Rayon təşkilatlarının sədrləri etiraz aksiyalarından danışdılar |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-01-2016, 10:13 | Şərh sayı: (0) | Baxılıb: 242
Rayon təşkilatlarının sədrləri etiraz aksiyalarından danışdılar
Rəşid Nəcəfli: “İnsanlar işsizlikdən, aclıqdan, icra başçısının zülmündən cana doyublar və etirazlarını bildirirlər”; İltizam Əkbərli: “Vəziyyət ağırdır, hər an İmişlini etiraz dalğası başına götürə bilər”
Yanvarın 12-də və 13-də ölkənin 4-5 rayonunda qiymət artımına və işsizliyə qarşı keçirilən etiraz aksiyalarının təşkilində hakimiyyət orqanları Müsavat Partiyasını və AXCP-ni təqsirkar elan etdi. Artıq aksiyanın keçirildiyi rayonların bir neçəsində (Lənkəran və Siyəzən) hər iki partiyanın yerli təşkilatlarının rəhbərləri, fəalları polis tərəfindən saxlanılıb.
Etiraz aksiyalarının keçirildiyi rayonlardan olan Ağcabədidə hələ ki bu cür həbslər həyata keçirilməsə də yerli müxalif fəallara hədə-qorxu gəlinir. Müsavat Partiyası Ağcabədi rayon təşkilatının sədri Rəşid Nəcəfli bu barədə açıqlamasında bildirdi ki, etiraz aksiyalarının təşkilində heç bir rolları olmayıb: “Ağcabədi rayonunda etiraz aksiyası Müsavatın və AXCP-nin təşkil etdiyi aksiya deyildi. Bu etirazların sosial səbəbləri var. Bu, sırf xalq narazılığıdır. Əhali aclıq çəkir, səfalət içindədir. Səbəbkar isə icra başçısı Şahin Məmmədovdur. İcra başçısı insanları insan yerinə qoymur, nə istəyir onu da edir. Bu adam Ağcabədi rayon su kəmərinin 18 kilometrini doğradıb satdı.
Suyu isə kanala birləşdirib. Əhaliyə çirkab su içirdir. İnsanlar işsizlikdən, aclıqdan, icra başçısının zülmündən cana doyublar və etirazlarını bildirirlər. Burada müxalifət partiyalarının heç bir təşkilatçılığından söhbət gedə bilməz. Ailə başçısı övladına çörək ala bilmir, ayaqqabı alıb məktəbə göndərə bilmir. Belə acınacaqlı vəziyyətdə olan valideyn etiraza qalxırsa, bunda Müsavatı günahlandırmaq absurddur. Biz xalqın bu acınacaqlı durumuna acıyırıq, biz də xalqın bir hissəsiyik və biz də səfalətin, məhrumiyyətlərin içindəyik. Hansısa müxalifət partiyasının üzvü dözülməz yaşayışına görə etiraz edirsə, bunu təşkilatçılıq kimi qələmə vermək də absurddur. Ağcabədidə fəlakətli vəziyyətdir”.
Müsavat Partiyasının İmişli rayon təşkilatının sədri İltizam Əkbərli də bildirdi ki, rayonda əhalinin yaşayış səviyyəsi acından qırılmaq həddinə çatıb. Rayonda işsizlik sosial fəlakət həddindədir. Elə bir ailə yoxdur ki, banka kredit borcu olmasın: “Rayona vaxtilə ayrılan pullar emal və istehsal sahələrinin açılmasına sərf edilmədi. Rayonun inkişaf layihəsi adı altında mənasız hasar çəkilişləri həyata keçirildi və vəsaitlər mənimsənildi. İcra başçısı rayonun bütün torpaqlarını 3-4 adama satıb. Beləliklə də rayonda çox ciddi təbəqələşmə əmələ gəlib. 3-4 nəfər ağlagəlməz səviyyədə varlanıb, əhali isə taleyin ümidinə buraxılıb. Son bahalaşma və işsizlik isə artıq insanların çörək əldə etmək imkanını belə əlindən alıb. Hər an İmişlini etiraz dalğası başına götürə bilər. Bu gün narazılıqlar, etiraz edənlər siyasətdən uzaqdırlar. Onlar, sadəcə olaraq, artıq ailələrini saxlaya bilməyin qeyri-mümkünlüyünü gördükləri üçün özləri küçələrə çıxırlar. Bugünkü etirazlarda müxalifəti günahlandırmaqdansa hökumət əhalinin vəziyyətinin düzəlməsi üçün ciddi addımlar atmalıdır. Əks halda, ağır sosial-iqtisadi durum ağlagəlməz nəticələr törədə bilər”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər