“Xarici qüvvələr sosial aksiyalardan istifadə edə bilər” iddiasına reaksiya |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 16:22 | Şərh sayı: (0) | Baxılıb: 271
“Xarici qüvvələr sosial aksiyalardan istifadə edə bilər” iddiasına reaksiya
Natiq Miri: “Sosial etirazları hələlik hansısa xarici qüvvələrə bağlamaq şişirtmə olardı, lakin...”
Ötən həftə Azərbaycan üçün gərgin keçdi. Qiymət artımı və işsizliyə qarşı 4-5 rayonda əhalinin etiraz aksiyaları keçirildi. Bəlli oldu ki, hər an ölkədə fors-major situasiyalar yarana və insanlar hətta müxalifətə də ehtiyac görməyərək küçələrə axışa bilərlər. Bəzi siyasi ekspertlərin fikrincə, belə situasiyalar daha çox təhlükəli perspektivlər vəd edir. Hesab olunur ki, devalvasiya və neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, kütləvi şəkildə işsizliyin yaranması şəraitində xarici qüvvələr çox asanlıqla xalqın vəziyyətindən istifadə edib hərəkətə keçə, Azərbaycanla bağlı layihələrini gerçəkləşdirmək istəyərlər.
Azərbaycanın müasir tarixində təlatümlər yaşanıb və ölkədəki durumdan xarici qüvvələrin öz mənfəəti üçün yararlanmağa çalışdığı barədə faktlar kifayət qədərdir. Ona görə də ekspertlər şübhə etmirlər ki, ölkədəki mövcud problemlər xarici qüvvələrə də əl-qol açmaq imkanı verir. Bu düşüncədə olan ekspertlər hesab edir ki, Azərbaycanda “beşinci kolon”un kifayət qədər dayaqlara malik olması da təhlükədir. Belə ki, Azərbaycanı hansısa xarici qüvvənin boyunduruğuna keçirmək qəsdində olanlar bunun üçün fürsət gözləyir və ölkənin iqtisadi böhranla üz-üz qalması fürsətcillərin işinə yarayır. Hətta artıq belə qüvvələrin hərəkətə keçdiyi iddiaları da var.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri bu mövzuda “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda iqtisadi böhranla bağlı ilkin olaraq sosial etirazlar görüntüsü var. Bu prosesin kənd rayonlarından başlaması təbiidir. Paytaxt Bakıdan fərqli olaraq regionlarda işsizlik daha çoxdur, əmək haqqı da Bakıya nisbətdə çox aşağıdır.
Nəzərə alsaq Rusiyadan kənd rayonlarındakı ailələrə pul köçürmələrinin minimum səviyyəyə enməsi rayonlarda əhalinin durumunu daha da çətinləşdirib. Ona görə də sosial etirazlar müşahidə edilməkdədir. Bu sosial etirazları hələlik hansısa xarici qüvvələrə bağlamaq şişirtmə olardı: “Amma gələcəkdə bu hadisələrdən Azərbaycanı sevməyən xarici qüvvələrin istifadə etməsi ehtimalına gəlincə, bu mümkündür. Ölkənin daxilində ”beşinci kolon"un güclü olması, İrana bağlı qüvvələrin mövcudluğu Azərbaycanı sarsıtmaq istəyən xarici güclərin bu istəklərini həyata keçirməsi üçün əlavə imkanlar yarada bilər. Rusiyanın “beşinci kolon”u hakimiyyətin içində yüksək vəzifələrdə təmsil olunurlar. “Beşinci kolon”un xarici qüvvələrin müəyyən təxribatlarına dəstək verməsi ehtimal oluna bilər. Ancaq ortada hələlik belə bir durum yoxdur. Ona görə həyəcan təbili çalmaq erkəndir".
Ekspert bəyan etdi ki, həm xarici qüvvələrin, həm də “beşinci kolon”un hansısa məkrli planlarının qarşısının alınmasının yolu ölkədə ciddi siyasi, iqtisadi islahatlar həyata keçirmək və ölkədə barış mühiti yaratmaqdan keçir: “İnsanlar işsiz və ac olanda istər xarici, istər daxili məkrli qüvvələrin planlarının həyata keçirilməsi üçün daha münbit şərait yaranır. Azərbaycanın iqtisadi sisteminin çöküşünə gətirən faktor məhz indi iş başında olan hökumət üzvləridir. Məhz onların fəaliyyətinin nəticəsidir ki, Azərbaycanda dayanıqlı iqtisadi sistem oturuşa bilməyib. İqtisadiyyat yalnız neftdən asılı vəziyyətə salınıb. Neft faktoru sıradan çıxdığı üçün iqtisadi sistem çöküb. Bu vəziyyəti aradan qaldırmaq üçün çox təcili və sürətli siyasi, iqtisadi islahatlar aparılmalıdır. Siyasi islahatlar olmadan iqtisadi islahatların ciddi effekti olmayacaq. Ona görə də ciddi siyasi islahatlar aparılmalıdır. Siyasi islahatlara ciddi kadr dəyişiklikləri ilə başlamaq lazımdır.
Ölkəni vəziyyətdən çıxarmaq üçün yeni siyasi komandaya ehtiyac var. Ölkə iqtisadiyyatı və siyasəti Qərb dəyərlərinin tam şəkildə tətbiqi ilə reallaşdırılmalıdır. Prezidentin yanında İqtisadi Şura yaradılmalıdır və buraya həm hakimiyyətdən, həm də müxalifətdən olan müasir dünya görüşlü, müasir iqtisadiyyatı bilən mütəxəssislər təmsil olunmalıdır. Bu islahatlar aparıldıqdan sonra ölkədə növbədənkənar parlament seçkiləri keçirilməlidir. Cəmiyyətdə siyasi qüvvələr hansı nisbətdə təmsil olunursa, parlamentdə də o cür təmsilçilik özünü göstərməlidir. Bütün bunlar olarsa, xarici qüvvələrin planlarını alt-üst etmək, böhrandan çıxmaq və güclü Azərbaycan dövləti yaratmaq mümkündür”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər