Bölgələrdə bahalaşma əleyhinə aksiyalar keçirilir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 08:34 | Şərh sayı: (0) | Baxılıb: 830
Bölgələrdə bahalaşma əleyhinə aksiyalar keçirilir
Siyəzən, Lənkəran, Füzuli, Ağsuda yüzlərlə sakin qiymət artımına etiraz etdi; saxlanılanlar arasında müxalifətçilər də var
Dünən ölkənin bir neçə rayonunda bahalaşmalara etiraz olaraq, aksiyalar keçirilib. Siyəzəndə icra hakimiyyətinin binası qarşısında bahalaşmaya və işsizliyə görə aksiya keçirilib. Bu barədə musavat.com-a yerli qaynaqlar məlumat veriblər. Məlumatda iddia olunur ki, günün birinci yarısında baş verən aksiyaya görə rayona Daxili Qoşunların və Çevik Polis Alayının qüvvələri gətirilib. Aksiyaya səbəb kimi unun bahalaşması və işsizlik göstərilir.
Məlumat verən qaynaq iddia edir ki, rayon mərkəzində yerləşən məscidin həyətində bir qadın özünü yandırıb. Qadının maddi problemlərinin olduğu bildirilir.
Aksiyaçılar arasında saxlananlar var. Deputat Tahir Süleymanov rayona gəlsə də, sakinlərlə görüşə bilməyib.
APA-ya açıqlamasında Siyəzən RİH başçısının müavini Zəfər Əliyev bildirib ki, rayonda sabitlik təmin olunub.
O qeyd edib ki, rayonda keçirilən aksiyada ölən və yaralananların olması barədə yayılan informasiyalar həqiqətə uyğun deyil: “Rayonda sakitlik bərpa olunub, hər şey nəzarət altındadır”.
“Siyəzən rayon xəstəxanasına gözyaşardıcı qazdan zəhərlənən 13 yaşlı məktəbli gətirilib”. Bu haqda AzadlıqRadiosuna Siyəzən rayon xəstəxanasının həkimi İdris Mehdili məlumat verib. Məktəbli xəstəxanaya öskürək və boğulma diaqnozu ilə yerləşdirilib.
Ağsuda icra başçısı aksiyaçıları qəbul edib - YENİLƏNİB, FOTOLAR Yüklə
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Yeni Müsavat”ın əməkdaşının sorğusuna cavab olaraq aksiya zamanı 1 qadının yaralandığını təsdiqləyib: “Siyəzəndə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərən bir qrup sakin öz aqressiv davranışları ilə ətrafdakı dinc insanların həyatı üçün təhlükə yaradıblar. İctimai asayişi təmin edən polis əməkdaşları onların bu qanunsuz hərəkətlərinin qarşısını alarkən həmin şəxslər polisə müqavimət göstərib. Onlara daş və digər əşyalar atıblar. Qanun pozucularının atdığı daşlardan biri azyaşlını məktəbə aparan gənc xanıma dəyib və o, ciddi xəsarət alaraq yerə yıxılıb. Dərhal 2 polis əməkdaşı öz həyatlarını riskə qoyaraq yaralı xanımı xilas edərək çağırdıqları təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıblar”.
Füzulidə isə yanvarın 12-də baş tutan aksiya dünən də davam etdirilib. Rayon sakinləri Bala Bəhmənli kəndi ərazisindən keçən Bakı-Horadiz yolunu bağlayaraq unun bahalaşmasına, işsizliyə etirazlarını bildiriblər. Aksiyada 1000-ə yaxın adam iştirak edib. Rayonun icra başçısı Alı Alıyev aksiyaçılarla görüşüb.
Ağsuda icra başçısı aksiyaçıları qəbul edib - YENİLƏNİB, FOTOLAR Yüklə
Onun tapşırığından sonra əvvəllər kisəsi 35-36 manata satılan un 25 manata endirilib. İcra başçısı ilə əhalinin görüşündən sonra rayonda etirazçılar da sakitləşiblər. İcra başçısı aksiyaçılara vəd verib ki, yanvarın 15-də icra hakimiyyətində onlarla görüş keçiriləcək və tələbləri nəzərə alınacaq. Bununla belə, etirazçılar ərazini tam boşaltmayacaqlarını deyiblər. Aksiyaçılardan bəzilərinin saxlanılması xəbəri var.
“Füzulidə baş verən etiraz aksiyasına səbəb qiymət artımıdır”. Bunu APA-ya açıqlamasında Füzuli RİH başçısının birinci müavini Bağır Aslanov deyib. O qeyd edib ki, rayon icra hakimiyyəti rəhbərliyinin sakinlərlə apardığı danışıq nəticəsində etirazçılar dağılışıb: “Saxlanılan və xəsarət alan olmayıb”.
Yanvarın 13-də Ağcabədidən də aksiya xəbərləri gəlib. Rayon sakinləri bahalaşmaya və işsizliyə son qoyulması tələbi ilə küçələrə çıxıb. Aksiya zamanı hər hansı bir insidentin qeydə alınması haqda məlumat yoxdur. Orada da sakinlər sosial tələblərlə çıxış edib.
“Ağsu rayonunda yerli sakinlər tərəfindən etiraz aksiyası keçirilməyib”. Bu barədə APA-ya rayon İH başçısının birinci müavini Rasim Novruzov bildirib.
Onun sözlərinə görə, rayonun bir qrup sakini qiymət artımı, əsasən də unun qiymətinin artırılması ilə bağlı icra hakimiyyətinə gəlib. Sakinlər Ağsu RİH-in başçısı Ənvər Seyidəliyev tərəfindən qəbul olunub. Başçı sakinləri dinləyib, onlara bildirib ki, süni qiymət artımının qarşısı alınacaq. Sahibkarlarla bununla bağlı görüş keçirilib. Məlumata görə, son günlər rayonda unun qiymətində artım olsa da, hazırda 50 kiloqramlıq un kisələri 27 manat 50 qəpiyə satılır.
Yanvarın 11-də Lənkəranda bahalaşma əleyhinə keçirilmiş aksiyaya qatılanlardan 7 nəfərinin yanvarın 13-də məhkəməsi olub. Onlardan 4-ü cərimələnərək sərbəst buraxılıb, 3 nəfər barəsində inzibati həbs qərarı seçilib. AXCP-nin yerli təşkilatının sədri Nazim Həsənliyə və Müsavatın yerli təşkilatının sədri İman Əliyevə 1 aylıq həbs cəzası verilib.
İman Əliyev tutulmazdan əvvəl bildirmişdi ki, o, yoldan keçərkən bu aksiyanın şahidi olub. Nazim Həsənli də məhkəmədə deyib ki, o, aksiya zamanı dərsdə olub. Sadəcə, aksiya ilə bağlı şəkilləri özünün facebook səhifəsində paylaşıb.
Yanvarın 13-də Müsavat başqanı Arif Hacılı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub. Müsavat başqanı bildirib ki, o, BMCMİ-yə vəkil Nemət Kərimli ilə gedib. Orada qurumun rəisi Seyfulla Əzimovla görüşüb. BMCMİ-nin rəisi A.Hacılıya bildirib ki, onlarda son günlər rayonlarda baş verən kütləvi etiraz aksiyalarının təşkilində Müsavatın rolu barədə məlumatlar var. S. Əzimov bu görüşün məqsədinin həmin məlumatlarla bağlı Müsavata xəbərdarlıq edilməsi olduğunu bildirib.
A. Hacılı isə ona cavab olaraq bildirib ki, Müsavat hələ ki, kütləvi aksiyalar barədə qərar verməyib: “Bildirdim ki, Müsavat Partiyası tərəfindən kütləvi aksiyaların keçirilməsinə dair qərar qəbul edildikdə, bununla bağlı konstitusiyaya uyğun olaraq müvafiq dövlət orqanlarına rəsmi məlumat veriləcək”.
DİN-dən “Yeni Müsavat”ın əməkdaşına bildirdilər ki, baş verənlərlə bağlı rəsmi məlumat yayacaqlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər