Bank sektorunda islahatlar başlayacaqmı? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 09:43 | Şərh sayı: (0) | Baxılıb: 290
Bank sektorunda islahatlar başlayacaqmı?
Dövlət başçısı bir daha bankların probleminə toxunub, problemlər ciddidir, ekspertlər çıxış yollarını sadalayır...
Devalvasiyadan sonra ölkə banklarının da durumu kritikdir. Artıq bəzi banklar filiallarını bağlayır. Ekspertlər isə ilin sonuna qədər əksər bankların bağlanacağının anonsunu verir. Həmçinin çıxış yolu kimi bankların birləşməsi də təklif edilir.
Fevralın 1-dən “Bank Respublika” üç rayonda filiallarını bağlayacaq. Bildirilir ki, filialların bağlanmasının səbəbi ölkənin maliyyə sistemində yaranmış vəziyyət, həmin filialların rentabellik və potensial baxımından aşağı səviyyədə olmasıdır.
Qeyd edək ki, yanvarın 10-da dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bankların probleminə toxunulub. İlham Əliyev bank sektorunda islahatların aparılması, özəl bankların ölkə iqtisadiyyatının inkişafında daha fəal iştirak etməsi ilə bağlı fikirlərini çatdırıb.
Qeyd edək ki, hazırda bankların birləşməsinin vacibliyini həm ekspertlər, həm bankirlər, həm də tənzimləyici qurum olan Mərkəzi Bank etiraf edir. Məsələnin ötən il dekabrın 25-də ölkənin banklarının rəhbərləri ilə keçirilmiş görüşdə də müzakirə olunduğu bildirilir.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında qeyd edib ki, problemin ciddiliyi hökumət tərəfindən diqqətə alınmalıdır: “Banklar birləşərkən tək aktivləri deyil, passivləri də birləşdirilir. Yəni ki, çox pis aktivləri olan, problemli kreditləri, xarici borcları olan bankların birləşməsinin əksinə, xeyri olmayacaq. Söhbət böyük və ayaqda duran bilən bankların kiçik bankları özünə birləşdirməsindən gedə bilər. Azərbaycanda da təəssüf ki, belə bank çox azdır, barmaqla sayılacaq qədər azdır. Ona görə də bankların bağlanması, tamamilə fəaliyyətini dayandırması da olacaq. İri bankların kiçik bankları özünə birləşdirməsi, təmərküzləşməsi pozitiv addım olardı. Sadəcə, bizdə problem odur ki, bütün bankların eyni tipli problemləri var. Yəni xarici borcları çoxdur, daxili kreditlərin yığılmasında problemlər var, problemli kreditlər həddindən artıq yüksək səviyyəyə çatıb. Bütün bunlar təbii ki, bankların ümumi durumunu pis vəziyyətə salıb. Ona görə də tək təmərküzləşmə ilə bu problemləri kökündən həll etmək mümkün olmayacaq. Daha ciddi addımlar atılmasına ehtiyac olacaq. Çünki bankrot olan, tamamilə sıradan çıxan bankları da görəcəyik. Çünki bank sektoru çox pis durumdadır. Əgər dövlətin gücü çatacaqsa, müəyyən banklara dəstək əli uzatmalı olacaq. Bunsuz problemi tam çözmək mümkün olmayacaq. Ya dövlət büdcəsi hesabına, ya Neft Fondu hesabına və yaxud da digər resurslar hesabına bank sisteminə müəyyən dərəcədə dəstək vermək lazım olacaq. Bu dəstək elə olmalıdır ki, keçmişdə olan yatırımlar kimi, böyük proqramlar kimi boşa getməsin. Bu dəstək proqramlarının heç olmasa ciddi effekti olsun. Bunun üçün isə ciddi ictimai nəzarətə, media nəzarətinə, hesabatlılığa ehtiyac var. Bunu edəcəklər, ya etməyəcəklər, bu, məsələnin ikinci tərəfidir”.
Ekspert Samir Əliyevin sözlərinə görə, ölkədə 40-dan artıq bank olsa da, bank sektorunun 90 faizdən çoxu 20-25 bankın payına düşür: “Bankların sayı yarıyadək azalmalıdır. Devalvasiya buna tələbatı gücləndirdi. Banklar birinci devalvasiyanın zərərindən çıxmadan ikincisi ilə üzləşdilər. Təkrar devalvasiya əksər bankların valyuta mövqeyini pozub, aktivlərini pisləşdirib və bank sektorunun zərərini artırıb. Birləşmə qaçılmazdır”.
Ekspert Vüqar Bayramov isə qeyd edib ki, ölkə iqtisadiyyatının həcmini nəzərə aldıqda, bankların sayı lazım olandan 1,5-2 dəfə çoxdur: “Bu amil likvidliyə təsir edir, onu azaldır. Banklar müştərilər qarşısında öhdəliklərini yüksək səviyyədə yerinə yetirə bilmirlər. Amma bankların birləşməsi inzibati yolla deyil, onları buna stimullaşdırmaqla, müəyyən güzəştlər vəd etməklə həyata keçirilməlidir”.
Əksər ekspertlərin fikrincə, indiki şəraitdə bankların birləşməsi getdikcə sürətlənəcək. Bankların birləşməsinin bazara müsbət təsir edəcəyi güman olunur. Bildirilir ki, bu, kreditlərin faiz dərəcələrinin aşağı düşməsinə də səbəb ola bilər. Mərkəzi Bank da ölkənin kommersiya banklarına birləşməyi tövsiyə edib. Bu məsələ baş direktor Rəşad Orucovun ötən il dekabrın sonunda bank rəhbərləri ilə keçirdiyi görüşdə müzakirə olunub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər