“Ərəb baharı” geri qayıdır? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-01-2016, 10:11 | Şərh sayı: (0) | Baxılıb: 296
“Ərəb baharı” geri qayıdır?
Tunisdəki aksiyalar 5 il öncəki durumu xatırladır; hadisələrin gedişatı Azərbaycana təsir edə bilərmi?
Tural Abbaslı: “İnqilab edən xalq...”
Elman Fəttah: “...aksiyaların keçirilməsinin önəmi yoxdur”
Günlərdir ki, Tunisdə etiraz aksiyaları keçirilir. 26 yaşlı gəncin özünə qəsd etməsindən sonra başlayan etirazlar artan xətlə inkişaf edir. İndiyə qədər mindən çox etirazçı həbs edilib.
Tunisdəki ixtişaşlar 2011-cu ilin “Ərəb baharı”nı yenidən gündəmə gətirib. Məhz 2010-cu ilin dekabrında Tunisdə gülsatan işsiz tələbənin özünü yandırmasından sonra başlayan etirazlar sonda inqilabla nəticələnmişdi. Baş verən hadisə digər ərəb ölkələrinə də təsir etmişdi. Misir, Livan və başqa ölkələrdə inqilablar baş vermiş, diktatorlar hakimiyyətdən devrilmişdi. “Ərəb baharı” ölkəmizə də təsir etmiş, 2011-ci ilin mart-aprel aylarında Bakının mərkəzində aksiyalar təşkil olunmuşdu. O zaman Azərbaycan müxalifəti Tunis və digər ərəb ölkələrində baş verənləri azadlıq mübarizəsi kimi qələmə vermişdilər. Amma indi tamam fərqli situasiyadır. Ölkə müxalifəti Tunisdə baş verənlərlə bağlı susqun mövqe nümayiş etdirir.
2011-ci il aprelin 2-də “Ərəb baharı”nın təsiri ilə Bakıda keçirilən etiraz aksiyasının təşkilatçılarından olan, aksiya ilə bağlı uzun müddət həbsxana həyatı yaşayan “Ağ blok”un təsisçisi Tural Abbaslı hesab edir ki, 5 il öncəki vəziyyətlə indiki situasiya tamam fərqlidir: “2011-ci ilin aprelində ərəb ölkələrindəki vəziyyət bizə də çatmışdı. Bununla bağlı bir sıra aksiyalar təşkil etsək də, təəssüflər olsun ki, hakimiyyətin repressiyaları ilə üzləşdik. Tunisdə yenidən aksiyaların baş qaldırması vəziyyətin düzəlməməsi ilə bağlıdır. Xalq inqilab etsə də, əvvəlki həyat tərzindən qurtula bilmədi. Bir dəfə inqilab edən xalq növbəti inqilablara da meylli olur. Öz güclərinə inanırlar. Əminəm ki, oradakı aksiyaların yenə də müsbət nəticələri olsa, Azərbaycan və bizim kimi iqtisadi böhran yaşayan ölkələrə təsiri qaçılmaz olacaq. 5 il öncəki Azərbaycanla indiki tamam fərqlidir. Hazırda aksiyalar üçün münbit şərait yetişib. 2011-ci ildə siyasi böhran var idisə, indi həm siyasi, həm də iqtisadi böhran var. Son aylarda baş verənlər vətəndaşları hakimiyyətdən narazı salıb. Müxalifət funksiyalarını düzgün yerinə yetirsə, dinc dəyişikliklər baş verə bilər”.
T.Abbaslı onu da qeyd etdi ki, Tunis və digər ərəb ölkələrindəki inqilabların Azərbaycanda təkrarlanmasını istəmir: “Ölkəmizin həmin ölkələrin taleyini yaşamasını bir vətəndaş kimi istəmirəm. Xaos bizə lazım deyil. Normal vətəndaş dövlətdə xaosun yaranmasını istəməz. Hakimiyyət indiki vəziyyətdə beynəlxalq durumu nəzərə almalıdır. Özlərini 2011-ci ildəki neft sahibləri kimi yox, aşağı düşməkdə olan neft ölkəsinin rəhbərliyi kimi aparmalıdırlar. İqtidar daxilində islahatlara getməyə məcburdur. Parlamenti buraxıb, xalqın iradəsi əsasında yenidən formalaşdırmaq lazımdır. Əks təqdirdə proseslər başqa istiqamətə yönələ bilər və qarşısını almaq mümkün olmaz. İstəməzdim ki, mənfi təsirləri olsun”.
Müsavat başqanının müavini Elman Fəttah hesab edir ki, istənilən aksiya insanların haqlı etirazlarını ifadə edir: “Aksiyaların hansı dövrdə keçirilməsinin önəmi yoxdur. İstər Tunis olsun, istərsə də digər ölkələr. Birmənalı şəkildə bunlar haqlı etirazlardır. Belə aksiyaların qələbə ilə nəticələnməsi ən doğru yoldur. Yanaşmamız 2011-ci ildəkindən fərqlənmir. Düşünürəm ki, Azərbaycan dəyişikliklər üçün yaxın zamanlarda mərkəz rolunu oynayacaq. Digər ölkələr də bizdən təsirlənəcəklər. Hazırda Azərbaycan hansısa dövlətdən təsirlənmək durumunda deyil. Sosial-iqtisadi vəziyyət elə həddə çatıb ki, yaxın vaxtlarda xalqın etirazlarını açıq şəkildə büruzə verməməsi mümkün deyil. Hələ ki müvəqqəti sakitlikdir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər