Müxalifət iqtidarla anlaşıb? - gözlənilməz İDDİA |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 14:24 | Şərh sayı: (0) | Baxılıb: 245
Müxalifət iqtidarla anlaşıb? - gözlənilməz İDDİA
Ölkə müxalifəti son situasiyada qeyri-kafi qiymət aldı
Qabil Hüseynli: “Müxalifətin ciddi problemləri var”
Ötən ayın sonlarından başlayan və hazırda davam edən devalvasiya fonunda müxalifətin susqunluğu bir sıra müdhiş iddiaların meydana çıxmasına səbəb olub. Belə iddia olunur ki, müxalif düşərgə ilə ölkə iqtidarı arasında gizli sövdələşmə olduğundan, demokratik düşərgə son bir ayda susmağa üstünlük verdi.
Müxalifət liderlərinin bağlı qapılar arxasından verdikləri bəyanat, açıqlamalarla öz varlıqlarını göstərmək cəhdləri müəyyən mənada bu iddiaların əsaslı ola biləcəyi ilə bağlı ehtimalı gücləndirir. Təsadüfi deyil ki, son 23 ildə ilk dəfə olaraq, demokratik düşərgə bu cür problemlərdə xalqın yanında olmadı. Bu da istər-istəməz bəzi suallar yaradır.
Hətta iş o yerə çatıb ki, müxalifət son günlərdə bölgələrdə baş verən məlum hadisələrlə əlaqəsinin olmadığını sübut etmək üçün dəridən-qabıqdan çıxır. Bütün bunlar qorxudanmı, yaxud gizli sövdələşmənin olmasındanmı irəli gəlir, bilinmir. Məsələnin görünən tərəfi odur ki, ölkə müxalifəti son situasiyada qeyri-kafi qiymət aldı.
Vaxtı ilə dövlət müşaviri işləmiş, bir müddət müxalifətin rəhbərliyində təmsil olunmuş politoloq Qabil Hüseynli hesab edir ki, nə iqtidar, nə də müxalifət bu cür sövdələşməyə getməz: “İndiki şəraitdə müxalifətin susqunluğunun bir çox səbəbləri var. Bunun başında müxalifətin zəifliyi və pərakəndəliyi durur. Hər hansı bir işbirliyində müxalifətçilər siyasi inteqrasiyaya getmək haqqında düşünmürlər. Sıraları da kifayət qədər seyrəkləşib. Rayonlarda vətəndaşlar etiraza qalxarkən, hakimiyyətin güc strukturları asanlıqla onları sakitləşdirə bildilər. İqtidar bu məsələlərdə daha çox təbliğati gücündən istifadə etməyə çalışır. Deputatlar bölgələrə göndərilir, icra başçıları vətəndaşları qəbul edirlər. Hökumət ustalıq nümayiş etdirir, əhalinin narazılığının artmasına imkan vermir, daha çevik hərəkət edir. Nəticədə etiraz dalğasını sakitləşdirə bilir”.
Q.Hüseynli müxalifətin hələ də ortaya əsaslı bir iş qoymadığını da qeyd etdi: “Müxalifət liderlərindən olan Pənah Hüseyn “Azərbaycan Naminə” Alyans ətrafında birləşməyi təklif edib. Amma, bu, müxalifət daxilində lazımi rezonans doğurmur. Digər müxalifət nümayəndələrinin də ciddi problemləri var. Göründüyü kimi, müxalifət ortaya əsaslı bir iş qoya bilmir. Sanki insanların yorulduğunu və gücdən düşdüyünü anlayırlar. Üstəlik, daxili problemləri də başdan aşır. Məsələn, AXCP daxilində ikitirəlik var. Qeydiyyat məsələsi kimi ciddi problem hələ də öz həllini tapmayıb. Müsavatın daxilindəki ikitirəlik də davam etməkdədir. Digər partiyalar isə, demək olar ki, heç bir işlə məşğul olmurlar. Ortada bir say keyfiyyətləri də yoxdur. Başlarını güclə girələyirlər. Düşünürəm ki, indiki müxalifətlə nəyəsə cəhd etmək, siyasi proses yaratmaq uğursuzluqla nəticələnər. Onların fəaliyyətləri də indiki şəraitdə ciddi səmərə verməz”.
Cavanşir ABBASLI,
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər