İqtidara asi çıxan məmurların sayı arta bilərmi... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-12-2015, 09:01 | Şərh sayı: (0) | Baxılıb: 325
İqtidara asi çıxan məmurların sayı arta bilərmi...
Qabil Hüseynli: “Baş verən hadisələr çox diqqətlə nəzərdən keçirilməlidir və bunları doğuran səbəblərin kökünə qədər gedib çıxmaq lazımdır”
Başa çatmaq üzrə olan 2015-ci il hakimiyyətə asi çıxma hadisələri ilə də yadda qaldı. İlin birinci yarısı Azərbaycan iqtidarına qarşı diplomat üsyanı oldu. Səfir Arif Məmmədov Azərbaycan iqtidarına asi çıxaraq müxalifət mövqeyinə keçdi. Onunla bərabər bir neçə konsul da antiiqtidar mövqeyinə qoşuldular.
Yeni Azərbaycan Partiyasının qurucularından olan Eldar Sabiroğlu isə son aylarda hakimiyyətin yuxarı kürsülərində əyləşən iri ranqlı fiqurlara üsyan bayrağı qaldırdı. Bir neçə gün öncə isə onun Zərdab Rayon Prokurorluğunda müstəntiq işləyən oğlu Rüfət Səfərov prokurorluq orqanlarından istefa verdi. R.Səfərov işlədiyi struktura və ümumlikdə hakimiyyətə sərt ittihamlar yağdırdı və müxalifətə keçdiyini elan etdi. O, eyni zamanda bəyan etdi ki, məmur təbəqəsi sıralarında vəziyyətdən bezən çoxsaylı insanlar var.
R.Səfərovun bu açıqlaması onu deməyə əsas verirmi ki, hakimiyyətə asi çıxanların sayı arta bilər? Hakimiyyətə qarşı üsyan bayrağı qaldırma hallarının arxasında hansısa qaranlıq qüvvələr ola bilərmi?
Politoloq Qabil Hüseynli hesab edir ki, xaricdə işləyən diplomatların üsyankar mövqe ortaya qoymasının arxasında xarici qaranlıq qüvvələrin dayanmasından danışmaq mümkündür. Çünki həmin adamlara müxtəlif təminatlar vəd edilir, siyasi sığınacaqlar verilir və əvvəlcədən də bir növü öz ştatlarına götürülür: “Ölkə daxilində qaranlıq qüvvələrin fəaliyyət göstərməsinə isə şəraitin olmadığı qənaətindəyəm. Daxildəki proseslərdə, istefa verib hakimiyyətə qarşı çıxma hallarının arxasında hansısa qaranlıq qüvvənin, siyasi qüvvənin dayandığını təxmin etmirəm. Sadəcə olaraq, onlar ya özlərinin cəmiyyətdəki statuslarından narazıdırlar, ya da kimlərləsə şəxsi problemlərinin təsiri altında belə davranırlar. Məsələn, prokurorluq orqanlarından yenicə istefa verib müxalifətə keçdiyini bəyan edən oğlan Bakıda ondan qat-qat aşağı səviyyədə olan adamların paytaxtda daha yüksək yerlərdə, daha imtiyazlı yerlərdə vəzifələr tutduğunu söyləyib. Onun iddialarında həm də mövcud ictimai-siyasi durumla bağlı ittihamlar da geniş yer tutur. Hətta o öz ittihamlarında atasının mövqeyinə qarşı da çıxış edir. Bax, bu nöqteyi-nəzərdən, zənnimcə onun tutduğu mövqe daha çox müstəqil mövqeyə bənzəyir”.
Politoloq vurğuladı ki, vəzifəli bir şəxsin nədən narazı olduğunu başa düşmək bir qədər çətindir: “Düzdür, o, xalqın vəziyyətini daha çox qabardır, müxalifətdən daha çox müxalifətçilik etməyə çalışır. Bu saat ölkədə vəziyyət elədir ki, özümüzün daxili və xarici siyasətimizlə bağlı müəyyən dəyişikliklər etmək məcburiyyətindəyik. Çünki bizə həm xaricdən həmlələr olur, həm də son dövrlər əhalinin əhval-ruhiyyəsində də mənfiyə doğru müəyyən dəyişikliklərin olduğunu görməmək mümkün deyil. Belə bir vəziyyət bundan sonrakı mərhələdə istefa hallarının, iqtidara asi çıxma hallarının yaşana biləcəyi ehtimalını artırır. Mən bu dövləti sevən, dövlətçiliyimizin qorunub daha da möhkəmlənməsini istəyən adam kimi deyirəm ki, baş verən hadisələr çox diqqətlə nəzərdən keçirilməli və bu hadisələri doğuran səbəblərin kökünə qədər gedib çıxmaq lazımdır.
Mən bu fikri birbaşa o prokurorluqdan istefa verən müstəntiqin timsalında demək istəmirəm. Məsələ burasındadır ki, belə hadisələrin səbəbləri dəqiq araşdırılmasa və ədalətli yanaşma ortaya qoyulmasa, arzuolunmaz hallara rast gəlmək ehtimalı artır. Son devalvasiya hadisəsindən, MTN hadisələrindən, ABŞ-la münasibətlərdə gərginlikdən sonra belə hallar müşahidə edilməyə başlaya bilər. Ölkədə ciddi islahatlar davam etdirilməli və neqativ hallara qarşı kəskin mübarizə aparılmalıdır”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər