Etirazlar səngidi, yoxsa fırtına öncəsi sükut? – Ekspert rəyləri |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 10:16 | Şərh sayı: (0) | Baxılıb: 219
Etirazlar səngidi, yoxsa fırtına öncəsi sükut? – Ekspert rəyləri
Mehman Əliyev: “Hökumət ciddi islahatlar aparmasa və vəziyyət yaxşıya doğru dəyişməsə...”; Fazil Mustafa: “İqtidar nəticə çıxartmalı, əhalinin problemlərini küçəyə daşımadan həll etməyə çalışmalıdır”
21 dekabr devalvasiyasının Azərbaycan iqtisadiyyatına vurduğu zərbənin təsirləri hələ də aradan qalxmayıb. Bazarlarda bahalaşma davam edir, insanların iş yerlərindən ixtisar edilməsi prosesi sürətlənib, problemli kreditlər banklarla vətəndaşları üz-üzə qoyub. İnsanların gündəlik istifadə etdiyi ən strateji məhsulların qiyməti iki dəfədən artıq qalxıb.
Lakin ilin ilk ayında bölgələrdə baş qaldıran etirazlar artıq təkrarlanmır. Bəs görəsən vəziyyətin dəyişmədiyi halda cəmiyyətin bu cür sakitliyi nədir: etirazlar səngidi, yoxsa bu, bir fırtına öncəsi səssizlikdir?
Siyasi şərhçi, “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əgər ciddi islahatlar aparılmaqla əhalinin həyat şəraiti düzəlməsə, etirazlar yenidən başlaya bilər: “Mən deməzdim ki, bu etirazlar səngiyib. Əgər hökumət ciddi islahatlar aparmasa və vəziyyət yaxşıya doğru dəyişməsə, növbəti etiraz dalğası başlayacaq. Bu qaçılmazdır. Vəziyyətin daha da pisləşməsi, verilən vədlərin həyata keçirilməməsi, deyilən sözlərin reallığa adekvat olmaması bu etirazların başlamasını tətikləyə bilər. Bunu hökumətdə də bilir və nəzərə alırlar. Hökumət böhrandan çıxış yolu üzərində işləyir. Ancaq bu, aparılan islahatların nə qədər dərin və geniş olmasından asılı olacaq. Lakin hazırda vəziyyət pisləşməyə doğru gedir. Heç kim gözləmirdi, heç mən də gözləmirdim ki, yanvarın ortalarında bölgələrdə etiraz aksiyaları ola bilər. Ancaq bu baş verdi və hökumət üçün soyuq duş oldu. Ona görə də, ayın 10-dan sonra 18-də yenidən iclas keçirildi, artıq islahatlar üçün konkret bəndlər verildi”.
Ekspertin sözlərinə görə, baş verə biləcək etirazların qarşısını almaq üçün real addımlar atmaq, monopoliyanı aradan qaldırmaq, azad iqtisadiyyat yaratmaq və insanların işləməsi üçün şərait yaratmaq lazımdır: “Ən əsas məqam odur ki, siyasi hakimiyyətdən şəxsi maraqlar üçün istifadə olunmamalıdır. Burada çox amillər var. Misal üçün, yaxın Gürcüstanı göstərmək olar, o qədər islahatlar aparılsa, kifayətdir. Əgər insanlara normal yaşamaq, qidalanmaq, ailələrini dolandırmaq üçün şərait yaradılmasa, onların küçələrə çıxıb etiraz etməkdən başqa çıxış yolu qalmır”.
Milli Məclisin deputatı Fazil Mustafa isə açıqlamasında qeyd etdi ki, bütün bu etirazlar devalvasiyanın insanlar üzərində yaratdığı şokun təsiri ilə baş verib: “Bu əhalinin öz gələcəyi ilə bağlı ümidsizliyindən və narahatlığından irəli gəlirdi, sistemli xarakter daşıyan bir hal deyildi. Bütövlükdə Azərbaycan cəmiyyəti etirazlar və gərginlik yaratmaq yolu ilə problemlərin həll olunmasını gözləmir. Hazırda qarışıq bir dövrdə yaşayırıq. Çevrəmizdəki problemlərin Azərbaycana sıçraması ehtimalı var. İnsanlar daha çox ölkənin təhlükəsizlik maraqlarından çıxış edirlər. O baxımdan bunun bir siyasi aksiyaya çevrilməməsi məhz təhlükəsizlik maraqları ilə bağlıdır. Hamı bilir ki, ölkədə xaos olarsa, yoxsul əhalinin problemləri daha da artacaq. Düzdür, bu etirazlar başladı, insanlar işsizliklə, bahalaşma ilə, sosial vəziyyətlə bağlı etirazlarını bildirdilər. Lakin bu problemlər masa arxasında həll olunmalıdır. Hökumət islahatlara getməlidir və çox güman ki, hakimiyyət də etirazlardan dərs çıxartdı. Ən azı bilindi ki, təlatümsüz, müəyyən qarışıqlıq olmadan islahatların aparılması vacibdir”.
F. Mustafa onu da qeyd etdi ki, ölkədə xaotik bir durum yaranarsa, hökumət çətin vəziyyətdə qalacaq, əhali də istədiyini ala bilməyəcək: “Əksinə, bundan xarici qüvvələr öz istəklərinə uyğun istifadə edəcəklər və Azərbaycanın gələcəyi də təhlükəyə girəcək. Ona görə də bu məsələnin genişlənməməsi ölkənin maraqlarına uyğundur. İqtidar bundan nəticə çıxartmalı və dərs almalı, əhalinin problemlərini küçəyə daşımadan həll etməyə çalışmalıdır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər