İmam Mehdi (ə.f) barədə əqli araşdırma (Dördüncü hissə) |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 19-01-2016, 20:51 | Şərh sayı: (0) | Baxılıb: 308
İmam Mehdi (ə.f) barədə əqli araşdırma (Dördüncü hissə)
Yazının əvvəlki hissəsində imamətin isbatı üçün dəlillərdən biri olan lütf prinsipi barədə söz açdıq. İndi isə digər dəlillərə işarə edək:
1. Dinşünaslığın zərurəti.
Peyğəmbər (ə) risalətinin 23 ili ərzində təbliğ etdiyi dinin bütün məsələlərini icmali şəkildə bəyan etmişdir. Peyğəmbər (s) təbliğ müddəti ərzində müəyyən məsələlərin və dinin xırdalıqlarına varmaqdan ötrü isə müəyyən yollar və vasitələri bəyan etmişdir. Bu Peyğəmbərin (s) hansısa məsələni bilməməsi və ya dini kamil sürətdə çatdırmaması demək deyil. Həmin dönəmdə camaatın bəzi dini məsələləri qavramaq üçün lazımi düşüncə və təfəkkür tərzləri yox idi. Digər tərəfdən də müəyyən məsələlərin həmin dönəmdə işlək olmaması və camaatın həmin məsələlərlə üzləşməməsini də nəzərə almaq lazımdır. Buna əsasən deyə bilərik ki, Peyğəmbərin (s) vəfatından sonra dinşünaslığın zərurəti meydana gəldi. Yəni qarşıya çıxan dini məsələləri öyrənmək və həmin mövzularda çaşqınlığa düşməmək zərurəti yarandı.
Dinşünaslıq və dinin öyrənilməsi əqlin zəruri hesab etdiyi və aqil şəxslərin də qəbul etdiyi bir üslubdur. Hər bir işdə mütəxəssislərin varlığı zəruri olduğu kimi, Peyğəmbərdən (s) sonra ortaya çıxan dini məsələlərin araşdırılmasında və doğru-düzgün nəticə çıxarılmasında da mütəxəssilərin (yəni Peyğəmbərin (s) elmi irsinin daşıyıcısı olan imam və rəhbərlərin) olması labüddür.
Ayətullah Sübhani bu barədə arqumentləri araşdıraraq dəlilin isbat olunması üçün aşağıda qeyd edəcəyimiz müqəddimələri bəyan edərək belə deyir:
Allahın Rəsulunun (ə) həyatda olduğu dövrdə müəyyən öhdəçilikləri və vəzifələri var idi:
1. İlahi ayələrin təfsiri və onlardakı sirli məqamların aşkarlanması;
2. Həyatı dövründə baş vermiş hadislərin hökmlərinin açıqlanması və şərh olunması;
3. Şübhələrin dəf edilməsi və əhli-kitabın suallarının cavablandırılması;
4. Dinin təhrifdən qorunması.
Qeyd edilən bu dörd vəzifə və öhdəçilik Peyğəmbərin (s) həyatda olduğu dövrdə onun tərəfindən kamil şəkildə icra edilmişdir. Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra kimsə bu öhdəçilikləri öz üzərinə götürməlidir, ya yox? Bu barədə üç ehtimal qeyd edilir:
a) Allah məsələni naməlum saxlayır və sonradan baş verəcəklərlə işi yoxdur. Bu ehtimal absurddur.
b) Allah məsələni naməlum saxlamır. Belə ki, Peyğəmbərin (s) vəfatından sonra onun vəzifələrini ümmət öz öhdəsinə götürür. Peyğəmbərin (s) vəfatından sonra baş verən hadisələri və İslam ümmətinin parçalanmasına səbəb olan ixtilafları nəzərə alaraq bu ehtimalın da məqbul olmadığını deyə bilərik.
c) Allah-taala Peyğəmbərin (s) vəfatından sonra bu öhdəçilik və vəzifələri ona bənzər və müəyyən xüsusiyyətlərə malik (məsumluq, ən azı Peyğəmbər qədər elmə malik olmaq, dindən səhih çıxarış etmək və s.) bir şəxsə həvalə etməsi.
Bu üç ehtimaldan əvvəlki ikisi batildir. Doğru ehtimal isə Peyğəmbər (s) canişini və imamın Allah tərəfindən təyin olunmasıdır.
2. Müsəlmanların ənənəsi və yaşayış tərzi
Mütəkəllimlər kəlam (teologiya) kitablarında bu dəlili də qeyd etmişlər. O cümlədən Xacə Nəsirəddin Tusi “Təlxisül-mühəssəl”[1], Əzududdin Qazi İci “Məvaqif”[2], Səduddin Təftazani “Şərhül-məqasid”[3] və “Şərhun əqaidün-nəsəfiyyə”[4], Şəhristani “Nihayətül-iqdam”[5] və Amiri “Ğayətül-məram”[6] kitabında bu dəlili zikr etmişlər.
Müsəlmanların yaşayış tərzini, xüsusilə də İslamın ilk dönəmlərində yaşayan müsəlmanların ənənələrini araşdırdıqda aydın olur ki, onlar imamın varlığını şəkk-şübhə doğurmayan bir zərurət hesab etmişlər. Hətta Səqifədə toplanan şəxslər arasında olmayanlar (Məsələn, İmam Əli (ə), Salman, Zübeyr, Təlhə və s.) belə cəmiyyətin imama ehtiyac duyduğunu inkar etməyiblər.
3. (İlahi) Həddlərin icrası və İslam hökumətinin qorunması
Allahın müsəlmanlardan ilahi həddlərin icrası, İslam ölkələrinin ərazilərini düşmən təcavüzündən qorunması və İslam ümmətini qorumağı istəməsində heç bir şəkk-şübhə yoxdur. Bu hədəfin gerçəkləşməsi kifayət qədər təcrübə və idarəçilik qabiliyyətinə malik olan rəhbərsiz, imamsız mümkün deyil. Vacib bir işin müqəddiməsinin də o işin özü kimi vacib olmasını nəzərə alaraq imamın təyin edilməsi də vacib olacaqdır. Bu dəlili Səduddin Təftazani də “Şərhül-məqasid” kitabında qeyd etmişdir.[7]
4. Böyük zərərlərin uzaqlaşdırılması
İmamın varlığının zəruriliyini isbat edən dəlillərdən biri də budur. Belə ki, Fəxri Razi[8], Səduddin Təztazani[9] kimi mütəkəllimlər da (teoloqlar) imamın varlığının zəruriliyinin isbatı məsələsində bu arqumentdən istifadə etmişlər:
“İmamət ictimai mənafeni ehtiva edir. İmamətin zəruriliyini görməməzlikdən gəlmə fərdi və ictimaiyyəti böyük zərər və ziyanlara düçar edə bilər. Belə zərərlərin uzaqlaşdırılması həm əqli, həm də şəriət baxımından vacibdir”.[10]
Birinci müqəddimənin sonunda bunu demək olar ki, istər şiə, istərsə də sünnilər imamın varlığının zəruri olmasında həmfikirdirlər.
Ardı var...
[1] Xacə Nəsirəddin Tusi, Təlxisül-mühəssəl, səh/407.
[2] Şərhül-məvaqif, c/8, səh/346.
[3] Şərhül-məqasid, c/5, səh/236.
[4] Şərhun əqadiün-nəsəfiyyə, səh/110.
[5] Nihayətül-iqdam fi elmül-kəlm, səh/479.
[6] Ğayətül-məram, səh/364.
[7] Şərhül-məqasid, c/5, səh/236-237.
[8] Təlxisül-mühəssəl, səh/407.
[9] Şərhül-məqasid, c/5, səh/237-238
[10] İmamın varlığının zərurəti barədə dəlillərin araşdırılmasında ayə, hədis və bəzi nəqli dəlillərə də istinad olunur. Bu barədə əlavə və daha geniş məlumat əldə etmək üçün “Kəlam” kitablarındakı ümumi imamət mövzusunun araşdırıldığı fəsillərə müraciət edə bilərsiniz.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər