Devalvasiya xofu keçdimi... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-01-2016, 10:29 | Şərh sayı: (0) | Baxılıb: 317
Devalvasiya xofu keçdimi...
Hökumət xalqdan daha qorxmur; ekspert: “Problemlər hələ qabaqdadır...”
Ötən gün maliyyə naziri Samir Şərifovun media qarşısında dollarla verilən kreditlərə güzəşt məsələsi ilə bağlı kəskin çıxışı və konkret mövqe bildirməsi hökumətin yeni siyasi davranış modelinin başlanğıcı kimi qəbul olundu. Cəmiyyətdə belə bir düşüncə formalaşdı ki, əgər 21 dekabr devalvasiyasının ilk günlərində hökumət xalqın etirazlarından çəkinərək daha korrekt davranır və daha ehtiyatla, qeyri-müəyyən danışırdısa, artıq ictimai sabitliyin yaranmasından arxayınlaşaraq birbaşa və kəskin danışır, baş verən proseslərin məsuliyyətini öz üzərindən xalqın üzərinə atır.
Yəni bölgələrdə qalxan etirazlar həm də spontan baş verən bu hadisələrin elə də təhlükəli olmadığını və inzibati yolla həll edilə biləcəyini göstərdi. Belə çıxır, Maliyyə Naziri Samir Şərifovunda özündən əmin və kəskin danışmasının səbəbi budur. Təsadüfi deyil ki, bu yanaşmanı ekspertlər də təsdiqləyir.
İqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında hökumətin bu davranışının yanlış olduğunu bildirdi: “Bölgələrdəki etirazlar kortəbii şəkildə insanların qəzəbini ifadə elədi. Çünki insanlar bir gündə yoxsullaşdılar, qiymətlər qalxdı və bu sadəcə, spontan baş verən etirazlar idi. Hökumət qüvvələri də kifayət qədər sərt tədbirlərlə insanların etirazlarını yatırmağa üstünlük verdilər. Çox təəssüf ki, hökumətdə ola bilər belə bir təsəvvür yaranıb ki, sonradan baş verə biləcək etirazların da hamısını belə sərt tədbirlərlə yatırmaq olar. Halbuki, bu etirazlarda siyasi tələblər belə yox idi. Söhbət iqtisadi tələblərdən, bahalıqdan, yoxsullaşmadan, işsizliyin artmasından gedirdi. Artıq bu qəzəb obrazlı desək, yer altına keçib. Bu da çox təhlükəli haldır. Biz dəfələrlə demişik ki, Azərbaycanın problemlərinin küçələrdə həll olunacağına inanmırıq. Problemlər masa arxasında həllini tapmalıdır”.
“Görünür, hökumət öz gücünə inanır və normal iqtisadi islahatlarla deyil, güc vasitəsilə yarana biləcək hər hansı problemi həll edə biləcəyini düşünür”- deyən ekspert bunun çox yanlış bir yanaşma olduğunu qeyd etdi: “Çünki insanların yoxsullaşması və gəlirlərin azalması prosesi sürətləndikcə, işsizlik artdıqca yenidən bu cür etirazların kortəbii şəkildə baş qaldırması ehtimalı var. Bu da hər hansı sosial partlayışlara, xaotik duruma gətirib çıxara bilər. Bunun qarşısını almağın yolu iqtisadi-siyasi islahatlardır. Çünki problemlərin kökü həm də idarəetmədəki problemlərə dirənir. İdarəetmədə dəyişiklik olmasa, iqtisadi sahədə atılan addımların heç bir effektivliyi olmayacaq. Bu, ondan məlum olur ki, bu günə qədər atılan addımların heç bir effektivliyi olmayıb. Hətta bəzi qərarlar sonradan ləğv olunub. Hökumət gələcəkdə də baş verəcək etirazların güclə yatırılacağı üzərindən öz siyasətini qurub. Bu isə ölkə üçün yaxşı heç nə vəd etmir. Problemlərin bu cür davam etməsi sonradan daha ciddi problemlərə gətirib çıxara bilər”.
Politoloq Ərəstun Oruclu da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hökumətin bu davranışları yenidən etiraz dalğasını qaldıra bilər: “Xatırlayırsınızsa, mən bölgələrdə etirazlar başlayanda da demişdim ki, bu proseslərə xalqın ilkin reaksiyasıdır. Problemlər hələ qarşıdadır. Mən onu da düşünmürəm ki, hakimiyyət həmin dövrdə əhaliyə qarşı yumşaq davrandı. İnsanlar həbs olundu, onlara qarşı zorakılıq oldu. Xüsusən Siyəzəndə insanlara qarşı zorakılıq, həbs və döyülmə halları oldu. İndi isə Samir Şərifovun çıxışı, davranışı yenə hakimiyyətin vəziyyəti düzgün dəyərləndirməməsidir. Samir Şərifov elə danışır ki, sanki ölkənin maliyyə durumunu bir gündə yoxsullaşan insanlar idarə edib, o özü yox. Maliyyə naziri az qalır ki, xalqı borclu çıxartsın. Bu gün ölkədə iqtisadi sektorda baş verənlərə məsuliyyət daşıyan insanlardan biri, bəlkə də birincisi Samir Şərifovdur. Onun bu tonda danışması, insanlara bu cür kobud şəkildə mesajlar verməsi sadəcə, anlaşılan deyil. Bu insan ya reallıq hissini itirib, ya da tamam başqa meyarlarla davranmağa üstünlük verir”.
Politoloqun fikrincə, hökumət rəsmilərinin bu cür davranışı insanlarda qıcıq yaradır: “Ölkənin maliyyə naziri əhaliyə müraciət edib deyir ki, camaat yastığın altındakı pulları çıxarıb gətirsin, bu nazirlər öz yastıqları ilə sadə insanların yastıqlarını səhv salmamalıdırlar. Bunlar elə bilməsinlər ki, hamının yastığının altı dəstə-dəstə pullarla doludur. Bu da reallıq hissinin itirilməsindən xəbər verir. Nə qədər ki, millətə bu cür münasibət göstəriləcək, bunun fəsadları da bir o qədər ağrılı olacaq. Etirazlar yenidən başlaya bilər. Çünki proses dayanmayıb, insanlar yoxsullaşmaqda davam edir, heç bir proses yoxdur, hansısa addımın atılacağı görünmür. Beynəlxalq Valyuta Fondunun nümayəndələri mətbuata açıqlama verirlər ki, danışıq üçün gəliblər. Digər tərəfdən isə Samir Şərifov bəyanat verir ki, bizim heç bir borcumuz yoxdur. Belə çıxır ki, Dünya Bankı ilə Beynəlxalq Valyuta Fondu Azərbaycana yalvarır ki, bizdən pul götürün. Bu dəyərləndirmənin özü də reallıqdan uzaqdır və cəmiyyətə sayğısızlıqdır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər