Rayonlarda etiraz dalğası başlayır? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 14:46 | Şərh sayı: (0) | Baxılıb: 384
Rayonlarda etiraz dalğası başlayır?
Pənah Hüseyn: “Hökumətin təcili antiböhran tədbirlərinə başlamaması narazılığı artırıb"; Fəzail Ağamalı: “Xalqın tarıma çəkilmiş əsəblərini dövlətçiliyə qarşı yönəltməkdən şərəfsiz heç nə ola bilməz”
Dünən bir neçə rayonda bahalaşma əleyhinə aksiyalar keçirildiyi haqda xəbərlər yayıldı. Həmin xəbərlərdə bildirilirdi ki, manatın dəyərdən düşməsi və bahalaşma prosesi nəticəsində yaranmış narazılıq artıq etirazlara yol açmaqdadır. Bir neçə gün əvvəl Ucar rayonunda, dünən isə Siyəzən, Lənkəran və Füzuli rayonlarında yerli əhalinin etiraz aksiyası keçirdiyi xəbərləri yayılıb. Hazırda Sabirabadda da durumun ağır olduğu deyilir.
Musavat.com-un məlumatina əsasən yayılan xəbərlərdə bildirilir ki, bir neçə rayonda etirazların başlamasına əsas səbəb unun bahalaşması olub. Məlumatlarda vurğulanır ki, əhali artıq dolanışıq üçün pul tapa bilmədiyi üçün çıxış yolunu etiraz etməkdə görür. Saatlıda isə ayın 15-nə mitinq təyin olunduğu bildirilir.
AXP sədri Pənah Hüseyn bildirdi ki, konkret hansı rayonlarda etiraz aksiyalarının keçirildiyi barədə onda dəqiq informasiyalar olmasa da ölkədə manatın devalvasiyasından sonra başlayan böyük bahalaşma, işsizlik kütləvi həyəcana səbəb olub. Hökumətin təcili antiböhran tədbirlərinə başlamaması isə insanlarda ümidsizliyi və narazılığı bir qədər də artırıb. Bu narazılığın etiraz aksiyaları formasında üzə çıxması təəccüblü olmamalıdır: “Gözlənilirdi hökumət devalvasiyanın fəsadlarının müəyyən qədər aradan qaldırılması üçün zəruri tədbirlər görəcək. Bu tədbirlər isə ortada yoxdur. Belə vəziyyət həyəcana səbəb olur və insanlar arasında kütləvi hərəkətlənmənin meydana gəlməsini şərtləndirə bilər. Kreditlərlə bağlı yaranmış vəziyyəti də görməməzlikdən gəlmək mümkün deyil. İnsanlar bilmirlər krediti ödəsinlər, yoxsa ailəni dolandırsınlar. Bu durum narazılığı bir qədər də artıran amildir”.
P.Hüseyn vurğuladı ki, hansısa bölgələrdə sadə insanların etiraz aksiyalarının genişlənəcəyi halda hakimiyyət bunu müxalifətlə əlaqələndirməməlidir. Çünki artıq bu kimi məsələ öz əhəmiyyətini itirib: “Əslində yerlərdə əhalinin etirazlarını müxalifətlə bağlasalar da heç bir əhəmiyyət daşımayacaq. Beş-altı müxalifətçini həbs eləməklə məsələ həll olası, əhalinin güzəranı düzələsi deyil. Müxalifətçilərin həbsi çıxış yolu deyil. Bu addım vəziyyəti bir qədər də kəskinləşdirə bilər. İnanmıram ki, hakimiyyətdəkilər buna getsinlər. Hazırda hökumət müxalifətlə yox, cəmiyyətin problemləri, bu problemlərdən əziyyət çəkən insanlarla üz-üzədir. Əsas məsələ problemin həll edilməsi, yumşaldılmasıdır. Əks təqdirdə, etirazlar qaçılmaz olacaq”.
Deputat Fəzail Ağamalı isə “Yeni Müsavat”a bildirdi ki, o, araşdırma aparıb və adıçəkilən rayonlardan yalnız Siyəzəndə kiçik bir aksiyanın olduğu bəlli olub. Kiçik bir aksiyanın baş verməsini bəzi saytlar və qurumlar şişirdib başqa cür təqdim edirlər: “Siyəzəndə 25-30 nəfər unun bahalaşması ilə bağlı etiraz edib. Bizim partiyanın yerli təşkilatından dəqiq məlumat aldım ki, bu aksiyanı təşkil eləyən Müsavat Partiyasının Siyəzən rayon təşkilatıdır. İnsanları həmin təşkilat qızışdıraraq meydana gətirməyə çalışıb. Sonra etirazçılarla rayon icra hakimiyyətinin rəhbərliyi görüş keçirib, onlar dinlənilib. Qaldırılan məsələ ilə bağlı tədbir görülməsi üçün onlara vəd verilib. Sonra isə icra hakimiyyətində müşavirə keçirilib, məsələlər müzakirə edilib”.
F.Ağamalı bəyan etdi ki, yaranmış vəziyyətdən, xalqın tarıma çəkilmiş əsəblərini dövlətçilik əleyhinə yönəltməkdən şərəfsiz, ləyaqətsiz heç nə ola bilməz: “Bu gün dünyada baş verən proseslər hər kəsə aydındır. Dünya od tutub yanır, iqtisadi böhran bütün dünyanı bürüyüb. Azərbaycan təbii ki, bu proseslərdən kənarda qal bilməzdi. Nəzərə alsaq ki, neftin qiyməti artıq 30 dollar səviyyəsinə enib və ola bilsin yenə də enəcək, belə bir vəziyyət öz təsirini iqtisadiyyatımıza göstərməlidir. Çünki iqtisadiyyatımızın ciddi bir hissəsi neft amili ilə bağlıdır. Bu, indiki iqtidarın utanc yeri deyil, çünki nefti dünya bazarına çıxaran və ölkəyə milyardlarla vəsait gətirən indiki iqtidardır. Ancaq neftin qiymətinin müəyyənləşməsi iqtidardan və dövlətimizin iradəsindən asılı məsələ deyil. Tamamilə əminəm ki, bu situasiyadan istifadə edib xalqı dövlətin və iqtidarın əleyhinə qaldırmaq istəyən insanlar antimilli qüvvələrdir. Xalqımız müdrikdir və əminəm ki, dünyada gedən prosesləri dərk edir, hər zaman olduğu kimi yenə də cənab prezidentin siyasətini dəstəkləyir və dəstəkləyəcək. Xalqımız avantürist çağırışlara, çıxışlara mənfi cavab verəcək”.
Lənkəranda baş verən etiraz aksiyası ilə bağlı Lənkəran şəhər seçki dairəsindən Milli Məclisin deputatı olan Rüfət Quliyev isə modern.az saytına açıqlamasında deyib ki, bir qrup insan kommunal xidmət haqlarını verə bilmir. İşıq və qaz idarəsinin əməkdaşları mənzillərə qaz və işıq verilişini dayandırıb. Əhali ilə rəsmilər arasında razılıq əldə olunub. Qərara alınıb ki, əmək haqları alınan zaman insanlar borclarını ödəsinlər. Məsələ bununla da bitib.
Müsavat Partiyasının başqanı Arif Hacılı isə F.Ağamalının ittihamlarına cavab verib. O, “Yeni Müsavat”a deyib ki, baş verən narazılıqlar əhalinin indiki iqtisadi siyasətdən, düşdükləri ağır durumdan irəli gələn hadisələrdir: “Bu proseslər yəqin ki, bütün ölkədə davam edəcək. Müsavat Partiyasının respublikanın bütün ərazisində yerli strukturları mövcuddur.
Azərbaycan xalqının ağır duruma düşdüyü məqamda Müsavata, onun yerli strukturlarına, ayrı-ayrı nüfuzlu müsavatçılara müraciət etməsinə də təbii yanaşmaq lazımdır. Ancaq konkret olaraq son günlərdə keçirilən aksiyaların təşkilatçısı Müsavat Partiyası deyil. Biz bu məsələləri müzakirə edirik. Həm ölkə ərazisində, həm Bakı şəhərində kütləvi aksiyalar keçirmək barədə qərarlar qəbul edərkən qərarlarımızı ictimaiyyətə açıqlayacağıq”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər