İkinci devalvasiya Azərbaycanda sosial partlayışa səbəb ola bilərmi? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-12-2015, 19:25 | Şərh sayı: (0) | Baxılıb: 370
İkinci devalvasiya Azərbaycanda sosial partlayışa səbəb ola bilərmi?
Ərəstun Oruclu: “Mövcud iqtisadi reallıqda hakimiyyət öz ənənəvi yanaşmalarını saxlamağa çalışsa, bu, çox pis nəticələrə səbəb olacaq”
Dekabrın 21-də Azərbaycan əhalisinə növbəti devalvasiya zərbəsi dəydi. Bu zərbə şiddətinə görə ötən dəfəkindən də ağır oldu və bir zaman şayiə kimi səslənən “1 dollar 1,5 manat olacaq” proqnozu özünü doğrultdu. Əhali ictimai şəkildə baş verənlərə etiraz etməsə belə, sosial şəbəkələrdəki, küçə və nəqliyyatdakı müzakirələrdən aydın olur ki, hamı narazıdır, hər kəs çıxılmaz vəziyyətdədir. Əsasən də, dollarla krediti olanlar borclarının artmasından, manatla depozitləri olanlar isə əmanətlərinin dəyər itirməsindən narazıdırlar.
Bundan əlavə bazarlarda qiymətlərin artması, xüsusən də, gündəlik tələbat məhsullarının bahalaşması insanları daha çox narahat edir. İri şirkətlər manatın ucuzlaşması ilə böyük itkilərə məruz qaldığından işçilərin ixtisarı məsələsi gündəmdədir. İnsanlar həm də iş yerlərini, əmək haqlarını itirmək təhlükəsi ilə üz-üzədirlər. Bir sözlə, cəmiyyətdə “fırtına öncəsi səssizlik” hökm sürür.
Ekspertlərin fikrincə, sosial-iqtisadi durumun pisləşməsi, cəmiyyətdə sosial partlayışa səbəb ola bilər.
Politoloq Ərəstun Oruclu musavat.com-a açıqlamasında qeyd etdi ki, hökumət daxili bazarın bahalaşmasının qarşısını ala bilməsə, sosial partlayışın baş verməsi qaçılmaz olacaq: “Dekabrın 21-də baş verən proses gözlənilən idi. 6 gün öncə mən mətbuata açıqlama verərkən bildirmişdim ki, bu ilin sonuna qədər biz növbəti devalvasiya dalğası ilə üz-üzə qalacağıq və bu, baş verdi. Burada hər hansı qeyri-adilik yoxdur. Çünki, ölkənin iqtisadi durumu bunu şərtləndirirdi. Bundan sonra sosial partlayışın olub-olmaması hakimiyyətin davranışından asılıdır. Hakimiyyət daxili bazarın bahalaşmaması üçün tədbirlər görməlidir. Ancaq daxili bazarda bahalaşma qaçılmazdır. Çünki, Azərbaycanın istehlak bazarı tamamilə idxaldan asılıdır. Bu sahədə bahalaşmanın qarşını almağın yeganə yolu gömrük sistemini əsaslı şəkildə dəyişməkdir. Yəni, gömrük rüsumlarını neytrallaşdırmaq, oradakı korrupsiya hallarını aradan qaldırmaq, əlavə vergi yığımlarının qarşısını almaq lazımdır. Yəni, bu addımlar atılsa, bazarda qiymətlər nisbətən sabitləşə bilər. Bu, əhalinin geniş təbəqələrində etirazların qarşısını alar. Yox, əgər, mövcud iqtisadi reallıqda hakimiyyət öz ənənəvi yanaşmalarını saxlamağa çalışsa, bu, çox pis nəticələrə səbəb olacaq”.
Politoloqun sözlərinə görə, sosial partlayışın baş verməsi təqribən gələn ilin mart-aprel ayılarında gözləniləndir: “Yəni, yaxın bir-iki ayda nə isə baş verməyəcək. Çünki, insanlar bu bir-iki ayda əllərindəki resursları xərcləməklə məşğul olacaqlar. Bu resurslar isə cüzidir, bir neçə aya çatacaq. Sosial partlayış çox təhlükəlidir. Ona görə ki, ölkədə baş verəcək iğtişaşları, etirazları idarə edəcək siyasi qüvvə yoxdur. Əhalinin etimadını qazanmış, onun yanında olan, xalqı arxasınca apara biləcək elə bir real siyasi qüvvə Azərbaycanda yoxdur ki, bu halda prosesləri idarə edə bilsin. Bu səbəbdən də sosial partlayış baş verərsə, ölkədə spontan xaos yarana bilər ki, bu da hakimiyyət üçün təhlükəli bir variant ola bilər”.
Nərgiz LİFTİYEVA,
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər