Çörəyin və unun qiymətinin endirilməsi narazılığı səngidəcəkmi? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 14:02 | Şərh sayı: (0) | Baxılıb: 330
Çörəyin və unun qiymətinin endirilməsi narazılığı səngidəcəkmi?
İqbal Ağazadə: “Bu, müvəqqəti xarakter daşıyır, yəqin ki, bir müddətdən sonra qiymətlər qalxacaq”
Ərəstun Oruclu: “Görünən odur ki, hökumət islahatlardan yayınmaq naminə bu addımlara əl atır”
Manatın ikinci dəfə kəskin devalvasiyaya uğraması nəticəsində ölkəni bürüyən növbəti bahalaşma dalğası bölgələrdə etirazlara və insanların küçələrə çıxmasına səbəb oldu. Xüsusən də strateji məhsul olan unun 50 faizdən artıq, çörəyin qiymətinin isə 30 faizə yaxın artması insanların ayağa qalxmasına səbəb oldu.
İnsanlar aksiyalarda əsasən işsizlikdən və bazarlardakı bahalaşmadan narazılıqlarını bildirdilər. Buna adekvat olaraq, hökumətin qərarı ilə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olundu.
Nəticədə, daşınma xərclərindən asılı olaraq, 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb. Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq.
Ekspertlər isə deyirlər ki, unun və çörəyin ucuzlaşdırılması əhalinin sosial problemlərinin həlli, regionlarda etirazların səngiməsi üçün yetərli deyil. Hökumət ciddi islahatlara getməsə, ayrı-ayrı vaxtlarda bu cür etiraz dalğası müşahidə edilə bilər.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, çörəyin ucuzlaşması ictimai qəzəbi müvəqqəti sakitləşdirə bilər, lakin bu, daimi olmayacaq: “Mən inanmıram ki, çörəyin qiymətini uzun müddət bu səviyyədə saxlamaq mümkün olsun. Çünki, çörək satanın da qazancı olmalıdır ki, o, bahalaşan digər istehlak mallarını ala bilsin. Bazar təkcə çörəklə tənzimlənmir. Bu, müvəqqəti xarakter daşıyır, yəqin ki, bir müddətdən sonra qiymətlər qalxacaq. 18 faizlik əlavə dəyər vergisinin ləğv olunması da bir çuval unun içində çox kiçik rəqəmdir. Unun qiymətinə diqqət yetirsəniz, 17-18 manatla 30-35 manat arasında dəyişmişdi. Bu kifayət qədər ciddi fərqdir. 18 faizlik ƏDV-nin ləğv edilməsi qiyməti tənzimlənmək üçün yetərli olmayacaq. Unun qiyməti ona görə qalxmır ki, unun qiyməti qalxıb. Ona görə bahalaşır ki, digər istehlak malları da qalxır, çörək biznesi ilə məşğul olanlar da digər malları alırlar. Onlar da Azərbaycanda yaşayırlar və bazarın qiymətləri ilə bazarlıq edirlər”.
Partiya sədrinin sözlərinə görə, bu problemin həlli üçün kompleks tədbirlər lazımdır: “Aksiyalara gəlincə, hələlik bu barədə proqnoz vermək istəmirəm. Amma hesab edirəm ki, vəziyyətin bu dərəcəyə çatmasına imkan vermək olmaz. İmkan vermək olmaz ki, aksiyalar əhali ilə polis arasında qarşıdurmalarla müşayiət olunsun. Bu durumu sistemli, ardıcıl islahatlarla tənzimləmək lazımdır. Hesab edirəm ki, çörəyin qiyməti endirilsə də, bu və ya digər şəkildə etirazlar davam edəcək”.
Politoloq Ərəstun Oruclu da vurğuladı ki, təkcə çörək və unun ucuzlaşması heç nəyi həll etməyəcək: “Çörəyin ucuzlaşması nə deməkdir? Əhali yalnız unla, çörəklə yaşamalıdır? Bu, bir qədər gülünc səslənir. Görünür, ölkə üzrə belə bir tapşırıq verilib. Əhaliyə un paylanır, unun-çörəyin qiyməti aşağı salınır. Bu, situasiyanı xilas eləmir. Bu, yanlış bir addımdır. Bu, insanları təhqir etməkdir ki, çörəyi yeyin, evinizdə sakit oturun. Mən bunu əvvəl də demişəm, indi də deyirəm ki, ölkədə ciddi islahatlara başlamaq lazımdır. Deyək ki, bir neçə ay əhaliyə pulsuz çörək paylandı. Bəs, sonra necə olacaq? İnsanlar digər ehtiyaclarını necə ödəyəcəklər? Təkcə çörəklə yaşamaq mümkündürmü? Məlum deyil ki, bu cür yanaşmaların müəllifi kimdir. Görünən odur ki, hökumət islahatlardan yayınmaq naminə bu addımlara əl atır”.
Politoloqun sözlərinə görə, nə qədər ki, ölkədə iqtisadi, hüquqi islahatlar gecikəcək, vəziyyət bir o qədər ağır olacaq: “Ola bilər ki, çörəyin ucuzlaşması bir neçə ay vəziyyəti xilas etsin. Lakin bir neçə aydan sonra bu da mümkün olmayacaq. O zaman nə edəcəklər? Anlaşılmayan budur ki, niyə islahatdan bu qədər qorxub, çəkinirlər. Halbuki islahatlar indiki şəraitdə ölkənin, xalqın, iqtidarın özünün yeganə xilas yoludur. İslahat aparmaq üçün hökumətdə oturmuş yaşlı, sovet düşüncəli insanları vəzifədən kənarlaşdırmaq lazımdır. Ancaq bunu etmirlər, əksinə, görünən odur ki, həmin şəxslərin sözünün çəkisi durmadan artır. Bölgələrdə qalxan etirazlar da onların siyasi təfəkkürünün nəticəsidir. Bu, vəziyyətdən çıxış yolu deyil. Bunu bir gün anlayacaqlar, lakin o zaman artıq gec olacaq”.
Nərgiz LİFTİYEVA,
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər