İmam Mehdi (ə.f) barədə əqli araşdırma (Birinci hissə) |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 19-01-2016, 19:00 | Şərh sayı: (0) | Baxılıb: 320
İmam Mehdi (ə.f) barədə əqli araşdırma (Birinci hissə)
Şiələri digər məzhəblərdən ayıran ən mühüm mövzulardan biri də “imamət” mövzusudur. Etiqadi baxımdan istər ümumi imamət (imamət barədə ümumi məsələləri ehtiva edən imamət movzusu), istərsə də xüsusi imamət (xüsusi bir imama şamil olan imamət mövzusu) özünəməxsus və mühüm yerə malikdir. Buna görə də alim və mütəkəllimlər tarix boyu Əhli-beyt imamlarının imamət məqamlarının isbat olunmasına çalışmış və bu yolda iki – əqli və nəqli (Quran və hədis) üsuldan istifadə etmişlər.
Bu yazıda istifadə edəcəyimiz üslub isə İmam Zamanın (ə.f) imamətinin əqli dəlillərə əsaslanaraq isbat olunmasıdır. Mövzunun xüsusi imamət məsələsinə aid olmasına baxmayaraq, aşkar nəticələrin əldə olunması üçün ümumi imamət məsələsində də əqli dəlillər ön fərziyyə kimi istifadə olunur.
İmam Mehdinin (ə.f) imamətinin isbatı üçün dörd müqəddiməni qeyd edək:
İmamın mövcudluğunun zərurəti;
İmamın sifətləri (məsumluq kimi);
Səbr arqumenti və məntiqi bölgü vasitəsi ilə nümunələrin ayırd edilməsi;
İmam Mehdinin (ə.f) varlığı.
Deməli, dəlillərdə bu müqəddimələrdən istifadə olunacaqdır ki, onların ilk üçü əqli, dördüncüsü isə hissidir. Hissi müqəddimə isə dəlilin əqli olmasına heç bir zərər yetirmir. Çünki əqli dəlillər iki qrupa bölünür:
a) Müstəqillati əqli – bütün müqəddimələri əqli yola əsaslanan arqumentlər;
b) Qeyri-müstəqillati əqli - bəzi müqəddimələri əqli, bəziləri isə nəqli yola əsaslanan arqumentlər;
Birinci müqəddimə: İmamın mövcudluğunun zərurəti
Peyğəmbər (s) xəlifəsi və möminlərin rəhbəri olan İmamın (ə.f) varlığı istər sünni, istərsə də şiə olan bütün İslam firqələrinin qəbul etdiyi bir məsələdir. Deməli, imamın movcudluğunun zəruriliyi mövzusu təkcə şiələr üçün deyil, əhli-sünnənin müxtəlif firqələri üçün də əhəmiyyətli və ciddi mövzulardandır. İmamət və xilafət məsələsinin zəruriliyinə onlar da inanır və bunda heç bir şəkk-şübhə etmirlər. İxtilaf yalnız onun vacibliyinin hansı xüsusiyyət və keyfiyyətdə olmasındadır. İlk olaraq bu barədə şiə və əhli-sünnə firqələrinin baxışlarını xülasə olaraq qeyd edək:
Şiə məzhəbindəki əqidəvi cərəyanlar
a) On iki imamçılar (imamiyyə);
İmamiyyələrin nəzərinə əsasən, imamət vacibdir. İmamiyyənin böyük mütəkəllimlərindən (teoloqlarından) biri Nəsrəddin Tusi deyir:
الامامیة یقولون: نصب الامام لطف، لانّه یقرب من الطاعة و یبعد عن المعصیة و اللطف واجب علی الله تعالی
“İmamiyyə deyir: “İmamın təyin olunması lütfdür. Ona görə ki, camaatı itaətə yaxınlaşdırır və günahlardan isə uzaq edir. Allah üçün isə lütf vacibdir”.[1]
Qeyd: Bütün firqələr imamətin vacibliyinə inanırlar. Lakin bunun (imamın seçilməsinin) Allah və ya camaat üçün vacib olması məsələsində ixtilaf və müxtəlif nəzərlər mövcuddur. “İmamın seçilməsi Allah üçün vacibdir” nəzərindəki vaciblik teoloji (kəlami), “İmamın seçilməsi camaat üçün vacibdir” nəzərindəki vaciblik isə fiqhidir. Əhli-sünnə firqələri də məhz fiqhi vacibliyə, yəni imamın camaat tərəfindən seçilməsinin vacibliyinə inanırlar.
Teoloji vaciblik dedikdə isə ədalət, hikmət, rəhmət və Allahın digər kəmal sifətlərinə əsaslanan iş nəzərdə tutulur. Belə bir işin tərk olunması Allahda nöqsanın yaranmasına gətirib çıxarır. Nəticə etibarı ilə bu mümkün deyil. Deməli, belə bir işin həyata keçməsi Allah üçün vacib və zəruridir. Əlbəttə, heç kəs bu işi Allah üçün vacib etmir. O, öz kəmal və cəlal sifətlərinin tələbinə əsasən bunu özünə vacib edir. Belə ki Allah buyurur:
كَتَبَ رَبُّكُمْ عَلی نَفْسِهِ الرَّحْمَةَ
“Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir”.[2]
اِنَّ عَلَینا لَلْهُدی
“Şübhəsiz, hidayət etmək Bizim öhdəmizədir”. [3]
İmamiyyə imamın seçilməsini Allahın lütf və hikmətinə əsaslanan bir iş bilir və buna görə də bu işi Allah üçün vacib hesab edir.
b) İsmailiyyə;
İsmailiyyə firqəsi də imamiyyə kimi imamın varlığını zəruri hesab edir. Aralarındakı fərq imamətin fəlsəfəsindədir. Onlar inanırlar ki, imamətin fəlsəfəsi bəşərə Allahı tanımağı (Allaha mərifəti) öyrətməkdir.
Mərhum Fazil Miqdad deyir: “İsmailiyyə Allaha mərifətin bəşərə öyrədilməsindən ötrü imaməti (imam seçməyi) Allah üçün vacib hesab edir”.[4]
İsmailiyyə firqəsinin baxışının izahı:
İsmailiyyə firqəsi yaradılış aləmini iki hissəyə bölür:
Batini aləm (əmr və qeyb). Bu aləm əql, ruh və nəfsə şamil olunur. Bu aləmin ilk (məxluqu) mövcudu birinci səbəbdir (əqli əvvəl). Ondan sonra digər səbəblər və nəfs xəlq olundu.
Zahiri aləm (yaradılış və şəhadət). Onları imamı batini və ya əmr aləminin məzhəri hesab edirlər. Onlara görə imamın məqamı (rütbəsi) nəfsin məzhəri olan peyğəmbərdən üstündür və imam olmadan Allahı tanımaq mümkün deyil. Buna görə də Allahın varlığı imamın varlığında təcəlli edir.
c) Zeydiyyə;
İmamətin isbatı və şərtlərində imamiyyə ilə ciddi fərqləri olsa belə, onlar da imamın varlığını zəruri (Allah üçün vacib) hesab edirlər. Xacə Nəsrəddin Tusi hesab edir ki, onlar da imamın seçilməsini Allah üçün vacib olduğuna inanırlar.[5] Əlbəttə, qeyd edək ki, onların az bir qismi bu inancda deyillər. Yəni imamın seçilməsinin Allah üçün vacib olmadığına əhli-sünnədə olduğu kimi bu işin camaat üçün vacibliyinə inanırlar. Buna baxmayaraq, imamın varlığının zərurəti məsələsində digər şiə firqələri ilə həmfikirdirlər.
Deməli, şiə firqələri arasında imamın mövcudluq fəlsəfəsi barədə ixtilaflar olsa da, onun varlığının cəmiyyətdəki zəruriliyinə inanırlar.
Əhli-sünnə məzhəbindəki əqidəvi cərəyanlar
a) Əşairə;
Əşairə də imamın varlığının vacibliyinə inanır. Onların bir çox kitablarında bunun əksini tapmaq mümkündür. Hüsn və qübhi əqlini [6] qəbul etmədiklərinə görə imamətin vacibliyini fiqhi vaciblik hesab edərək imam seçmə işinin vacibliyini Allahın yox, camaatın öhdəsində olduğunu deyirlər.
Onlar da imamın seçilməsinə və cəmiyyətdəki zəruriliyinə inanırlar. Lakin nəzərlərindəki fərq bundan ibarətdir:
İmamın təyin olunması və seçilməsi işinin vacibliyi Allahın deyil, camaatın öhdəsindədir (yəni imamətin vacibliyi fiqhidir, teoloji (kəlami) deyil).
İmamın təyin və seçilməsinin işinin vacibliyi əqli dəlillərə deyil, nəqli dəlillərə əsaslanır.
b) Mötəzilə;
Bu firqənin mütəkəllimlərindən (teoloqlarından) olmuş Əbu Bəkr Usəmm və Haşim ibn Əmru Fəvtidən başqa əksəriyyəti imamətin vacibliyinə inanır. Mötəziləyə görə imamın təyini və seçilməsi camaatın öhdəsindədir.
c) Matüridiyyə;
Bu firqə də imamın təyin olunmasının vacibliyinə inanır. Lakin digər əhli-sünnə firqələri də bu işin vacibliyinin camaatın öhdəsində olduğunu deyir. Onlar da əşairələr kimi imamətin vacibliyinin nəqli dəlillərə əsaslandığını deyirlər.[7]
d) Sələfiyyə-vəhabiyyə;
Bu cərəyan da imamət və xilafət məsələsinin vacibliyinə inanır. İbn Qüddamə Məqdəsi belə deyir:
الخلافة منصب كبیر و مسؤولیة عظیمة و هی تولّی تدبیر امور المسلمین بحیث یكون هو المسؤول الاوّل فی ذلك. و هی فرض كفایة، لأنّ امور الناس لاتقوم الّا بها
“Xilafət böyük vəzifə və əzəmətli məsuliyyətə malik bir işdir. Xilafət müsəlmanların işlərinin idarə olunmasını öhdəyə götürmək və bu işdə ilk olaraq məsuliyyət daşımaqdan ibarətdir. Bu (xilafət) vacibi kifayədir.[8] Ona görə ki, müsəmanların işi xilafətsiz davamlı ola bilməz”.[9]
Deməli, bütün firqələr müəyyən ixtilafları nəzərə almasaq, imamətin zəruriliyini qəbul edir və bu barədə müttəfiqdir. Lakin belə bir sual yaranır ki, imamətin zəruriliyini isbatlayacaq hansı dəlillər vardır?
Ardı var...
[1] Təlxisül-mühəssəl, səh/407.
[2] Ənam surəsi, ayə/54.
[3] Ləyl surəsi, ayə/12.
[4] İrşadut-talibin, səh/227.
[5] Qəvaidül-əqaid, səh/110.
[6] Əqlin pis və yaxşını ayırd etmək qabiliyyətinə malik olması.
[7] Əhli-sünnədəki etiqadi cərəyanlardan biridir. Bu əqidə məktəbinin təsisçisi isə Əbu Mənsur Matüridi kimi tanınmış Muhəmməd ibn Muhəmməd ibn Mahmud Matüridi Səmərqəndidir. 333-cü ildə (h.q) Səmərqənd şəhərində vəfat etmişdir.
[8] Vacibi kifayi-fiqhi termindir. Yəni hər hansısa bir vacib işi bir nəfər öhdəsinə götürərsə, digərlərinin üzərindən bu iş götürülər. Əgər bir nəfər bu işi öz öhdəsinə götürməzsə, işin vacibliyi hamı üçün qüvvədə qalacaqdır. Misal üçün, meyit namazı.
[9] Lümətül-etiqad, Mühəmməd ibn Saleh Üseyminin şərhi, səh/156.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər