Köhnə film, təzə janrda |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 14-01-2016, 20:01 | Şərh sayı: (0) | Baxılıb: 365
Köhnə film, təzə janrda
Aparılan siyasət göstərir ki, 23 illik hakimiyyət dönəmi yapistləri tam özlərindən arxayın edibdir. Yenə də rayonlarda bahalaşmaya etiraz edənləri müxalifətlə əlaqələndirdilər.
Lənkəranda artıq Müsavat və AXCP rayon təşkilatı sədrlərinin hər birinə 1 aylıq inzibati həbs cəzası veriblər. Siyəzən etirazlarını da yapist deputatlardan biri Müsavat Partiyası ilə bağlamağa cəhd göstərib. Şübhə yoxdur ki, başqa rayonlarda da bu cür cəhdlər edəcəklər. Elə dünən baş prokurora növbəti medalın verilməsi nə qədər onun ad günü ilə bağlı olsa da simvolik sayılmalıdır. Axı uzun illərdir xalqa və etirazçılara qarşı tikilən torbaların dərzilərindən biri bu şəxsdir. Uzun illərdir onun hazırladığı və məhkəmələrin, sadəcə, möhürlədiyi işlər Avropa Məhkəməsində Azərbaycanı biabır eləməklə məşğuldur.
Bəs sistemin başqa yolu varmı? Təbii ki, yoxdur. Biz burda özümüzü nə qədər gücə salıb hansısa iqtisadi mexanizmlər, hansısa islahatlar təklif eləsək də hakimiyyət bunları etməz. Çünki bunları etsələr gərək hakimiyyətdən getsinlər. Gərək başqa sivil dünya dövlətlərindəki kimi, bizdə də seçkilər olsun, hakimiyyətlər bir-birini əvəz eləsin. Bunlar isə özlərini əvəzedilməz sayırlar. Uzun illərin təcrübəsi ilə bu fikrə gəliblər. Prinsipcə, son çağlara qədər belə də görünürdülər. Etiraf edək ki, Azərbaycan xalqı bu uzun illərdə ortaya bir babat, güclü alternativ qoya bilmədi. Qoymuş olsaydı həmin alternativ indi hakimiyyətdə olardı. Yoxdursa, deməli, olmayıb. Sadə izah budur. Türmələrdən keçən yüzlərlə insan da çox az idi. Qəddar, sevmədiyim bir müdrik fikirdə deyilən kimi: “İstisnalar ümumini inkar eləmir”.
Mən indiki etirazların da hansısa alternativ təklif olmasını düşünməkdən uzağam. Təəssüf ki, bu, bahalaşma əleyhinədir, bir növ qarın davasıdır. Və tarixən bu dava davaların ən pislərindən biridir. Hər bir tərəf üçün pisdir. İtirməyə zəncirdən başqa heç nəyi olmayan proletariat üçün onsuz da pisdir. Ona qarşı repressiya edən sistem üçün də sonra pis olur. Bunu ora-bura yozmağın mənası yoxdur - ortada tarixin dərsləri var.
Bir neçə il qabaq Müsavat başqanı İsa Qəmbəri Lənkərana getməyə qoymadılar, öyrədilmiş adamlar onun maşınını daşa basdı. İndi həmin adamlar niyə yoxdur? Neft pulunu, “zəhmətkeş” ştatında çalışmaq ödəncini ala bilmirlər. Yaxud kim olmasa da biz yaxşı bilirik ki, Füzuli rayonunda müxalifət çox zəif idi. O cümlədən Siyəzəndə. Siyəzən müxalif fikri yalnız son bir ildə Elza Seyidcahanın sayəsində eşitmişdi. Ağcabədidə bir aralar siyasi partiyaların yerli şöbələri ümumiyyətlə məhv edilmişdi. Ancaq camaat bu ərazilərdə qalxdı. Deməli, səbəb siyasi deyil. Səbəb hakimiyyət davası deyil, bu cür yozanlar ən böyük xəyanətkarlardır, xalqın düşmənləridir - rejimin diliylə desək. Səbəb yalnız sosial vəziyyətin ağırlığıdır.
Rayon icra hakimiyyəti başçılarının və deputatların reaksiyası da ortalıqda heç bir planın, proqramın olmadığını göstərir. Hər ağızdan bir avaz gəlir. Hətta bir iqtidar deputatı məmurları Alp dağlarında xizək sürməkdən çəkinməyə çağırmışdı! Təsəvvür edin. Alp dağları... Nəyə işarə vurur? Kimə söz atır?
Yaxud bəzi icra başçıları etirazçılara un paylayır, biri isə unun qiymətini salıb. Haçana qədər? Qabaqkı vaxtlar deyil, kisənin ardı gəlmir, əksinə, kisə deşilib, neftin qiyməti daha da düşür. Üstəlik, xalq öyrəncəli olacaq, un qurtaranda yenə istəyəcək. Başqa rayonlar da tərpənib ucuz un istəyəcək.
Açığı, mən özüm şəxsən bu dəqiqə siyasətə qarışmıram. Müxalifəti də səsləyirəm, qoy onlar orda-burda gizlənib heç ortalığa çıxmasınlar. İqtidar bilər, xalq bilər. Necə deyərlər, “İqtidar-xalq, xalq-iqtidar birliyi əbədidir, daimidir, dönməzdir!”. Qətiyyən qarışmayın, bu “yeyib doyanlarla” ac qarınların davasıdır. Araya girənin yeyilmək ehtimalı böyükdür.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər