İqtidar düşərgəsi Obamanın dəvətinə sevinir, bəs müxalifət? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 09:25 | Şərh sayı: (0) | Baxılıb: 261
İqtidar düşərgəsi Obamanın dəvətinə sevinir, bəs müxalifət?
Pənah Hüseyn: “Əgər dəvət olmasaydı, bunu mənfi jest kimi dəyərləndirmək olardı”; İqbal Ağazadə: “Çox istərdim ki, Azərbaycanla ABŞ-ın münasibətləri çox sıx olsun”
Əli Əliyev: “Dünya liderinin sözlərini eşitməmək nə bu iqtidara, nə də Azərbaycana heç bir fayda verməz”
ABŞ prezidenti Barak Obamanın Azərbaycan prezidenti İlham Əliyevi aprel ayında Vaşinqtonda keçiriləcək 4-cü Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsi iqtidara yaxın dairələrdə sevinclə qarşılanıb. Müxalifət düşərgəsinin bu hadisəni necə dəyərləndirilməsini araşdırdıq.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, Barak Obamanın dəvəti həm protokol dəvətidir, həm də Azərbaycan hakimiyyətinə bir münasibət göstəricisidir: “Bundan böyük ajiotaj və bayram düzəltməyin də mənası yoxdur. Çünki görüşlər heç də həmişə ürəkaçan formada olmaya da bilir. Xüsusilə bu dəvət Konqresin Helsinki Komissiyasının qəbul etdiyi məlum qanun layihəsindən əvvəl olub. Məhz bundan sonra Azərbaycan hökumətinə sanksiyaları nəzərdə tutan qanun layihəsi ortaya çıxıb, həmçinin ”Maqnitksi qanunu"nun tətbiq olunması ilə bağlı iddialar səslənir. Hər halda hesab edirəm Obamanın dəvətinin müsbət pozitiv tərəfi o ola bilər ki, prezident ABŞ-a səfəri öncəsi bəzi müsbət addımlar ata bilər. Xüsusilə siyasi məhbus məsələsində addımlar atıla bilər. Mən çox istərdim ki, Azərbaycanla ABŞ-ın münasibətləri çox sıx olsun. Çünki biz zatən üzümüzü Qərbə çevirmişiksə, Qərb dəyərlərinin hakim olmasını istəyiriksə, Azərbaycanın təcrid olunması müsbət heç nə vermir. Ona görə də çox istərdim ki, təkcə Nüvə Sammiti çərçivəsində yox, bütün dönəmlərdə münasibətlər isti olsun".
AXP sədri Pənah Hüseyn isə dedi ki, Nüvə sammiti kimi tədbirlərə bir qayda olaraq çoxlu sayda dövlətlər dəvət olunur: "2010-cu ildə Gürcüstan və Ermənistanın prezidentləri dəvət olunmuşdu, Azərbaycan prezidenti isə dəvət olunmamışdı. Bu da istər-istəməz izahatı olmayan bir məsələ kimi dəyərləndirilirdi. O baxımdan çoxlu sayda dövlətlərin başçılarının iştirak etdiyi beynəlxalq tədbirdə iştirak məsələsini xüsusi olaraq hansısa jest kimi dəyərləndirmək doğru deyil. Dəvət ətrafında ajiotaj həm başadüşüləndir, həm də bir qədər qeyri-ciddi görünür. İndiki situasiyada bu dəvət pozitiv hadisədir. Əgər dəvət olmasaydı, bunu mənfi jest kimi dəyərləndirmək olardı".
VİP sədri Əli Əliyev isə bildirdi ki, ABŞ siyasi isteblişmenti mövcud iqtidara və xüsusən prezident Əliyevə daima dəstək nümayiş etdirib. Bu dəstək xüsusən 2013-cü ildə açıq şəkildə təzahür etdi: “Həm səfir Morninqstarın görüşləri, həm də ABŞ-dan gələn, tərkibində 100-ə qədər senator və konqresmen olan nümayəndə heyəti, seçkilər ətrafında təzyiqini gizlətməyən Putinə ciddi pərsəng effektli cavab idi. Lakin seçkidən sonrakı dönəmdə Azərbaycan tərəfi bir sıra məsələlərdə, geopolitik mənada bu dəstəyin qarşılığını nümayiş etdirmədi.
ABŞ-da son 2 həftədə baş verənlər diqqət çəkəndir. Bizdə hay-küyə səbəb olmuş Kristofer Smit qanun layihəsindən daha təhlükəli hadisələr ictimai fikirdən gizlədilir. Azərbaycana qarşı daha ciddi, bir sıra rəsmi şəxslər üçün məhdudiyyətləri və məhrumiyyətləri ehtiva edən, yəhudi icmasının aparıcı fiqurlarından biri senator Bencamin Karsonun müzakirəyə təqdim etdiyi “Qlobal Maqnitski” şərti adlı qanun layihəsidir. Bu qanun layihəsi Azərbaycan vətəndaşından gizlədilir və qeyd edim ki, Smitin layihəsindən qat-qat təhlükəli maneə potensialı vardır. Cənab Karsonu heç kəs ermənipərəstlikdə ittiham edə bilməz və onun ortaya çıxardığı qanun layihəsi həmişə bizim iqtidara, onun timsalında əsas problemlərimizə dəstək verən yəhudi lobbisinin mövqeyi kimi qiymətləndirilməlidir.
Qayıdaq dəvət məsələsinə. Fikrimcə, hakimiyyət 2 həftə ərzində Amerika əleyhinə sadəlöhvcəsinə hazırlanmış kampaniyanın ictimai şüurda yaratdığı mənasız inikası fərq edərək, “Amerika ilə münasibətlərimiz yaxşıdır” təəssüratını formalaşdırmaq üçün məlumatı dövriyyəyə buraxmaq qərarı verib. Bu hadisənin özü göstərir ki, ən sıravi vətəndaşımız belə ABŞ-ın dünyada hansı gücə sahib olmasını bilir və ucuz qanun layihələri ilə aldanmayacağını nümayiş etdirir. Hakimiyyət isə ertələnmiş tarixlə dəvəti şəxsi səviyyədə ictimailəşdirməklə bu gücü etiraf etmiş oldu. İqtidar anlamamış deyil ki, hələ devalvasiyanı tənzimləmək mümkündür, lakin ABŞ-ın qəzəbini ram etmək mümkün olmaya bilər. ABŞ isə hələlik bu hakimiyyətdən əsaslı güzəştlər tələb etmir. Azərbaycanşünas sayılan Kramer və Kozlariç vasitəsilə siyasi məhbusların azad edilməsini istəyən dünya liderinin sözlərini eşitməmək nə bu iqtidara, nə də Azərbaycana heç bir fayda verməz. İstərdim ki, hakimiyyət daxilindəki Rusiya meylli qüvvələrə güc gələrək, prezident Əliyev müdriklik nümayiş etdirib, bizə dövlət olaraq, maneə olacaq qanunların qəbulunun qarşısını ala bilsin".
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər