İmam Mehdi (ə.f) barədə əqli araşdırma (Beşinci hissə) |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 27-01-2016, 17:06 | Şərh sayı: (0) | Baxılıb: 3078
İmam Mehdi (ə.f) barədə əqli araşdırma (Beşinci hissə)
İkinci müqəddimə. İmamın xüsusiyyətləri
İmamın xüsusiyyətləri, məsələn, müsəlman olması, adil, hürr və s. firqələrin hamısı tərəfindən qəbul edilməkdədir.
İsmət və digər xüsusiyyətlərdə isə ixtilaf mövcuddur. Şiə imam və xəlifənin məsum olmasını zəruri hesab etdiyi halda, əhli-sünnə belə bir inanca sahib deyil, onlar imam və xəlifəni məsum hesab etmirlər.
İsmətin dəlilləri və araşdırılması da ümumi imamət mövzusuna aid olmasına baxmayaraq, bu məqalədə qısaca da olsa, bu məsələyə işarə edək.
Nə üçün imam məsum olmalıdır?
Dəlilləri qeyd etməzdən öncə bir neçə məqama aydınlıq gətirək:
1. İbn Faris[1] və İbn Mənzur[2] kimi lüğət alimlərinin qeyd etdiyinə əsasən, “ismət” kəlməsi lüğətdə “qorumaq və uzaqlaşdırmaq” mənasındadır. Rağib İsfahani də “əsəmə” kəlməsini “imsak”, yəni “tutub-saxlamaq” mənasında olduğunu qeyd etmişdir.
“İsmət” İslam mütəkəllimləri və hikmət sahiblərinin də terminalogiyasında elə özünün lüğəvi mənasında olduğu kimi istifadə olunmuşdur. Onlar adətən isməti günaha görə ölçürlər. Yəni “məsum” günaha meyl etməkdən qorunan və günahdan uzaq olan şəxsə deyilir.
Seyid Mürtəza Ələmül-hüda bu barədə belə deyir:
اعلم ان العصمة هی اللطف الّذی یفعله الله تعالی، فیختار العبد عنده الامتناع من فعل القبیح
“Bil ki, ismət Allahın öz bəndəsinin halına şamil etdiyi pis işdən çəkindirən bir lütfdür”.[3]
2. Adətən mütəkəllimlər “isməti” günahların tərk olunması və ismətin əməldə büruzə olunması kimi məna edirlər. Lakin ismətin əhatəsi çox genişdir və elmdə məsumluğu da ehtiva edir. Yəni məsum elm və mərifət sahəsində də səhv və xəta edə bilməz. Elmdə məsumluğun da bir neçə cəhəti və mərhələsi vardır. O cümlədən:
a) İlahi hökmlərin tanınmasındakı məsumluq;
b) Şəri hökmlərin mövzularının tanınmasındakı məsumluq;
c) İslam cəmiyyətinin rəhbərlik məsələsinə aid olan işlərdəki ziyan və xeyirlərin təyin olunmasındakı məsumluq;
d) İstər ictimai, istərsə də fərdi həyatı ehtiva edən adi yaşayış tərzindəki məsumluq.
Şiə əqidəsinə görə, imam üçün istər elmdə, istərsə də əməldəki məsumluq zəruridir. Bu böyük şiə mütəfəkkirlərinin kəlamlarında da öz əksini tapmışdır. Şeyx Müfid bu barədə belə deyir:
“Allah hökmlərinin icrası, ilahi hüdudların və şəriətin qorunması, bəşəriyyətin tərbiyəsi işində Peyğəmbərin (s) canişini olan imamlar da onun kimi məsumdurlar. Onların kiçik günah etmələri belə rəva deyil. Onlar din və ilahi hökmlərə aid olan məsələlərdə heç vaxt unutqanlıq və xətaya düçar olmazlar. Bəzi hədislərin zahirinə tutunaraq doğru təvil olduğu halda, belə batil inanca sahib olan kiçik bir qrupdan başqa İmamiyyənin hamısı bu etiqaddadır”.[4]
İsmətə inam təkcə on iki imamçı şiələrə xas olan bir etiqad deyil. İsmailiyyə firqəsi də imamın ismətinə inanır.[5] Zeydiyyə şiələri isə isməti imamın zəruri şərtlərindən hesab etməsələr də, ilk 3 imamın (İmam Əli, İmam Həsən və İmam Hüseynin) məsum olmalarına inanırlar. Mötəzilə, Əşairə, Matüridiyyə və s. kimi İslam firqələri isə isməti imamətin şərtlərindən hesab etmirlər.
Bu iki məqama işarə etdikdən sonra ismətin dəlillərini açıqlayaq.
İmamın məsum olmasına dair dəlillər
1. Silsilənin (təsəlsülün) batil olması arqumenti.
İmam məsum olmazsa, sonsuz imam silsiləsinə ehtiyac duyulacaq. Əqlin hökmünə görə isə bu mümkün deyil və batildir.
Ümmət məsum olmadığından imama ehtiyaclıdır. Yəni məsum olmadıqlarına görə elm və əməldə qüsurludurlar. Onların bu qüsurunu düzəldəcək bir şəxsə ehtiyac duyurlar. Məsələn, bu şəxs şəri hədləri icra etməlidir və bu hədlər qeyri-məsum barədə icra olunmalıdır. Sual yaranır, görəsən, bu həddi icra edən imamın özü məsumdur, yoxsa yox? Əgər məsumdursa, bizim istədiyimiz (və imamların məsum olması barədə iddiamız) isbatlanmış olur. Əgər məsum deyilsə, deməli, müəyyən mənada qüsurludur və qüsursuz bir imama ehtiyac duyur. O da öz növbəsində başqa bir imama, o biri də digərinə və bu minvalla imamlar silsiləsi sonu olmayan sayda davam edəcək. Nəticədə silsilə meydana gəlir ki, silsilə də batil və qeyri-mümkündür. Deməli, imam məsum olmalıdır ki, öz işlərində, elm və əməldə özündən üstününə və nöqsansızına ehtiyac duymasın. Əks halda, silsillə meydana gələcək.
2. Ayələr
Digər dəlillər də vardır ki, onlardan bəziləri nəqli xarakter daşıyır. Məsələn,
a) وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِن ذُرِّيَّتِي قَالَ لاَ يَنَالُ عَهْدِي الظَّالِمِينَ
“Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: “Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim”. (İbrahim) dedi: “Övladlarımdan necə?” Dedi: “Mənim əhd-peymanım zalımlara nəsib olmaz”.[6]
Bu ayədə Allah-taala imamət məqamının zalımlara şamil olmayacağını deyir. Ayədəki “zülm” kəlməsi də mütləq şəkildə istifadə olunmuşdur. Yəni bütün növ zülmü ehtiva edir (Hər növ nahaq iş zülm hesab olunur). İmam isə hər növ nahaq işdən (zülmdən) uzaqdır, yəni məsumdur.
b) أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ
“Allaha, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə (itatət edin) tabe olun”.[7]
Bu ayədə peyğəmbərə və əmr sahiblərinə itaət mütləq şəkildə və Allah adının kənarında qeyd edilir. Allahın qeyri-məsuma mütləq şəkildə (hər bir işdə) tabe olmağı əmr etməsi isə absurddur. Buna görə də peyğəmbər və imamlar məsum olmalıdır ki, mütləq şəkildə itaət olunma əmri öz əksini tapsın.
İkinci müqəddimənin nəticəsi bundan ibarətdir ki, imamın varlığının zəruriliyi onun bir məsum olması zərurətini yaradır.
Ardı var...
[1] İbn Faris, Möcəmül məqayisül-lüğə, səh/799.
[2] İbn Mənzur, Lisanül-ərəb, c/10, səh/175.
[3] Seyid Mürtəza, Rəsail, c/3, səh/326.
[4] Şeyx Müfid, Əvailül-məqalat, səh/115.
[5] Şərhül-məvaqif, c/8, səh/151, Kəşfül-murad, səh/492.
[6] Bəqərə/124.
[7] Nisa/59
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər