Müxalifətin birlik toplantısı yeni qarşıdurma yaratdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 10:41 | Şərh sayı: (0) | Baxılıb: 232
Müxalifətin birlik toplantısı yeni qarşıdurma yaratdı
İştirak etməyənlər tədbirin nəticəsi olacağına inanmadığını əsas gətirir, dəvət edənlər isə gəlməyənləri ittiham edir...
Yanvarın 24-də keçirilən müxalifətin geniş toplantısına bir neçə müxalifət partiyası, o cümlədən Müsavat qatılmayıb. İddialara görə, Müsavat Partiyasına tədbirdə iştirak etmək üçün təklif gəlsə də, partiya rəhbərliyi bundan imtina edib. Səbəb kimi isə tədbirin nəticəsinin olacağına inamsızlıq göstərilib.
Məsələ ilə bağlı əlaqə saxladığımız Müsavat başqanının müavini Elman Fəttah bildirib ki, tədbirlə bağlı partiyaya dəvət gəlib-gəlmədiyinə dair məlumatı yoxdur: “Bunu bilmədiyimə görə üçün məsələni şərh etmək üçün əsas qalmır”.
Müsavatın İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə qeyd edib ki, partiya bu cür görüşlərdə iştirak etməyi məqbul hesab etmir: “Müsavat Partiyası qabaqcadan məqsədi bilinməyən, proqramı, istəyi məlum olmayan tədbirlərdə iştirak etməyi məqbul saymır. Bu, birincisi... İkincisi də, Müsavat Partiyasına həmin görüşdə rəsmi dəvət haqqında təklif olduğu barədə məlumatım yoxdur. Telefonla zəng olunaraq dəvət təklifi haqda da bilgisizəm”.
Tədbirdə iştirak edən partiyaların təmsilçiləri isə partiyalara kim tərəfindən dəvət göndərildiyini dəqiqləşdirə bilməyiblər. Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, o, heç kimi toplantıya dəvət etməyib. KXCP sədrinin müavini Xəzər Teyyublu da qeyd edib ki, toplantıda partiya sədrlərinin kim tərəfindən dəvət edilməsindən xəbərsizdir.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə APA-ya bildirib ki, məlum toplantıya Müsavat və AXCP rəhbərliyi dəvət edilib: “AXCP və Müsavat Partiyası bütün məsuliyyəti hakimiyyətin üzərinə atır. Hətta bəzi qüvvələr deyir ki, iqtisadi böhran nəticəsində qoy lap vətəndaş müharibəsi olsun, qırğın olsun, təki bu hakimiyyət cəzalansın. Bu, doğru yanaşma deyil”. O bildirib ki, hazırda ölkənin müxalifət partiyaları ilə birlikdə Azərbaycanda neftin qiymətinin düşməsi, manatın məzənnəsinin dəyişməsi nəticəsində yaranan iqtisadi böhranla bağlı müzakirələr aparılır, çıxış yolları axtarılır: “Böhranın həm qlobal, həm də daxili səbəbləri var. Ölkənin bütövlüyünün, milli həmrəyliyinin saxlanması və böhrandan daha ağrısız çıxmaq hər bir vətəndaş kimi biz siyasətçiləri də narahat edir. Ona görə də müxalifət partiyaları ilə böhrandan çıxış yollarını müzakirə edirik və bu müzakirələr davamlı olacaq”.
S.Cəlaloğlu müxalifətin müzakirələrinə AXCP və Müsavat Partiyası rəhbərliyinin qatılmamasına da münasibət bildirib. Onun sözlərinə görə, bu partiyalar da toplantıya dəvət edilib: “Mən şəxsən Arif Hacılını dəvət etdim, amma gəlmədi. Bütün hallarda bunun səbəbini özləri bilər. Ancaq deyə bilərəm ki, Azərbaycanda böhrandan çıxmaqla bağlı siyasi qüvvələrin mövqeyi eyni deyil. Bu qüvvələr bütün məsuliyyəti hakimiyyətin üzərinə atır. Müxalifət kənara çəkilib, hər şeyi iqtidarın üzərinə atsa, təhlükəli proseslər gedə bilər. Ona görə də biz hesab edirik ki, böhranla bağlı iqtidarla müzakirələr aparılmalı, təcili addımlar atılmalıdır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər