Müxalifətin mitinq keçirməməsinin səbəbi nədir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 09:22 | Şərh sayı: (0) | Baxılıb: 411
Müxalifətin mitinq keçirməməsinin səbəbi nədir?
Pənah Hüseyn: “Azərbaycan müxalifəti fürsətçil deyil, eyni zamanda onun vəziyyəti də ürəkaçan sayılmır”
Ölkədə dolların qiyməti sürətlə bahalaşır. Paralel olaraq bu proses ərzaq və digər əmtəə məhsullarının bahalaşmasına təkan verir, iş yerləri bağlanır və faktiki olaraq ölkədə ağır sosial durum yaranıb. Bir sıra ekspertlərin müşahidələrinə görə Azərbaycanda bəlkə də son 20 ildə indiki miqyasda sosial gərginlik, əhalinin narazılığı olmayıb, başqa hər hansı ölkədə bu cür vəziyyət yaransaydı o ölkənin müxalifəti bundan dərhal istifadə edərdi, mitinq keçirib xalıq meydana yığardı. Azərbaycan müxalifəti isə bu addıma getmir. Müxalifət nə üçün fürsətdən yararlanmağa cəhd etmir? Gündəmdə mitinq keçirmək varmı?
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, Azərbaycan müxalifəti fürsətçil deyil, eyni zamanda müxalifətin vəziyyəti də ürəkaçan sayılmır: “Ölkənin inkişafının çox mühüm hissəsi olan, cəmiyyətin inkişaf əlamətinin tərkib hissəsi olan müxalifəti hakimiyyət uzun illərdir zəiflətmək, bir institut kimi sıradan çıxarmaq siyasəti aparıb. Nəticədə isə müxalifət əvvəlki gücünü itirib. Müxalifətin və ölkədə gedən siyasi proseslərin zəifləməsi əslində indiki problemlərin əsas səbəblərindən biridir. Hakimiyyətin bu gün yaşadığı problemlər özünün illər uzunu yürütdüyü xəttin bəhrələridir. Bu situasiyadan çıxmaq üçün sosial-iqtisadi tədbirlərdən çox siyasi islahatların zəruri olduğunu düşünürəm”.
“Spontan etirazların olması daha çox gözləniləndir”
P.Hüseynin sözlərinə görə, ölkədəki vəziyyəti xarakterizə eləyən əlamətlərdən biri artıq iqtidarın ölkəni əvvəlki şəkildə idarə edə bilməməsinin görünməsidir: “Hələ bu iqtisadi və sosial idarəetmədə, maliyyə-bank sferasında özünü göstərir. Çox ciddi devalvasiyadan sonrakı proseslər, hər gün manatın ucuzlaşması, valyutadəyişmə məntəqələrinin normal işləməməsi və digər amillər ölkənin maliyyə-bank sektorunda xaosun hökm sürməsinin, hökumət tərəfindən vəziyyətə nəzarətin itirilməsinin təzahürüdür. Bu vəziyyətin sosial və siyasi nəticələrinin olması labüddür. Müxalifət içərisində hazırda geniş bir fikir yaranıb ki, hakimiyyətlə xalq üz-üzə qalır və prosesi axarına buraxmaq lazımdır. Bəziləri hesab edir ki, müxalifətin mitinq keçirməsi və bu kimi hərəkətləri hakimiyyətlə xalqın üz-üzə dayanması vəziyyətinin özünün məntiqi sonluğuna gəlib çatmasına mane ola bilər. Amma hər halda mən güman eləmirəm ki, belə bir vəziyyət uzun çəksin. Proses idarə olunmayan mərhələyə keçir. Milyonlarla insanın yaşam səviyyəsinin birdən-birə iki dəfə aşağı düşməsi göz qabağındadır. Üzən məzənnə elan olunsa da bu, heç də üzən məzənnə deyil. Üzən məzənnə olsaydı heç olmasa bir dəfə də manat 3-5 qəpik bahalaşaydı. Diqqət edirsinizsə, dekabrın 21-də 50 faiz devalvasiyadan keçən 17-18 gündə dolların daha 30 faiz bahalaşması baş verib. Hər gün bir qaz bahalaşma aparılıb. Əslində hər gün davam edən devalvasiyadan danışmaq daha düzgün olardı. Dekabrın 21-dən indiyədək demək olar ki, hər gün devalvasiya gedib. Hökumət xalqı aldadaraq bəyan edir ki, devalvasiya dayanıb. Hökumətin sosial reablitasiya tədbirləri, təhlükəli prosesi önləmək tədbirləri müşahidə edilmir. Yaranmış vəziyyətin müzakirəsi müxalifət içərisində gedir. Amma daha geniş çərçivədə getməsinə ehtiyac var. Hətta yaranmış vəziyyətlə bağlı dövlət başçısı ilə görüş tələbləri var”.
Yaxın dövr üçün müxalifətin mitinq keçirmək planının olub-olmadığına gəlincə, Pənah Hüseyn dedi ki, müxtəlif çevrələrdə bu istiqamətdə hazırlıqlar gedir. Lakin hələlik rəsmi qərar verilməyib: “Belə söhbətlər gedir ki, etirazı kütləvi aksiyalar şəklində ifadə eləmək lazımdır. Mitinqlərin başlanması labüddür. Spontan etirazların olması daha çox gözləniləndir. Müxalifətin içindəki şəxslər də əvvəlki təcrübələri də nəzərə alaraq spontan etirazların başlanması və sonra onun mütəşəkkil siyasi qüvvələr tərəfindən yönləndirilməsini hazırda daha üstün sayırlar. Onu da deyim ki, bu cür proseslər heç də planlaşdırıldığı kimi olmur. Gözlənilməz müxtəlif siyasi, sosial hadisələr bu cür vəziyyətlərdə daha çox müşahidə edilir. Arzu olunan odur ki, ölkədə idarə olunmayan proseslər başlamasın”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər