Görəsən, baş nazirimiz nə deyir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-12-2015, 10:08 | Şərh sayı: (0) | Baxılıb: 330
Görəsən, baş nazirimiz nə deyir?
Keçən il BMT dünyanın ən xoşbəxt ölkələrinin reytinqini açıqlayanda məlum olmuşdu ki, 156 ölkə arasında Azərbaycan 116-cı “xoşbəxt”dir. O zaman ölkəmizin xoşbəxtlik əmsalına görə, nəinki Avropa dövlətlərindən, hətta İran, İraq, Zimbabve, Tunis, Qana dövlətlərindən də geridə qalması bizi yaman pərt eləmişdi. Hansı ki, onda nə manatın devalvasiya müsibəti olmuşdu, nə də neft 36 dollara düşmüşdü...
Bu gün bizim neçənci “xoşbəxtik” olduğumuzu bilmək üçün ciddi iqtisadi təhlillərə, hesabatları gözləməyə ehtiyac da yoxdur, küçədə 10 dəqiqə ayaq saxlayıb adamların üzünə baxmaq kifayətdir. Hüznlüdür adamlarımız.
2008-ci il böhranı yadınızdadırmı? Onda Hesablama Palatasının sədri işləyən Heydər Əsədov demişdi ki, böhran Azərbaycana təsir etməyib, sadəcə “sürtünüb keçib”. Onda neftin qiyməti indikindən 3-4 dəfə bahaydı deyə, ciddi təsir hiss olunmamışdı. 50 illik neft, 100 illik qaz ehtiyatımızın olması barədə proqnozlar rəsmiləri o qədər rahatlamışdı ki, belə təkliflərə qulaq asmağı belə vaxt itkisi sayırdılar. Nəticə ortadadır.
Budur, böhran gecə yarısı qapını sındırıb evimizə girib, indi yada düşür ki, gərək vaxtilə iri zavodlar tikəydik. Olan-qalan zavodların qapılarını möhürlənməsi, iş adamlarının ölkədən didərgin salınmasında rol oynayanların da “xidmətləri” yada salınmalıdır. Statistika var idi e, ölkədə açılan iş yerlərinin 1 milyona çatması ilə bağlı, qoy bu statistikanı hazırlayıb dövlət başçısına və cəmiyyətə təqdim edənlər cavab versin. O qədər iş yeri açıldısa, niyə Azərbaycanda cəmi dörd şəhər və rayon dotasiyasız yaşaya bildi? Niyə “yerli istahsal”la məşğul olanlar da sən demə xammalın 80-90 faizini xaricdən aldı? Niyə...
Ölkə başçısı az qala hər çıxışında ölkədəki inhisarçılıqdan, məmur özbaşınalığından danışır. Əslində bu mesajlardan sonra vəziyyət yaxşılığa doğru dəyişsəydi, xalqın xidmətçisi yox, ağası olmaq iddiasında olanlar özlərini yığışdırsaydı, bu dollar məsələsi, neftin qiyməti bizə bu qədər ziyan vurmazdı.
Məsələn, biri xaricdən kartof gətirirdi deyə, gədəbəyli məhsulunu bazara çıxara bilmədi. Digəri alma biznesinə girişdiyi üçün Quba kəndlisi almanı Qusarçayla üzü aşağa axıtdı. Başqası İrandan xiyar daşıdığı üçün Lənkəran kəndlisi çarəsiz qaldı... Nəticədə kəndlinin torpağa həvəsi rəsmən öldü. Qeyri-neft sektoru necə inkişaf edə bilərdi bu vəziyyətdə? Bir vaxtlar iqtidar deputatlarından biri demişdi ki, Gədəbəydə camaat artıq kartof yox, rayondakı qızıl mədənləri ilə maraqlanır. Əgər insanlara heç olmasa torpağı əkib-becərmək , məhsulunu satmaq imkanı yaradılsaydı, bu gün ölkənin taxıl ehtiyatı da olardı, mer-meyvəmizlə özümüzü də təmin edərdik, xarici bazara da çıxardıq.
Öz təcrübəmizdən götürək. Qəzetçilik özü də bir istehsal müəssisədir. “Yeni Müsavat”ın vaxtilə təkcə əldə qəzet satıb ailəsinə çörək qazananlarının sayı 200 nəfər idi! Ümumilikdə isə minlərlə ailə bir qəzetin sayəsində çörək qazanırdı. Amma günün birində əl yayımını yığışdırdılar, metroya qəzet buraxmadılar, köşkləri götürdülər və nəticədə həm qəzetin yayılması, məhsulunu bazara çıxartması imkanları tükəndi, həm də adamlar işsiz, ailələr çörəksiz qaldı. Üstəlik də bu ailələr dövlətə yük oldular. Ayrı-ayrı düşünülməmiş qərarlar, sui-istifadələr, məmur özbaşınalığı, inhisarçılıq halları ölkədə yüzlərlə müəssisənin qapadılmasına, on minlərlə insanın işsiz qalmasına və dövlətə yük olmalarına səbəb oldu. Əgər heç olmasa fəaliyyət göstərən zavodlar, istehsal müəssisələri qapadılmasaydı, böhran bugünkü kimi qapımızı bərk döyməzdi.
Amma daha bunlar olub, bundan sonra vəziyyətin daha da pisləşməməsi üçün çalışmalıyıq. Məsələn, baş nazir hələ vəziyyətə münasibət bildirməyib. Faktiki olaraq fövqəladə vəziyyətdir, iş adamları, fermerlər, istehsalçıların təmsilçilərindən, ekspertlərdən ibarət ümumrespublika toplantısı keçirilməli, təkliflər dinlənilməli, hansı sahədə nə etmək, bundan pis olmasının qarşısını almaq mümkünsə, təcili işlərə başlanılmalıdır.
Hələ də gec deyil. Heç olmasa adamları qışdan çıxartmaq üçün bir proqram hazırlanmalı, dərhal icraya yönəldilməlidir. 2005-2010-cu illərdə hökumətə alternativ təkliflər təqdim edənləri eşitmədilər, heç olmasa indi biganə olmasınlar. Hər halda maraqlıdır, görəsən, hörmətli baş nazirimiz vəziyyətlə bağlı nə deyir? Bir il ərzində iki devalvasiya olub, Artur müəllim hələ də münasibəti bilinmir...
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər