Prezident İlham Əliyev: "Əmək haqları və pensiyalara yenidən baxılacaq" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 15:45 | Şərh sayı: (0) | Baxılıb: 298
Prezident İlham Əliyev: "Əmək haqları və pensiyalara yenidən baxılacaq"
"Azərbaycanda son illər ərzində əldə edilmiş uğurları biz qoruyacağıq, ölkəmizin sürətli inkişafını təmin edəcəyik. İmkan verə bilmərik ki, kimsə bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etsin".
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə bildirib.
Dövlət başçısı qeyd edib ki, neftlə zəngin olan ölkələrin böyük əksəriyyətində və bu gün neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində buna oxşar addımları biz müşahidə etmirik: "Hər halda, bu barədə məndə məlumat yoxdur ki, hansısa bir ölkə indiki böhran şəraitində əmək haqlarını, pensiyaları qaldırsın. Bu, çox ciddi sosial addımdır. Bir də demək istəyirəm ki, bu, bizim güclü sosial siyasətimizin təzahürüdür və bu təşəbbüsü reallaşdırmaq üçün dövlət büdcəsindən yüz milyonlarla manat vəsait xərclənəcəkdir".
Prezident İlham Əliyev sonra bildirib ki, indiki şəraitdə bunu izah etməyə ehtiyac yoxdur: "İstisna edilmir ki, il ərzində bu məsələyə yenidən baxılacaq. Əlbəttə ki, bu, bizim imkanlarımıza bağlı olan məsələdir. Bu da sosial təşəbbüsdür. İlk növbədə, çətin vəziyyətdə olan insanların vəziyyətini nəzərə alaraq biz bunu edirik. Və gələcəkdə çalışmalıyıq ki, bu sahədə maksumum şəffaflıq olsun. İndiki şəraitdə əgər kimsə bu vəziyyətdən öz şəxsi iqtisadi,yaxud da ki siyasi maraqları üçün istifadə etmək istəyirsə, o insanlar öz cəzasını alacaq. Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılır və cəzalandırılacaqlar".
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bildirdi ki, 2015-ci ildə dünyada neftin qiymətinin kəskin düşməsi nəticəsində neft ixrac edən ölkələr çətinliklərlə üzləşiblər və bu proses indi də davam edir. Son bir ildə neftin qiymətinin 4 dəfə düşdüyünü, bunun isə gəlirlərin azalmasına təsir etdiyini deyən dövlətimizin başçısı hazırda Azərbaycanın vəziyyətdən çıxmaq üçün addımlar atdığını, digər neft ölkələri ilə müqayisədə ən az itki ilə üzləşdiyimizi diqqətə çatdırdı. Nazirlər Kabinetinin ötən iclasında verilən tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycanın çətinliklərdən asanlıqla çıxacağını deyən Prezident İlham Əliyev ölkədə islahatların dərinləşməsinin vacibliyini vurğuladı, bununla bağlı səslənən təkliflərin artıq icra olunmağa başladığını dedi. İlk növbədə insanların sosial müdafiəsi ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanılacağını deyən dövlətimizin başçısı son illərdə ölkədə həyata keçirilən işlərin insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldiyini bildirdi. Bu yaxınlarda pensiya və əmək haqlarının 10 faiz qaldırılmasının bu istiqamətdə atılan önəmli addım olduğunu dedi.
Prezident İlham Əliyev çıxışında süni bahalaşmaya da münasibət bildirdi, bu problemə qarşı ciddi mübarizə aparılmasının əhəmiyyətini vurğuladı. İşbazların qiymətləri süni şəkildə bahalaşdırmağa çalışdığını deyən dövlətimizin başçısı görülən tədbirlər nəticəsində çörəyin və unun qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü bildirdi.
Struktur islahatları ilə bağlı artıq müəyyən addımların atıldığını deyən Prezident İlham Əliyev bildirdi ki, bu tədbirlər daimi olmalı, bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır. Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyən dövlətimizin başçısı bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə toxundu, Milli Məclisin növbədənkənar sessiyasında məsələyə baxılacağını dedi. Bundan əlavə, Prezident İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi.
Dövlətimizin başçısı manatın etimadının bərpası ilə bağlı ciddi tədbirlərin görülməsinin əhəmiyyətinə də toxundu, hazırda ölkədə müşahidə olunan dollarizasiya prosesinin heç bir iqtisadi əhəmiyyətinin olmadığını dedi. Manatın məzənnəsinin sabit saxlanmasının təkcə hökumətdən asılı olmadığını deyən dövlətimizin başçısı bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxıldığını, problemli bankların sağlamlaşdırılması prosesinin aparılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini bildirdi, bu kimi tədbirlərin milli valyutaya olan inamı artıracağını dedi.
Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin xarici borcunun çox aşağı səviyyədə olması və mövcud vəziyyət nəzərə alınaraq xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resursları Azərbaycan bazarına cəlb edilə bilər. Qeyri-neft sektorunun inkişafının indiki vəziyyətdə prioritet olmasının vacibliyini bildirən dövlətimizin başçısı Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu il 250 milyon manat güzəştli kreditlərin veriləcəyini, sahibkarların öz maliyyə resurslarını da nəzərə alaraq o zaman regionlara qoyulan investisiyanın həcminin təxminən 1 milyard manat olacağını bildirdi.
Prezident İlham Əliyev çıxışında daha bir vacib məsələyə toxundu, iş adamlarına böyük tikinti layihələrini icra etmək üçün şəraitin yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verdi. Bununla yanaşı, dövlətimizin başçısı ipoteka bazarının səmərəliliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi ilə bağlı təkliflərin hazırlanmasını tapşırdı.
Son 10 ildə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu deyən Prezident İlham Əliyev bunu bütün beynəlxalq və maliyyə qurumlarının təsdiq etdiyini dedi, bu il ərzində Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problemin olmayacağına əminliyini ifadə etdi.
Hökumət üzvləri də müzakirələrdə çıxış etdilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər