Dopinqlə doqquzuncu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-12-2015, 08:47 | Şərh sayı: (0) | Baxılıb: 383
Dopinqlə doqquzuncu
Dünən belə bir xəbər başlığı gördüm: “Bakıda 400 kvadratmetr sahədə qamışlıq yanır”. Bəh-bəh... Paytaxtında bu qədər qamışlıqlar olan dövlət basılmazdır. Görün bizim inkişafımız hara qədər çatıbdır. Peykimiz kosmosu şumlayır, paytaxtımızda isə qamışlıqlarda qurbağalar quruldayır. Birinci kərə deyil, bundan qabaq da mən icra hakimi Xaləddin müəllimin Binəqədi rayon YAP-ının qərargahı önündə çoxlu qamış əkdiyini görüb sevincək olmuşdum. Hətta qamışların qotazlı çiçəkləri arasından boylanan bir neçə Yalıncıq da gözümə dəymişdi. Ancaq indi yanan qamışlıq deyəsən Sabunçu tərəfdə idi. Harada olur-olsun. Təki könlümüz açılsın. Bəlkə o qamışlıqda qaban, ördək, qaşqaldaq da dolaşır. Böhran dövründə ovlayıb yaşayarıq. Öz kökümüzə - mağara dövrünə qayıdırıq. Tütək çalın, muğam oxuyun, yallı gedin. Manat cəhənnəmə ölsün.
Təzəlikcə devalvasiya haqda bir yazımı sosial şəbəkədə paylaşmışdım. Hikmət Quliyev adlı bir şəxs yazının altından şərh yazmışdı: “Sizin yazıları oxuyub kefimi korlamaq istəmirəm. Çünki AzTV-yə baxıb təsəlli alıram. Başqa yolum yoxdur, yoxsa infarkt keçirərəm”.
Doğrudan çox müdrik qərardır. Mən özüm iki gün qabaq AzTV-nin devalvasiya haqda süjetinə baxdım. Orda çıxış edən bütün zəhmətkeşlər dedilər ki, manatın ölməsinin bizə qəti təsiri yoxdur, qoy dollarla alver edənlər dərd çəksin. Hətta biri dedi ucuzluq başlayıb. Belə verilişlərə baxıb hardasa üçüncü ölçülü, paralel kainatda xoşbəxt yaşamağın nəyi pisdir? Gülə-gülə ölmək lazımdır. Son nəfəsimizə qədər optimist olmalıyıq. Bu nikbin ruhu isə hazırda bizə yalnız AzTV verir.
Bu mənada ölkənin əsas ərzaq monopolistlərindən biri “Azərsun”un malları bahalaşdırmağa məcbur olmaları haqda açıqlamasını qınayıram. İnkar eləmək olardı. Denən harda bahalıq var? Hər şey köhnə qiymətədir. Arxanda AzTV boyda şahid durur. Ancaq bunlar deyir: “Bizim insanımız düşünür ki, məhsul Azərbaycanda istehsal olunursa, niyə bahalaşıb? Anlamırlar ki, lazımlı xammal idxal olunur”.
Ey gidi dünya... Dünənə qədər mən xeyli adama izah edə bilmirdim ki, əslində bizim kənd təsərrüfatı “havadır”, şardır, içində heç zad yoxdur. “Azərbaycan malı” adıyla satılan bütün gündəlik işlənən əsas ərzaqlar - çay, yağ, un, qənd və sairə xaricdən gəlir, burda onu ancaq qaba doldurub satırlar. Ancaq kimə deyirsən... Adamlar elementar bir faktı başa düşmürdülər ki, iki hektar günəbaxan tarlası, beş metr çay sahəsi qalmayan ölkədə guya bu qədər duru günəbaxan yağları, çay istehsalı absurddur. İndi şar partlayıb. Məlum olur Azərbaycan xaricə ancaq xammal satdığı kimi, xaricdən də ancaq xammal alırmış. Əsl mağara dövrü iqtisadiyyatıdır. O vaxtlar ki, hələ pul kəşf olunmamışdı, insanlar malı mala dəyişirdilər.
Hətta zarafat üçün dükanda satıcıya dedim: “Zelandiya yağı niyə bahalaşıb, axı o bizim yerli istehsaldır!?”. Dedi, vallah, düz deyirsən, firmalar ağ ediblər.
Qəzetdə yazı var idi: “Dünyanın ən bahalı şeyləri”. Orda yaxta, təyyarə-filandan danışılırdı, ancaq məncə dünyanın ən bahalı hakimiyyəti də Ginnesin kitabına salınmalıdır. Bu, Azərbaycan hakimiyyətidir. Xalqımıza bu hakimiyyətin saxlanması son 10 ildə təxminən 100 milyard dollara başa gəlib.
Bu qədər bahalı ölkədə yaşamağın barı bir faydası olsaydı, adam yanmazdı. Amerikada ağırlıqqaldırma üzrə dünya çempionatında dopinq testdə ilişən milli komandamız bu bahalı hakimiyyətin faydaları haqda gözəl örnəkdir. Təsəvvür edin, bizim orda ilişən atletlərimiz 6 və 9-cu yerləri tutublar! Dopinq vurub doqquzuncu yeri tutan adama nə deyəsən? Belə çıxır vurmasalar ştanqın altında qalıb ölərdilər. Yapistlərin xalqımızı xilas etməsi də belə baş verib. Damara yüz milyard manatlıq neft vurulub, ancaq hamı bizi ötüb keçib, tozun içində eşələnirik.
İndi söz əlaqədar qamışlığındır.
Yazar : Zamin HACI
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər