Devalvasiya şoku marketlərdə “əriyir” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-12-2015, 09:02 | Şərh sayı: (0) | Baxılıb: 349
Devalvasiya şoku marketlərdə “əriyir”
Ərəstun Oruclu: “Azərbaycanda ictimai-siyasi sistemin bütün institutları sıradan çıxarılıb”
Manatın qəfildən kəskin devalvasiyası əhali üçün böyük iqtisadi zərbə oldu. İnsanlar əllərində olan maddi resursların 50 faizindən məhrum oldular. Lakin xalqın davranışı gözlənildiyindən fərqli oldu. Əhali bu durumdan nə qədər narahat olsa da, etirazını meydanlarda deyil, sosial şəbəkələrdə üsyan püskürməklə bildirdi.
Əllərində pulu olanlar isə qiymətlərin qaldırılmasını gözləmədən dükan-bazara axın etdilər. Paytaxtın ən iri marketlərində uzun növbələr yarandı. İnsanlar gündəlik ehtiyaclarından qat-qat artıq məhsul alaraq tədarük görməyə başladılar. Bunun qarşısını almaq üçün bir çox marketlər işıqları söndürüb, qapıları bağladı.
İnsanların bu cür davranışı cəmiyyət ekspertləri tərəfindən də birmənalı qarşılanmayıb. Əksər xarici ölkələrin, xüsusən də Avropa ölkələrinin təcrübəsinə nəzər salsaq, orada insanlar pensiyaların cüzi azalmasına və ya onların əleyhinə olan qərarlara dərhal küçələrə çıxaraq etiraz edirlər. Azərbaycanda isə insanlar etirazlarını ailədən, çayxana və sosial şəbəkələrdən kənara çıxartmırlar.
Sual yaranır ki, devalvasiya qərarından sonra insanlar niyə meydanlara yox, marketlərə üz tutdu?
“Yeni Müsavat”ın sualını cavablandıran politoloq Ərəstun Oruclu bildirdi ki, bu, insanların tipik davranış nümunəsidir və bu davranışı tətikləyən ictimai-siyasi səbəblər də az deyil: “Bu, cəmiyyətin tipik davranışıdır. Məsələn, devalvasiya qərarı verildi və insanlara xəbərdarlıq edildi ki, istehlak bazarı bahalaşacaq. İnsanlar bahalaşma başlamadan və ya pik həddə çatmadan əllərində olan vəsaitə uyğun olaraq daha çox ərzaq ehtiyatı toplamağa çalışdılar. Bu, tamamilə normal bir haldır. Fərd olaraq hər bir insanın baxış bucağından baxsaq, bu, təkcə Azərbaycan üçün xarakterik hal deyil. Məsələn, ABŞ-da Milad bayramı öncəsi ticarətdə yüksək endirimlərin həyata keçirildiyi ”qara cümə" adlanan bir gün var. Həmin gün malların qiymətində 70-80 faizə qədər endirim olur. Həmin gün insanlar bir sutka əvvəldən gəlib marketlərin qarşısında növbələrə düzülürlər. Bütün gecəni gözləyirlər və səhər ilk olaraq mağazaya girməyə çalışırlar. Bu zaman marketlərin qarşısında nələrin baş verdiyini yəqin ki, hər kəs bilir, hətta orada dava düşür.
Yəni bu təkcə Azərbaycan üçün xarakterik olan bir məsələ deyil. Mən deyərdim ki, bu hər bir ölkədə baş verir və insanların normal davranışıdır. Hər bir insan bugünkü real vəziyyəti, sabahkı məişəti haqqında düşünür və ilk növbədə marketlərə gedir. Ancaq bu marketlərdən alınan məhsullar, onlara xərclənən resurslar başa çatanda insanlar artıq başqa məsələlər haqqında düşünəcəklər. Növbəti mərhələdə onlar etiraz etməyə başlayacaqlar. Əvvəlcə bu passiv şəkildə baş verir. Bundan sonra həyat bir qədər də ağırlaşır və bu etirazlar qruplar arasına keçir. Ondan sonra hansısa siyasi, ictimai qüvvələr bu etirazları təşkilatlandırır və tədricən bu etirazlar küçə və meydanlara çıxır".
Digər xalqların təcrübəsini misal çəkən Ərəstun Oruclu bildirdi ki, müxtəlif millətlərdə cəmiyyət psixologiyası fərqlidir və bunun təkcə etnik deyil, ictimai-siyasi səbəbləri də var: “Azərbaycan xalqı hakimiyyətdən asılıdır. Çünki hakimiyyət insanlar üzərində nəzarəti həyata keçirir. Yunanıstanda və digər Avropa ölkələrində isə hakimiyyətə nəzarət xalqın əlindədir, onlar bu hakimiyyəti seçir. Yunanıstan Avropa ölkəsidir. Orada insanların hüquq və azadlıqlarını Azərbaycandakı qədər məhdudlaşdırmaq mümkün deyil. Səbəblərdən biri də budur. Bundan əlavə, həmin ölkələrdə xalqı təşkilatlandıran, meydanlara çıxaran partiyalar, təşkilatlar, müxalif qüvvələr var. Azərbaycanda isə ictimai-siyasi sistemin demək olar ki, bütün institutları sıradan çıxarılıb. Bunu edə biləcək güclü ictimai-siyasi potensialı olan qüvvə yoxdur”.
Ekspertin sözlərinə görə, Azərbaycanda da bir-iki aya insanların meydanlara çıxıb etiraz etməsi halları ola bilər: “İnsanlarda bu gün də qəzəb var. Əhali bir gündə 50 faiz yoxsullaşdı. Deyirlər ki, bu devalvasiya, bahalaşma daxili bazara təsir göstərməyəcək, lakin bu doğru deyil. Bunu o ölkə deyə bilər ki, onun güclü daxili istehsalı olsun. Azərbaycanda isə istehlak bazarı 70-80 faiz idxaldan asılıdır. Üstəlik, bu idxal monopolistlərin əlindədir. Həm də monopolistlər yaranmış situasiyadan daha çox qazanmağa çalışırlar. Məhz buna görədir ki, bir sıra malların qiyməti hətta 2 dəfə artıb. Ancaq insanların resursları yoxdur. Onlar zinət əşyalarını, hansısa qiymətli mallarını satıb ərzağa xərcləyə bilərlər. Bu isə bir-iki aydan artıq çəkməz. Unutmayaq ki, hazırda qış mövsümüdür, enerjidaşıyıcılarına, ərzağa tələbat çoxdur. Yay bazarı ilə qış bazarı eyni deyil. Bu proses haradasa mart ayında, fevralın sonunda özünü büruzə verəcək”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər