Dünənki kimi olmasın |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 09:20 | Şərh sayı: (0) | Baxılıb: 301
Dünənki kimi olmasın
Bir lətifə var, son günlər tez-tez yadıma düşür. Dovşan avtobusa minir, görür oturmağa yer yoxdur, deyir: “Tez mənə yer verin, yoxsa dünənki kimi olacaq”. Heyvanlar qorxu və təəccüblə bir-birinə baxır, canavar isə durub dovşanın qulağının dibinə bir yumruq ilişdirir, deyir: “Hə, indi de görək dünən nə olmuşdu”. Dovşan zərbədən yerə uzanmış halda birtəhər başını qaldırıb mızıldanır: “Elə dünən də təxminən bu cür olmuşdu”.
Söhbət ondadır ki, neft gəlirlərinin azalması ilə karton evcik kimi darmadağın olmuş Azərbaycan iqtisadiyyatının təzədən dirçəlməsini yenə neft amilinə bağlayanlar var. Hələ də bəzi vətəndaşlarımız, o cümlədən iqtidar nümayəndələri ümid edirlər bəlkə neft təzədən bahalaşacaq, dollarlar gələcək, biz də yeyib-yatacağıq. Halbuki bu böhran normal cəmiyyətlər, ağlı başında olan hakimiyyət nümayəndələri üçün bir fürsət, bir toparlanmaq, dəyişiklik etmək şansı ola bilərdi. Şəxsən mən indiki devalvasiya və inflyasiyaya xəstə iqtisadi və siyasi sistemimizin bir qızdırması, neft və diktatura mikroblarına qarşı reaksiyası sayıram. Biz yetərincə güclü cəmiyyətik, kadrlarımız, potensialımız var, bu krizisdən uğurla çıxa bilərik. Dünya xalqlarının tarixi göstərir ki, bu, sağalmaz xəstəlik deyil.
Yoxsa “dünənki kimi olsun” bizə nə verəcək? Lap hesab edək fantastika oldu, təzədən neftin bir bareli 110 dollara qalxdı. Azərbaycan hakimiyyəti bundan necə yararlanacaq? Yenə tragikomik idman yarışları, hasarlar, korrupsiya, siyasi repressiya, saxta seçkilər və sairə olasıdır. Yenə neft dollarları Leyla Yunus, Xədicə İsmayıl kimi qadınları həbsxanalara doldurmağa sərf ediləcək. Yenə öz ölkəmizdə, öz yurdumuzda hər cür rəzalətdən utana-utana yaşayasıyıq. Sizə bu lazımdırmı?
Burda bir haşiyə çıxım. Kimlərsə bizi yersiz optimizmdə qınaya bilər, haqlı da görünər. Ancaq ilk baxışdan belədir. Hətta hazırkı dünyada qlobal böhranlar da bəşər tarixinə nəzər salanda elə faciəvi deyil. Örnək üçün, 21-ci əsrin ilk 15 ilində müxtəlif münaqişə və savaşlarda 1 milyona yaxın insanın həlak olduğu hesablanıb. 20-ci əsrin ilk 15-16 ilində isə birinci dünya savaşındakı itkilər daxil, dünyada 22 milyona yaxın insan münaqişələrdə həlak olmuşdu. Sinik görünmək istəməzdim, mənim üçün heç bir insanın qətli statistika deyil, ancaq hər halda miqyası özünüz üçün müqayisə edə bilərsiniz. Bəşəriyyət bütün hallarda qabağa gedib. Bir döyüşdə 250 min əsgərin həlak olduğu dönəmləri düşünün.
Cəmiyyətdə yaşadığı rejimdən narazılıq hallarının artması, dünənə kimi susanların, hətta yaltaqlıq edənlərin danışması müsbət haldır. 90-cı illərin sonunda “Azərcell” şirkəti bazara yaxşı bir reklamla girmişdi. “İndi hamı danışacaq!”, “Axı necə?”, “Hüdudları aşacaqsınız!” kimi sloqanları-şüarları vardı. Dünənə qədər yapizmin konsert-şoularında mikrofona növbəyə duran manıslar belə dil açıblar! Biri deyir daha pulsuz oxumayacağıq, başqası nə az, nə çox: xalqı meydanlara çıxmağa səsləyir! Elə bil Janna d Ark-dır. Ya da Ejen Delakrua-nın məşhur tablosundakı əli bayraqlı qadın - zövqə baxır, kimə hansı sərfəlidirsə, elə görsün.
Lazımsız idarə və nazirliklərin ləğvi, monopoliyaya son qoymaq çağırışlarının iqtidar tərəfindən səsləndirilməsi də müsbət dəyişiklik anonsu sayıla bilər, çünki dünənə qədər bu problemləri onlar nəinki etiraf edirdilər, hətta bunu deyənləri döyür, öldürür, tuturdular. Prinsipcə, monopoliya yenə ləğv edilməyib, ancaq onun varlığının etirafı önəmli etapdır. Çünki biz indiyə qədər guya olmayan bir şeylə mübarizə aparırdıq. Bu isə heç bir oyun qaydalarına uyğun gəlmirdi. Elə bil sən stadiona futbol oynamağa girib bir dəstə quduz taekvondoçunun təpiyi altında qalırdın.
Uzun sözün qısası, mən hazırda neftin dünya bazarında ümumiyyətlə müftə olmasını arzu edirəm.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər