İmam Mehdi (ə.f) barədə əqli araşdırma (Altıncı hissə) |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 30-01-2016, 11:56 | Şərh sayı: (0) | Baxılıb: 2479
İmam Mehdi (ə.f) barədə əqli araşdırma (Altıncı hissə)
Üçüncü müqəddimə. Səbr arqumenti və məntiqi bölgü vasitəsi ilə nümunələrin ayırd edilməsi
Əvvəlki hissələrdə Peyğəmbərdən (s) sonrakı hər bir zamanda imamın varlığının zəruriliyini və bu imamın da məsum olması zərurətini isbatladıq. Bir sual meydana çıxır ki, belə bir imamın nümunəsini biz hansı İslam firqəsi arasında axtaraq? Bunun üçün iki ön fərziyyəni qəbul etməliyik:
Haqq və həqiqət İslam ümmətindən kənar deyil;
Belə bir (məsum) imam İslam ümmətindən olmalıdır.
Belə isə bu imamın nümunəsinə istər sünni, istərsə də şiənin mövcud firqələrinin hansında rast gəlmək olar?
Əhli-sünnə imamın varlığını zəruri hesab etsə də, onun heç bir firqəsi imamın məsum olmasını zəruri hesab etmir. İmam və xəlifə üçün ismət məqamına inanmırlar. Belə olan halda imamın məsum olması zərurətini nəzərə alaraq əhli-sünnənin heç bir firqəsi arasında belə bir imam ola bilməz.
Məsum imam sünni firqələri arasında olmadıqda onu şiə firqələri arasında axtarmaq lazımdır. Buna görə də şiə firqələrini araşdıraq:
Şiə firqələri
1. Keysaniyyə
Şiəlikdə ilk yaranan firqə keysaniyyə firqəsi oldu. Bu firqəni Muxtar Səqəfinin ardıcılları yaratdı. Muxratın “keysan” ləqəbi ilə bağlı olaraq bu firqə keysaniyyə adlandırıldı. Bu firqə Muhəmməd Hənəfiyyəni imam hesab edirdilər. Bəziləri onun İmam Həsən (ə) və İmam Hüseyndən (ə), bəziləri isə İmam Əlidən (ə) sonra imamət məqamına yetişməsinə inanırdılar.[1] Aşkar olan isə budur ki, bu firqə İmam Hüseynin (ə) şəhadətindən sonra İmam Zeynül-abidinin (ə) imamətini qəbul etmədilər. Keysaniyyə Muhəmməd Hənəfiyyənin vəd olunmuş Mehdi olduğuna və Mədinə ətrafındakı Rəzəvi dağında gizləndiyinə inanırdılar.
İnkar:
Bu əqidə batildir. Çünki Muhəmməd Hənəfiyyə məsum deyil. İmamətin şərti olan ismət məqamına sahib olmadığına görə onu imam hesab etmək olmaz. Digər tərəfdən də onun özünün də belə bir (imamət) iddiası olmamışdır.
2. Zeydiyyə
Bu firqənin yaranma tarixi II əsrə (h.q) təsadüf edir. Onlar İmam Hüseynin (ə) şəhadətindən sonra İmam Zeynül-abidinin (ə) oğlu Zeydi imam hesab edirlər. Onların etiqadlarının xülasəsi budur ki, imam gərək zahid Haşimi (Bəni-Haşim nəslindən), Fatimi (İmam Əli və Fatimeyi-Zəhranın nəslindən), şücaətli, alim və cihad əhli olsun. Buna əsasən, onlar İmam Zeynül-abidini (ə) cihad edən imam deyil, alim və zahid bir şəxs hesab edirlər. Cihad və qiyam etmədiyi üçün onu deyil, onun oğlu Zeydi İmam hesab edirlər.
İnkar:
Bu əqidə də batildir. Çünki Zeyd ibn Əli (ə) heç vaxt imamət iddiası etməyib (O, məsum imamlar tərəfindən də mədh olunmuşdur). Digər tərəfdən də Zeyd ibn Əli məsum olmamışdır. Halbuki əvvəlki hissələrdə imamın məsum olma zərurətindən söz açmışdıq.
3. Navusiyyə
Bu firqə İmam Cəfər Sadiqi (ə) sonuncu imam hesab edərək deyirdilər: “O, ölməyib diridir və bir gün qayıdacaq. Vəd olunmuş Mehdi (xilaskar) odur”.
Bu firqə rəhbərləri Abdullah ibn Navusun adı ilə navusiyyə adlandırıldı.
İnkar:
Bu firqənin nəzərinin təkzibi əvvəlki firqələrin nəzərlərinin təkzibi ilə fərqlidir. Çünki onlar məsum bir imamı vəd olunmuş xilaskar hesab edirlər. Buna görə də bu firqənin əqidəsini təkzib etmə üçün bunları deməliyik:
İmam Sadiqin (ə) şəhadətini təsdiqləyən tarixi faktlar o qədər çoxdur ki, bu hadisəni inkar etmək və onun ölmədiyini iddia etmək qeyri-mümkündür.
On iki imamdan nəql olunan hədislər navusiyyə firqəsinin görüşlərinin əksini çatdırır.
Bəzi hədislərdə qeyd olunur ki, İmam Sadiqdən (ə): “Siz bu ümmətin Mehdisisiniz (xilaskarısınız)?” – deyə soruşulduqda İmam aşkar şəkildə bunu inkar edər və on ikinci imamın Mehdi (ə.f) olacağını çatdırardı.
4. Vaqifiyyə
Bu firqə İmam Kazımın (ə) şəhadətindən sonra meydana gəldi. Bunlar İmam Rzanın (ə) imamətini qəbul etməyib İmam Kazımda (ə) dayandılar. Elə buna görə də onlara vaqifiyyə deyildi.
Novbəxti “Firəqüş-şiə” kitabında belə deyir: “Şiələrin yeddinci imamı Musa ibn Cəfər Harun Ər-Rəşid tərəfindən ikinci dəfə zindana salındıqdan sonra onun tərəfdarları çaşqınlığa düşərək beş qrupa bölündülər. Birinci qrup onun zindanda şəhadətə yetirildiyinə və ondan sonra övladı İmam Rzanın (ə) imamətinə inandılar. Digər dörd qrup içərisində isə bəziləri onun vəfatına, bəziləri isə ölməməsinə inanaraq onu vəd olunmuş Mehdi hesab etdilər. Onlar İmam Kazımda (ə) dayanaraq ondan sonrakı imamları qəbul etmədilər”.[2]
Navusiyyə firqəsinin təkzibində qeyd edilən dəlillərə əsasən bu əqidə də batildir.
5. İsmailiyyə
Şiə firqələrindən biri də ismailiyyədir. Onlar hələ İmam Sadiq (ə) sağ ikən dünyadan köçmüş onun böyük oğlu olan İsmaili (110-138 h.q) imam hesab edirdilər. Bu inancın mənşəyini bir neçə şey təşkil edirdi ki, misal olaraq onun İmamın böyük övladı, pəhrizkar, təqvalı birisi olması və İmam Sadiqin (ə) ona çox ehtiram bəsləməsini deyə bilərik.[3] Bu qrup İmam Kazımın (ə) deyil, İsmail və onun oğlunun imamətini qəbul etdilər.
İnkar:
İsmail məsum olmayıb;
İsmail heç vaxt imamət iddiası etməmişdir və onun imam olduğunu iddia edənlərin də müxtəlif dəlilləri var idi.
İsmail hələ İmam Sadiq (ə) sağ ikən dünyadan köçdü. İmamətin sağ və diri imamdan dünyasını dəyişən imama ötürülməsi mümkündürmü?
Şeyx Müfid bu əqidəni təkzib edərək belə yazır:
“İmamətin böyük övlada ötürülməsi məsələsi onun həyatda olması zamanı mümkündür. Halbuki İsmail İmam Sadiqdən (ə) öncə dünyasını dəyişib və onun cənazəsi hamının gözü qarşısında dəfn olunub. Hətta İmam Sadiqin (ə) göstərişinə əsasən, bir neçə dəfə tabut yerə qoyulmuş və İmam onun kəfənini qaldırıb üzünə tamaşa etmişdir ki, heç kimdə onun ölməsi barədə şəkk-şübhə yaranmasın”.[4]
4. İsmailin imam olması barədə İmam Sadiqdən (ə) heç bir hədis nəql olunmayıb. Halbuki imamların hamısı özlərindən sonrakı imamın kim olacağını əvvəlcədən demişdilər.
6. On iki imamçılar
Araşdırmalardan məlum olur ki, on iki imamçı şiələrdən başqa digər firqələrin heç birində məsum imama rast gəlinmir. Bu barədə bütün dəlil və sübutların hamısı ancaq on iki imamçı şiə məzhəbinin təlimlərində öz əksini tapır. Ona görə ki:
Bu məktəb hər dövrdə imamın varlığının zərurətinə inanır;
İmamın ismətinə (məsumluğuna) inanır;
İmam Zamanın (ə.f) doğulmasına inanır və onu dövrün imamı hesab edirlər.
Deməli, axtardığımız məsum imam nümunəsini ancaq on iki imamçı şiə firqəsində tapa bilərik ki, o da İmam Mehdidir (ə.f).
ardı var...
[1] Əli Rəbbani Gülpayiqani, Firəq və məzahibi Kəlami, səh/62.
[2] Əbülhəsən Əşəri “Məqalatil-İslamiyyin”, Əbdülqadir Bağdadi “Fərq beynəl-firəq” və Şəhristani isə “Əl-miləlu vən-nihəl” kitabında Novbəxtinin bu nəzərini qeyd etmişlər.
[3] Firəq və əzahibi kəlami, “Əl-Fusulul muxtarə minəl uyun vəl məcalis” c/2, səh/308-dən nəqlə əsasən.
[4] Həmin mənbə.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər