Qorxulu ssenaridən xilas yolu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 14:16 | Şərh sayı: (0) | Baxılıb: 281
Qorxulu ssenaridən xilas yolu
Daha heç nəyi gizlətməyin yeri yoxdur. Vəziyyətin yaxşı olmadığını hər kəs bilir. Ölkədə böhranın olduğunu inkar etmək də çıxış yolu deyil. Ancaq eyni zamanda “biz vaxtilə filan sözü demişdik” məzmunlu çıxışları, qıcıqlandırıcı, sərt reaksiya doğuran fikirləri də kənara qoymaq, vəziyyətin yaxşılığa doğru dəyişməsinə təkan verə biləcək addımlar atmaq lazımdır.
Bölgələrdəki etirazların ardınca sosial şəbəkələrdə Bakı və Sumqayıtda da aksiyaların keçiriləcəyi, hətta “üsyan” olacağı ilə bağlı xəbərlər yayılmaqdadır. Ən təhlükəlisi odur ki, bu aksiyaların təşkilatçısı yoxdur, kortəbii keçirilir, hansısa siyasi qüvvə burada flaqman rolunda çıxış etmir.
Hakimiyyətin ayrı-ayrı partiyaların rəhbər şəxslərinə aksiyalara qatılmamaqla bağlı xəbərdarlığı da çıxış yolu deyil. Bir mərkəzdən idarə olunmayan aksiyaların fəlakətli sonluqları ola bilər, təhlükə budur!
Xüsusilə də müxalifət düşərgəsi seyrçiliyə son verib fəaliyyətə başlamalıdır. Əgər mövcuddursa... Söhbət heç də kütləvi etiraz aksiyalarından getmir. Hərçənd bu da bir variantdır. Kütlənin pərakəndə, başıpozuq aksiyalarındansa, başında sivil müxalifətin dayandığı idarəolunan etirazlar həm hakimiyyət, həm də bu dövlət üçün daha məqbul variant olardı. Aksiyanın gedişində müxalifət liderini çağırıb onunla danışmaq, xəbərdarlıq etmək olur, ancaq meydana elə radikal qüvvələr çıxa bilər ki, söz belə eşitməz.
12-13 yanvarda rayonlardakı qəzəbli kütlənin qəfildən küçələrə axışmasından kimlərsə sevinməsin. Evində çörəyi olmayan, küçəyə əlində çapacaqla çıxan adam çox qorxuludur. Bu kimi spontan aksiyaların Orta Şərqdə nələrə gətirib çıxartdığını hamımız görməkdəyik. İndi daha rejimə qarşı mübarizənin arxa pana keçdiyi Suriya beynəlxalq güclərin poliqonuna çevrilib, kim ordan keçirsə, İŞİD-i bəhanə edib bombasını atır, dinc insanlar məhv olur, qaçqınlıq, səfalət, göz yaşı... Odur ki, baş verən fəlakətləri gözümüzün qabağına gətirib maksimum ehtiyatlı davranmalıyıq. Azərbaycanı qana sürükləyənlərə “yox” deməliyik!
Hərçənd hələ də öz məsuliyyətini dərk etməyənlər var: xalqın dərisini soymağa hazır sahibkardan tutmuş, camaata “köpək oğlu” deyə xitab edən başçıya qədər. Belələri başa düşmür ki, hər an hansısa qüvvələr Azərbaycanda çox qorxulu ssenariləri işə salmaq üçün ehtiyatsız ifadə və hərəkətlərdən istifadə edə bilər.
Bəli, bu gün ölkədə problemlər var, işsizlik artır, məmur özbaşınalığı o həddədir ki, hətta ölkənin başçısı da bunu etiraf edir. Lakin bu problemləri küçədə həll etmək sadəcə mümkünsüzdür. Ona görə də Pənah Hüseyn demişkən, soyuq başlar və cəsarətli ürəkləri birləşdirilməsi zamanıdır.
Müxalifətin beyin mərkəzləri bir araya gəlib elə müstəqil ekspertlərin, hətta hakimiyyət təmsilçilərinə dəvətlər göndərməklə vəziyyəti ciddi təhlil edə, ortaya konkret mövqelər qoya, hökumətə rəsmən dəstəyini ifadə edə bilər. Ayrı-ayrı partiyalardan təkliflər verilib, ancaq daha yaxşı olar ki, ümumi düşərgənin adından iqtidara şərti adı “xilas formulu” olan bir paket təqdim olunsun. Artıq hakim düşərgə də bir ay əvvəlkindən fərqli olaraq belə təşəbbüslərə mənfi münasibətdə deyil, “müxalifətçilər də bu ölkənin vətəndaşlarıdır”, “təkliflərini versinlər, müzakirə edək” deyirlər.
Belə mövqelərin qarşılığında müxalif düşərgə də hərəkətə keçməlidir, “bu gün tezdir, sabahsa gec ola bilər” prinsipi ilə davranılmalıdır. 81 yaşlı baş naziri olan hökumətdən islahat gözləməyi mümkün saymayanlar da haqlıdır. Ancaq inkar edirsənsə, alternativ qoy ortaya. Elə isə buyursunlar, daha gənc komanda ilə Nazirlər Kabinetinə nümunə göstərin, hər gün bir partiyanın qərargahında toplaşın, iqtisadi komandanızın təşəbbüslərini ictimaiyyətə təqdim etsinlər…
Ətrafa baxaq, qonşularımızda da vəziyyət yaxşı deyil. Türkmən manatı, qazax təngəsi, rus rublu, gürcü larisi, türk lirəsi, erməni dramı da dollar qarşısında çöküb. Ancaq hələ ki, Azərbaycan əhalisinin 33 faizi aclıqdan əziyyət çəkən Tacikistana yardım edən ölkələr arasındadırsa, demək vəziyyətimiz kritik deyil. Bizim hələ 40 milyardlıq ehtiyatımız var, acından öləcək vəziyyətdə deyilik. 90-cı illərdə də çörək növbələri var idi. Yadımdadır, tələbə yoldaşlarımla hətta icra hakimiyyətinin yeməkxanasında borş sifariş eləsək də, çörək olmadığından bazara gedib qurumuş çörək tapdıq, sevincək qayıdıb borşumuzu yedik. Növbələr də ki, öz yerində...Bu gün o durumda deyilik, amma 90-cı ildəki qədər sabaha inamlı deyilik, problem bundadır. İnamsız adamın əlində intihar etmək, qonşusunu öldürmək, üsyana qalxmaq çətin deyil. Cəmiyyəti konkret addımlarla sabahın yaxşı olacağına inandırmaq lazımdır.
“MTN işi” sübut etdi ki, hətta hakimiyyətin daxilində də bu dövləti sarsıtmaq, xalqa ağır zərbələr vuran, ölkədə iqtidar-xalq çatışması salmaq istəyən qüvvələr varmış. Kim bilir, bəlkə hələ ifşa olunmayanlar da var, bəlkə onlar hansısa laboratoriyalarda hazırlanmış ssenarilərin icraçılarıdır, bu xalqı üsyana sürükləməyə məqam gəzirlər. Aksiyalarla bağlı keçirilən həbslər bu dəfə yalnız müxalifəti deyil, yerli hakimiyyət nümayəndələrini də əhatə edir. İlk dəfədir ki, belə bir hadisə ilə qarşılaşırıq. Bunun özü ciddi və düşündürücü olaydır.
İş və çörək tələbilə küçələrə çıxmış sadə xalqın etirazlarından bir gün hansısa qüvvələrin maraqları üçün istifadə olunmayacağına kim zəmanət verə bilər? Heç kim. Əmin olun, məkrli niyyətləri olanlar üçün bayrağın, dövlətin dəyəri yoxdur, onlar öz məqsədləri üçün istənilən fəlakətlərə gedərlər.
Odur ki, hər birimiz məsuliyyətimizi dərk etməliyik. Fərqi yoxdur, iqtidar, ya müxalifət, fəhlə, ya kəndli, deputat, ya sahibkar olsun, hər kəs vəziyyətin ciddiliyini nəzərə almalıdır. Müstəqil dövlətin boş qalan büdcəsini bir gün doldurmaq olar, amma itirilən müstəqilliyi bərpa etmək üçün bəzən əsrlər lazım olur, qarşıdurmada itirilən insanları isə bir daha geri qaytarmaq mümkünsüzdür. Müstəqilliyimizin və bir-birimizin qədrini bilək! Biz vətəndaş qarşıdurmalarını ən yaxın tariximizdə görmüşük, o ağrıları yaşamışıq, Qarabağı həm də buna görə itirmişik...
Kimlərsə vəziyyətin hakimiyyət dəyişikliyinə aparıb çıxaracağını düşünürsə, sadəlövhlük edir. Müxalifətin olan-qalan qüvvələri ən yaxşı halda məhz bu hakimiyyətin ölkəni böhrandan çıxarmağa sövq etməlidir. Əgər bu xalqın və dövlətin taleyini düşünürsə. Qoy komandada ciddi islahatlar olsun, gənc, enerjili kadrlar gəlsin, ASAN xidmətdəki məmurlar hökumətə transfer olunsun və zəhmət çəkib ölkəni vəziyyətdən çıxartsınlar.
Qərbdən Azərbaycana sanksiya təhdidləri də ortadan qalxmayıb. Ölkəmizə tələ quranlar çox istərdi ki, Azərbaycan qarışsın, hakimiyyət vətəndaşlara qarşı sərt tədbirlərə başlasın və “Azadlığı müdafiə aktı” adında növbəti sanksiya qərarları qəbul olunsun. Odur ki, iqtidar da ehtiyatlı davranmalıdır. Əgər onun müdafiəçilərindən biri Zahid Oruc da bu gün xalqı narazı salan məmurun yox, xalqın yanında olduğunu bəyan edirsə, bu, çox yaxşı haldır. Belə nümunələrin sayı çox olarsa, fəlakətlərdən qaçmaq çətin olmayacaq.
Dünənə qədər xalq seçirdi, saxtakarlar dövriyyəyə girsə də. Bu gün xalqı - korrupsiyaya, rüşvətə, inhisara, bahalığa, yoxsulluğa, işsizliyə “yox” deyənləri seçmək məqamıdır. Əmin olun ki, bu xalq aza qane olandır, gözü toxdur, sadəcə bir balaca diqqət göstərmək, sayğılı davranmaq bəs edər. Bu gərgin günlər də ötüb keçəcək, bu keçidi elə adlayaq ki, sonra bir-birimizdən utanmayaq, itirdiklərimizə görə heyfslənməyək...
Musavat.Com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər