Qəzetlər yerli məhsuldursa |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 14:57 | Şərh sayı: (0) | Baxılıb: 271
Qəzetlər yerli məhsuldursa
Yaxud “Ac qılınca çaparsa...”
Azərbaycanda qiymət etirazları başlayıb. Hələlik özünü bölgələrdə göstərən, lokal xarakter daşıyan və kütləviliyi olmayan aksiyaların getdikcə böyüyüb mütəşəkkil şəkil almayacağına kimsə zəmanət verə bilməz. Heç Bzejinskinin özü də bunu proqnoz edə bilməz.
Çox şey sözsüz ki, spontan etirazlara yerli və mərkəzi hakimiyyət orqanlarının nə dərəcədə çevik və ölçülü-biçili reaksiya verəcəyindən asılı olacaq. Əgər ənənəvi olaraq səbəblər qoyulub nəticələrlə mübarizə aparılacaqsa, əsas tələblər kamifuljay və ya qulaqardı edilib olaylarda yenə mifik “təxribatçı, ekstremist ünsürlərin” izi axtarılacaqsa, situasiya təbii ki, qəlizləşməkdə davam edəcək.
Hələlik bunun əksini söyləmək çətindir. Belə görünür, hökumət qurumları bu qəbildən hadisələrə köhnə formada, ənənəvi üsullarla reaksiya vermək fikrindədir. Vəziyyətin ən qorxulu özəlliyi isə odur ki, insanları küçəyə artıq dolanışıq problemləri çıxarır, tutaq ki, hansısa siyasi şüarlar, müxalifət, Qarabağ məsələsi yox.
Müxalifət ümumiyyətlə, bu proseslərdə yoxdur, gözə dəymir. Bunun Azərbaycanın maraqları baxımından əslində ziyanı var. Çünki “Ac qılınca çapar” deyib atalar. Hər necə olmasa, müxalifət ictimai-siyasi proseslərin ekssessiz, konstitusion məcrada getməsini təmin edən, kütlə dağıdıcılığını önləyən və xalqla hökumət arasında bufer rolu oynayan mühüm faktorlardandır.
Əfsus ki, hakimiyyətin apardığı siyasət nəticəsində ölkədə demokratik müxalifətin fəaliyyət imkanları minimuma enib. Nəticə etibarilə iqtidar faktiki surətdə bilavasitə narazı və qəzəbli xalqla üz-üzə qalmış durumdadır. Bu xalq isə qəzəbini hələlik içində boğur - öz-özünə, evində, yolda gedə-gedə danışır, deyinir. Ancaq özünüqoruma instinkti nə vaxtsa onu özündən çıxara da bilər.
Bütün variantlarda vəziyyət hökumətdən ekstraordinar və təcili qərarlar tələb edir. Həm də o səbəbə ki, iqtisadçı ekspertlərə görə, neftin qiymətində daha ciddi enmələr ola bilər - qiymət hətta 10 dollara kimi düşə bilər. Bu isə büdcəsi də, manatı da neft asılılığında qalmaqda davam edən bir dövlət üçün qat-qat ağır sonunclara gətirə bilər.
Hər halda, təhlükəni gözləməkdənsə, ona qarşı getmək daha ağıllı gediş sayılır. Hökumətin strategiyası da bunun üzərində qurulmalıdır. Yoxsa ki, “süni qiymət artıranlarla” mübarizə ilə vəziyyətdən çıxmaq mümkün olmayacaq. Zira, iqtisadiyyatın, biznesin, ticarətin, azad bazarın öz qanunları var və onlar hər yerdə, o cümlədən Azərbaycanda da dəyişməzdir.
Hələ onu demirik ki, “süni qiymət artımı” anlayışının özü əksər hallarda şişirdilir. Məsələn, tez-tez eşidirik ki, xaricdən gətirilməyən, Azərbaycanda istehsal olunan məhsulların qiyməti qalxmamalıdır. Absurddur. Niyə?
Ona görə ki, ölkədə tutaq ki, pomidor-xiyar yetişdirən, heyvan-toyuq-cücə saxlayan yalnız pomidor-xiyarla, toyuqla qidalanmır. Onun ayrı qayğıları da var axı; şəkər tozuna, kərə və bitki yağlarına, kartof-soğana, çörəyə və yaxud pal-paltara, zəruri məişət avadanlıqlarına ehtiyacı var - hansıların ki, qiyməti idxalla əlaqədar dərhal qalxıb, o cümlədən ərzaq unu bütünlüklə xaricdən (Rusiya, Belarus, Qazaxıstan) gətirildiyi üçün çörək də avtomatik bahalaşıb. İndi bu bahalıqla ayaqlaşmaq üçün olan-qalan yerli fermer, ticarətçi bədbəxt nə etməlidir? Cavab öz-özlüyündə aydındır.
Və ya intellektual sahəni götürək: “Yeni Müsavat” qəzeti də ölkədə çıxan məhsullardandır, çap məhsuludur. Ancaq artıq nəşriyyat çap xərclərini 25% qaldırıb. Qəzet kağızının qiyməti devalvasiyadan əvvəlki qiymətlə müqayisədə 400 manat bahadı. Hətta bu artım olmasaydı belə, qəzetin satış qiymətini artırmaq qaçılmaz olacaqdı. Niyəsinə bir abzas yuxarıda toxunuldu.
O ayrı məsələ ki, bahalaşma da əsaslandırılmış, ədalətli olmalıdır. Bunu isə artıq nə fermer, iş adamı, qəzet redaksiyası müəyyən edir, nə də hökumət. Yalnız azad bazar, azad iqtisadi rəqabət mühiti müəyyənləşdirir.
Azərbaycanın ən böyük dərdi də elə budur - belə bir bazarın, mühitin yoxluğu.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər