Prezidentdən fövqəladə bəyanatlar - Davosa hazır proqramla... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 16:15 | Şərh sayı: (0) | Baxılıb: 215
Prezidentdən fövqəladə bəyanatlar - Davosa hazır proqramla...
Dövlət başçısı İlham Əliyev son bir həftədə nazirlərlə ikinci toplantı keçirərək mühüm açıqlamalar verdi: böyük özəlləşdirmə başlayır...
Yanvarın 18-də prezident İlham Əliyev Nazirlər Kabinetinin ölkədəki iqtisadi-sosial vəziyyətə həsr edilmiş fövqəladə toplantısını keçirib. Bu, son bir həftədə prezidentin nazirlərlə keçirdiyi ikinci toplantıdır.
Dövlət başçısının yanvarın 10-dan sonra Nazirlər Kabinetinin fövqəladə toplantısını çağırması bölgələrdə sosial aksiyaların keçirildiyi bir vaxta təsadüf edir. İlk müşavirədən keçən qısa zamanda süni qiymət artımı ilə bağlı tədbirlər həyata keçirilib, unun qiyməti tənzimlənib, maliyyə bazarında sabitləşdirici addımlar atılıb, pensiya, maaşlar və qaçqınların müavinəti artırılıb, o cümlədən struktur islahatları başlayıb. Yanvarın 18-də keçirilən toplantı verilən mesajlar baxımından əvvəlki iclasın davamı da hesab oluna bilər.
Prezident çıxışında son bir ildə neftin qiymətinin 4 dəfə düşdüyünü, Azərbaycanın vəziyyətdən çıxmaq üçün addımlar atdığını deyib. İ.Əliyev ölkədə islahatların dərinləşməsinin vacibliyini vurğulayıb, bununla bağlı səslənən təkliflərin artıq icra olunmağa başladığını deyib. İlk növbədə insanların sosial müdafiəsi ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanılacağını deyən dövlət başçısı pensiya və əmək haqlarının 10 faiz qaldırılmasının bu istiqamətdə atılan önəmli addım olduğunu söyləyib.
Prezident çıxışında yenə də süni bahalaşmaya qarşı ciddi mübarizə aparılmasının əhəmiyyətini vurğulayıb, çörəyin və unun qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü xatırladıb.
Struktur islahatları ilə bağlı artıq müəyyən addımların atıldığını deyən İ.Əliyev bəyan edib ki, bu tədbirlər daimi olmalı, bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır.
Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyən dövlət başçısı bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub, Milli Məclisin bu gün keçiriləcək növbədənkənar sessiyasında məsələyə baxılacağını deyib.
Qeyri-neft sektorunun inkişafının prioritet olmasının vacibliyini bildirən İ.Əliyev Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu il 250 milyon manat güzəştli kreditlərin veriləcəyini, sahibkarların öz maliyyə resurslarını da nəzərə alaraq o zaman regionlara qoyulan investisiyanın həcminin təxminən 1 milyard manat olacağını bildirib.
Prezident çıxışında iş adamlarına böyük tikinti layihələrini icra etmək üçün şəraitin yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verib.
Nazirlər Kabinetinin toplantısında ən mühüm məsələ isə prezidentin beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, xarici borclanmaya gedilməsi və daxili borclanma üçün dövlət istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlı dedikləridir.
***
Hələ ötən toplantıdan sonra belə ehtimallar vardı ki, Azərbaycanın çətin iqtisadi vəziyyətdən çıxmaq üçün əsas variantlarından biri geniş özəlləşdirməyə qərar verməsidir. Təsadüfi deyil ki, ötən həftə Rusiyanın baş naziri Dmitri Medvedyev də deyib ki, neftin qiyməti kritik həddə ucuzlaşması səbəbindən dövlət müəssisələrinin özəlləşdirilməsi proqramı hazırlanır. Yəni iqtisadiyyatı neftdən asılı ölkələrin əsas çıxış yollarından birini böyük özəlləşdirmədə görür. Prezidentin özəlləşdirmə ilə bağlı anonsu Davos Forumundan bir neçə gün əvvəl verməsi də yəqin ki, təsadüfi deyil. Çünki prezidentin də iştirak edəcəyi Davos Forumunda iş dünyasının ən ünlü simaları, iri şirkət və korporasiya rəhbərləri də iştirak edəcək. Bu isə artıq onlarla ilk danışıqlar üçün mühüm bir açardır ki, prezident bunu elan etdi.
Virtualaz.org saytı yazır ki, böyük özəlləşdirmə proqramına daxil edilə biləcək dövlət səhmdar cəmiyyətləri arasında ilk növbədə “Azərenerji”, AZAL, “Azərsu”, “Azəristliktəchizat”, “Azəraliminium” kimi ASC-lər yer ala bilər. Çünki bu ASC-lərə ötən 10-12 il ərzində həm dövlət büdcəsindən, həm xarici kreditlər hesabına milyardlarla dollar investisiya yönəldilsə də, əsasən pis menecment ucbatından onların maliyyə səmərəliliyi çox aşağıdır. Bu ASC-lərin dövlət büdcəsi qarşısında milyardlarla manat vergi borcları yığılıb qalıb.
Prezidentin çıxışını “Yeni Müsavat”a şərh edən ekspert ehtimal edir ki, ola bilsin, söhbət mütləq şəkildə hansısa qurum və ya obyektlərin satılmasından getmir. Məsələn, “Azəriqaz” və “Azərelektrik”in səlahiyyətləri uzunmüddətli idarəetməyə verilə bilər. Çünki vaxtilə Bakının elektriklə təminatı “Barmek”ə verilmişdi. Sonradan bu qurum ləğv olundu, yenə dövlət bu işi öz üzərinə götürdü. Oxşar qaydada kommunal sferada uzunmüddətli idarəetmə və ən müxtəlif konsepsiya formalarından istifadə edərək özəlləşdirmə siyasəti həyata keçirilə bilər. SOCAR-ın tərkibindəki çoxlu sayda müxtəlif müəssisələrin satılması və ya özəlləşdirilməsi də mümkündür.
Habelə özəlləşdirməyə çıxarılacaq dövlət aktivləri arasında artıq başlamış struktur islahatları nəticəsində ləğv edilən dövlət təşkilatlarının inzibati binaları və əmlakı, onların balansında olan torpaq sahələri və s. yer ala bilər.
Azərbaycanın xarici borclarının aşağı səviyyədə olması qlobal iqtisadi böhranın fəsadlarını aradan qaldırmaq üçün hökumətə əlavə üstünlüklər vəd edir.
“Yeni Müsavat”da hələ ötən ilin sonunda Azərbaycanın iqtisadi böhran dövründə Qərblə daha intensiv, daha açıq siyasət yürütməsinin vacibliyini vurğulayan təhlillər yer almışdı. Həmin təhlillərdə xüsusi vurğulanırdı ki, Azərbaycan Qərbin pullarının toplandığı maliyyə mərkəzləri ilə daha intensiv danışıqlara başlamalı, təxirəsalınmaz iqtisadi islahatlar aparılmalı, qeyri-neft sektoruna Qərb investorlarını cəlb etməlidir...
“Yeni Müsavat”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər