Böhran dövründə növbədənkənar parlament seçkiləri keçirilə bilərmi? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 00:59 | Şərh sayı: (0) | Baxılıb: 281
Böhran dövründə növbədənkənar parlament seçkiləri keçirilə bilərmi?
İqtisadi böhran yaşayan bəzi ölkələrdə iqtisadi islahatlarla yanaşı, siyasi islahatlar da keçirilir. Qazaxıstan və Moldovada müxalifət növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi ilə çıxış edib.
Qazaxıstanda parlamentin buraxılmasına qərar verilib və növbədənkənar seçkilərin təyin olunması planlaşdırılır. Moldovada isə hökumət əleyhinə olan növbəti nümayiş keçirilib. Etirazçılar paytaxt Kişinyovun mərkəzi küçələrindən parlament binasının önünə qədər yürüş edib, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.
Bəs, görəsən oxşar iqtisadi böhran yaşayan, milli valyutası iki dəfə dəyərdən düşən Azərbaycanda da növbədənkənar parlament seçkiləri keçirilə bilərmi?
Musavat.com-un sualını cavablandıran “Ümid” Partiyasının sədri İqbal Ağazadə bu təcrübənin Azərbaycanda da tətbiqinin mümkün olduğunu, lakin bunun üçün müxalifətin siyasi iradəsinin və hakimiyyətin normal yanaşmasınin vacibliyini qeyd etdi: “İndi vəziyyət elə həddədir ki, iqtisadi böhran yaranıb və əhalinin həyat şəraiti daha ağır durumdadır. Bundan çıxış yolları bizi daha çox düşündürür, nəinki siyasi məsələlər... Biz anti-böhran təkliflər paketini hökumətə təqdim etmişik, burada bir nüans da demokratikləşmədir. Lakin hesab etmirəm ki, böhranı etiraf etməyən hakimiyyət, siyasi islahatlarda bu qədər irəli gedə bilsin. Biz bunu tələb edə bilərik, lakin bizim tələbimiz də siyasi proseslərə adekvat olmalıdır. Hazırda siyasi böhranla iqtisadi böhranın birləşməməsi üçün ən optimal variantlardan biri də parlamentin yenidən seçilməsidir. Ancaq hakimiyyət buna gedəcəkmi və ya müxalifə birləşərək, bu tələbi irəli sürəcəkmi? İqtisadi şərtlərin bu qədər ağır olduğu dövrdə bu şüarlar vətəndaş üçün maraqlı olacaqmı? Bu suallar təbii ki, müzakirə mövzusudur. Lakin əgər belə bir seçki keçirilsə, hazırki dövrdə xalqın hakimiyyətdən narazılığını məzərə alsaq, Milli Məclisin tərkibi mütləq mənada dəyişə bilər”.
Politoloq Hikmət Hacızadə, Azərbaycanda müxalifətin bu cür tələblərini real hesab etmədiyini bildirdi: “Azərbaycan müxalifəti də belə tələblər irəli sürür. Hətta hökumətin istefasını da tələb edirlər. Lakin müxalifət iflic vəziyyətinə salınıb. Ölkədə bu tələbi həyata keçirə biləcək müxalifət qalmayıb. Ancaq o sözü səsləndirirlər ki, hökumət istefa versin. Təbii ki, bizdə də kökumət və ya Milli Məclisin tərkibi dəyişsə, yeni adamlar, yeni baxış gələrdi, korrupsionerlər gedə bilərdi. Hazırda biz hökumətdən heç bir anti-böhran tədbiri görmürük, bilmirik ki, nə edir və nə fikirləşir?”
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə bildirdi ki, Azərbaycan müxalifəti də parlament seçkilərinin yenidən keçirilməsi tələbi ilə çıxış edib: “Yeni parlament seçkiləri böhrandan çıxış yollarından biri kimi irəli sürülür. Bu mətbuatda da müxtəlif partiyalarının liderlərinin açıqlamalarında öz əksini tapıb. Çünki, belə bir böhranlı dövrdən çıxmaq üçün ölkədə legitimliyi olan, azad və ədalətli seçkilərlə müəyyənləşmiş parlamentin olması çox vacibdir. Bu, ölkənin inkişafı və indiki vəziyyətdən çıxması üçün ciddi bir vasitədir. Lakin belə bir seçkinin keçirilməsi hazırki durumda iqtidardan asılıdır. Bəzi ekspertlər Milli Məclisdə 83 deputatın qalması və Milli Məclisin fəaliyyət göstərməsi şərti ilə 35-40 yerə seçkilərin təkrar keçirilməsi ilə bağlı da təklif irəli sürürlər. Yəni, bəzi deputatlar ərizə verib, mandatdan imtina edirlər, həmin yerlərə təkrar seçkilər yolu ilə yeni deputatlar seçilir. Ancaq indiki dövrdə bu məsələnin ciddi bir şəkildə iqtidar dairələrində müzakirə olunduğu və ciddi qarşılandığı görünmür. Ümumiyyətlə, hələ iqtidar siyasi proseslərə hazır deyil”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər