Ekspertlər müxalifətin düşdüyü durumu şərh etdilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-12-2015, 12:01 | Şərh sayı: (0) | Baxılıb: 308
Ekspertlər müxalifətin düşdüyü durumu şərh etdilər
Natiq Miri: “Əgər siyasi partiyalar bu cür gözləyəcəklərsə, hələ çox gözləməli olacaqlar”; Fəzail Ağamalı:“Mitinq çağırışı olsa, Azərbaycan xalqı buna etiraz edəcək”
Ölkə müxalifəti devalvasiyaya görə etiraz aksiyaları keçirmək istəmir. Siyasi partiya rəhbərləri musavat.com-a açıqlamalarında bildiriblər ki, xalqı indiki halda küçəyə çıxarmaq böyük fəlakətlərə gətirib çıxara bilər.
Ekspert Natiq Miri məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, müxalifət gücsüzlüyünün fərqindədir: “Nəzərə almaq lazımdır ki, son iqtisadi çöküşlə bağlı Azərbaycanda bir neçə dəfə aksiya keçirilməsinə cəhd olundu. Bu yöndə həm AXCP, Milli Şura, həm də Müsavat Partiyası bir neçə dəfə cəhd etdi. Fikir verdinizsə, bu cür sosial etirazlarda kütləvilik təmin olunmadı. Ona görə ki, burada təkcə inamsızlıq faktoru rol oynamadı. Və eyni zamanda, bu prosesin hələlik sosial sifariş olmadığı üçün belə oldu. Hələlik, fikir verirsinizsə, sosial etirazlar son devalvasiya müqabilində yalnız lokal xarakter daşıyır. Düşünürəm ki, bir müddət cəmiyyətin dirənişini və ən azından etirazını nəzərə almaq və bir az gözləmək lazımdır. Çünki hər hansı bir indiki şəraitdə etirazın ortalığa çıxması və kütləviliyin təmin olunmaması düşünürəm ki, bütövlükdə proseslərə zərər verə bilər. Ancaq eyni zamanda, burada təkcə müxalifət partiyaları üçün əsas rol oynayan bu faktor deyil. Bu gün müxalifət partiyaları əsasən çox gücsüz vəziyyətdədir və kütləviliyi təmin edə biləcək bir siyasi durumda deyillər. Məhz buna görə bu gün siyasi partiyalar ortalığa çıxmaq, etirazları təmin etmək və buna öncüllük etmək imkanları yoxdur. Bu faktlar siyasi partiyaları müəyyən mənada çəkindirir. Kütləvilik təmin olunsaydı, uğurlu aksiyalar ən azından təmin olunmuş olsaydı, təbii ki, bu cür öncüllük müqabilində gələcəkdə sosial etirazlar təşkil etmək mümkün olardı. Ancaq bu gün siyasi partiyalarda bunun üçün əminlik yoxdur. Çünki gücsüzlüklərini bilirlər. Ona görə də düşünürəm ki, hələlik gözləmə mövqeyində dururlar. Düşünürlər ki, lokal etirazlar böyüyüb müəyyən mənada kütləviliyi ortaya çıxaracaqmı? Belə olacaqsa, sonra siyasi partiyalar ortalığa çıxmağı və hadisələrə öncüllük etməyi planlaşdırırlar. Əgər siyasi partiyalar bu cür gözləyəcəklərsə, hələ çox gözləməli olacaqlar”.
Ekspert vurğulayıb ki, müxalifətin gözləmə mövqeyi seçməsi doğru taktika deyil: “Düşünürəm ki, doğru deyil. Çünki ən azından siyasi partiyalar etirazlarını bildirməlidirlər. Söhbət ondan getmir ki, ölkənin daxilində hansısa daxili təxribatlar törətsinlər, yox. Söhbət ondan gedir ki, bu neçə ildə ən azından bugünkü vəziyyətdə hakimiyyətin və hökumətin hazırlıqları olmalı idi. Ancaq bu gün ortalığa çıxdı ki, Azərbaycan yalnız neft və qazın hesabına ayaqda dura bilib. Fikir verirsinizsə, neftin qiymətinin düşməsi ilə bağlı Azərbaycan büdcəsi, dövləti pis duruma düşdü. Son iki devalvasiya hadisəsi bunu bilavasitə göstərmiş oldu. Müxalifət partiyaları bu etirazı hakimiyyətə bildirməli, hakimiyyətdən bundan sonra atılacaq addımları tələb etməlidirlər. Ən azından, qeyri-leqal iqtisadi məsələlərin leqallaşdırılmaq istiqamətində hakimiyyətdən şəffaflıq tələb olunmalıdır. Eyni zamanda, iqtisadiyyatda olan monopoliyanın aradan qaldırılması üçün tələblər olmalıdır. Bu yöndə ən azı, tələblər siyasi partiyalar tərəfindən açıqlanmalıdır. Ancaq biz bunu görmürük”.
Deputat Fəzail Ağamalı isə bildirib ki, devalvasiyanın Azərbaycan dövlətinin iradəsindən kənar baş verməsi kimi hallar xalqımız tərəfindən düzgün qiymətləndirilir. Onun sözlərinə görə, müxalifətin bir qanadı bu məsələdə doğru mövqe tutur: “Bu, hər halda konstruktiv qanaddır. Dövlətçilik mövqeyində duran, dövlətçiliyimizin, müstəqilliyimizin qorunub saxlanılmasının vacibliyini dərk edən və öz imkanları ilə bu istiqamətdə fəaliyyət göstərən, imkanlar daxilində proseslərə təmkinli yanaşan müxalifət partiyaları var. Bunların açıqlamaları təbii ki, haradasa bir səmimi xarakter daşıyır. Müxalifətin bu cür qanadı var və təbii ki, onların söyləmiş olduğu fikirlər obyektiv fikirlərdir. Qaldı müxalifətin dağıdıcı, daha çox radikal xarakterli, ekstremist xarakterli qanadına, onların sadəcə olaraq, yaranmış olan situasiyadan istifadə etmək imkanları yoxdur. Çünki onlar Azərbaycan cəmiyyətində nüfuza malik deyillər, sosial dayaqları yoxdur. Əslində mən deyərdim ki, elə sosial dayaqların olmaması məsələsinin digər partiyalara da aid edim. Lakin yanaşmalarda bir az fərq var. Beləliklə, onlar məncə onun fərqindədirlər ki, Azərbaycan xalqı yaranmış olan situasiyanın Azərbaycan dövləti tərəfindən məcburən, zorən yerinə yetirilən bir addım kimi dəyərləndirir.
Çünki dünyada gedən proseslər, Suriya ətrafında alovlanan müharibə, neftin qiymətinin aşağı düşməsi, dünyanı bürüyən və getdikcə daha da ağırlaşan iqtisadi maliyyə böhranı, dollara yeni yanaşma və bu yanaşmanın birbaşa, əlbəttə ABŞ-ın strateji maraqlarına xidmət etməsindən doğan, dollar məkanında olan ölkələrin milli valyutasına təsiri və devalvasiyanın Azərbaycan dövlətinin iradəsindən kənar baş verməsi kimi hallar xalqımız tərəfindən düzgün qiymətləndirilir.
Ona görə də hər hansı etirazla bağlı çağırış olsa belə, Azərbaycan xalqı, onun mütləq əksəriyyəti bu cür çağırışlara çox etirazla, çox kəskin cavab vermək düşüncəsindədir. Bu, hər şeydən öncə Azərbaycan dövlətinə, ölkə prezidentinə inamdan irəli gələn bir yanaşmadır ki, Azərbaycan xalqı bu gün bu baxımdan öz iradəsini ortalığa qoyub. Partiyalar, istər radikal, istərsə də dövlətçilik mövqeyində duran konstruktiv müxalifət bütün bunları görür, başa düşür, dərk edir. Ona görə də həmin addımları atmırlar, mitinq, aksiya çağırışları etmirlər”.
Röya RƏFİYEVA
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər