:23 | Şərh sayı: (0) | Baxılıb: 236
Sabah müxalifət partiyalarının toplantısı olacaq
Anti-böhran tədbiri ADP qərargahında keçiriləcək
24 yanvar saat 14.00-da ADP qərargahında müxalifət partiyalarının, ictimai siyasi xadimlərin, ekspertlərin iştirakı ilə böyük toplantı keçiriləcək. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, tədbirin ümumi mövzusu ölkədə yaranan ictimai-siyasi, iqtisadi, sosial böhrandan çıxış yollarıdır. Konkret hansı sahələrin müzakirə olunması isə tədbir başlayanda müəyyənləşəcək:
“Tədbir baş tutacaq və tədbirin ölkədə yaranmış vəziyyət və çıxış yolları mövzusunda ictimai dinləmələr şəklində alınması daha gözləniləndir. Siyasi düşərgədə vəziyyət elədir ki, ölkədə dramatik situasiya yaranmasına, yerlərdə iqtisadi-sosial böhranla bağlı spontan etiraz aksiyaların başlanmasına baxmayaraq mövcud müxalifət liderlərinin bir araya gələrək müzakirələr keçirmək, birgə qərarlar qəbul etmək üçün toplantı keçirməyə həvəsli olmaları görünmür. Mən şəxsi münasibət imkanlarından istifadə edərək bəzi siyasətçilərlə fikir mübadiləsi aparmışam.
Bu gün vəziyyət belədir. Bəlkə sabah başqa cür olacaq. Odur ki, toplantı təşəbbüsçüləri ilə söhbətlərdə də demişəm ki, mümkün olanı reallaşdırmağa çalışmaq lazımdır. Yoxsa ictimai rəydə böyük gözləntilər yaradıb, sonra da tədbiri liderlər, partiyalar boykot etdi tipli kimi manşetlərə səbəb olmağa ehtiyac yoxdur. 24 yanvar tədbiri bu və ya digər formatda yəqin ki, baş tutacaq və iştirakçı tərkibindən asılı olmayaraq faydalı olacaq.
Tədbirə yönəlik maraqlı təkliflər də var. Daimi fəaliyyət göstərən böhran masası funksiyalı Dəyirmi Masanın yaradılması, iqtidarla və siyasi müxalifətlə təmasların qurulması üçün heyətin seçilib formalaşdırılması, xalq hərəkatının təsis olunması və ya bunun üçün təşəbbüs qrupunun yaradılması, ictimaiyyətin tələblərinin ümumiləşdirilib hakimiyyət qarşısında irəli sürülməsi məsələlərinin müzakirəyə çıxarılması kimi təklifləri göstərmək olar”.
Tədbirin aparıcısının kim olacağına gəldikdə, P.Hüseyn bildirdi ki, bu iştirakçıların tərkibindən asılı olan məsələdir: “Tutaq ki, əgər iştirak edərlərsə məsələn, Sabir Rüstəmxanlı, professor Firudin Cəlilov, Mehman Əliyev, Natiq Cəfərli, Ərəstun Oruclu kimi şəxslər sədrlik, aparıcılıq edə bilərlər. Elə də ola bilər ki, bu gün geniş ictimaiyyətin tanımadığı gənc fəallar moderator olsunlar”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər