“Manat dalanı”ndan çıxış yolu: gömrükdəki monopoliyaya son |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-12-2015, 13:50 | Şərh sayı: (0) | Baxılıb: 353
“Manat dalanı”ndan çıxış yolu: gömrükdəki monopoliyaya son
İkinci devalvasiya hakimiyyəti buna vadar edir; ekspertlərin fikirləri müxtəlifdir
Musavat.com yazır: Dekabrın 21-də Azərbaycanda baş verən ikinci devalvasiya hökuməti bir sıra vacib qərarlar qəbul etməyə vadar edib. İqtidarın iqtisadi böhranın qarşısını almaq üçün yanvarın 1-dən gömrük sistemində illərdir davam edən monopoliyanı aradan qaldıracağı barədə addımlar atacağı deyilir.
Strateq.az bildirir ki, iş adamlarına öz firmaları vasitəsi ilə ölkəyə istənilən məhsulları, xüsusən ərzaq gətirməkdə sərbəst veriləcək. Yalnız dövlət rüsumları ödənəcək, Azərbaycana gətirilən məhsulların çeşidi ilə bağlı əvvəlki qadağalar isə birmənalı şəkildə aradan qaldırılacaq. Mənbənin məlumatında deyilir: “Hökumət bu addımı atmağa məcbur qaldı. Çünki manat kəskin ucuzlaşır, ölkə idxaldan asılı vəziyyətdədir. Ölkəyə gətirilən bütün məhsullar dollar və ya avro ilə alınır.
Dolların bahalaşdığı şəraitdə, təbii ki, bütün məhsulların qiymətləri artacaq, eyni zamanda gömrükdə iş adamlarından tələb olunan qeyri-rəsmi ödənişləri də bunun üzərinə gəldikdə, ölkədə dəhşətli bir bahalaşma yaranar. Bir faktı da nəzərə almaq lazımdır ki, əlində pulu olan əksər iş adamları bu şərtlər daxilində ticarət aparmırlar. Ya pullarını ölkədən çıxarırlar, ya da dollara çevirib evdə saxlayırlar. Bu da ölkədə bahalaşma ilə kəskin ziddiyyət təşkil edən pul qıtlığına, ticarət dövriyyəsinin zəifləməsinə gətirib çıxarır. Ölkə iqtisadiyyatında xaos yarana bilər, gömrükdə monopoliyanın aradan qaldırılması bu vəziyyətdən yeganə çıxış yoludur”.
Qeyd edək ki, zaman-zaman gömrük məntəqələrində baş alıb gedən özbaşınalıqla bağlı mətbuatda xəbərlər gedib. Lakin bu sağalmaz “xəstəliy”in qarşısını almaq üçün aidiyyəti orqanlar lazımı tədbirlər görməyiblər. Bu problemlərın bəlkə də ən çox tüğyan etdiyi yer Gürcüstan- Azərbaycan sərhədidir. Ekspertlər hesab edirlər ki, hökumət bu istiqamətdə islahatlar aparsa, nəhayət özbaşınalıqların qarşısını ala bilər.
Gürcüstan-Azərbaycan sərhədindəki problemlərlə bağlı dövlət qurumlarına çoxsaylı müraciətlər ünvanlayan, həmin ərazidə monitorinqlər aparan “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirdi ki, cəmiyyətimizdə əsas naqisliklərin kökündə islahatların aparılmaması dayanır: “Siyasi hakimiyyətin bəzi qolları, bu problemlərin yaranmasında başlıca rol oynayırlar. Çünki gömrük məntəqələrinə kommersiya gözü ilə baxırlar. Belə olan halda yuxarıdan aşağıya zəncirvari problemlər süzülür. Aşağıdan yığılan vəsaitlər yuxarılara ötürülür. Bu baxımdan inzibati qaydada bu məsələlərin həllində perspektiv görmürəm. Səbəb odur ki, ölkə başçısı Gürcüstanda səfərdə olduğu ərəfədə orada yaşayan soydaşlarımızla bağlı bir sıra pozitiv bəyanatlar verdi. O cümlədən, sərhəd-keçid məntəqələrində şəffaflığın aparılması ilə bağlı. Bu bəyanatlardan sonra vəziyyət daha da gərginləşdi. Prezident dövlətin təmsilçisidir. Onun bəyanatlarını müvafiq qurumlar eşitmirsə, yaxud eşitməməzliyə vurursa, burada inzibati qaydada məsələlərin həll olunması perspektivi azdır. Amma bütün hallarda qanunvericilik bazası yaradılırsa, müəyyən addımlar atılırsa, bunun özü pozitivdir. Bu cür məsələlərin həllini ciddi islahatlarda, cəmiyyətin demokratikləşməsində, yerli idarə orqanlarından yuxarıya doğru olan vəzifələrin azad seçki şəklində təşkil olmasında görürəm. Bunun alternativ ikinci bir variantı yoxdur. Tutaq ki, bu məsələ ilə bağlı qərar verildi. Bəs digər sahələrdəki naqislik, rüşvətxorluq, korrupsiya, vətəndaş haqqının pozulması, Bakının tar-mar olunması, xiyabanların satılmasının sonu necə olacaq? Sadaladığım məsələlər aradan qalxsa, xüsusi bir göstəriş verməyə heç bir əsas olmayacaq”.
İqtisadçı-ekspert Qadir İbrahimli gömrük məntəqələrindəki problemlərin həlli yollarından danışdı: “Gömrük sistemində liberallaşdırılma aparılsa, yəni ”ASAN xidmət" rejiminə keçilsə, bu ölkədə iqtisadi sektorda ciddi dəyişikliklər olar. Bu gömrük sistemində monopoliyanın, büdcəyə əlavə vəsaitlərin daxil olması, idxal sektorunda rəqabət mühitinin artırılması qiymətlərin minimuma endirilməsi deməkdir. O zaman burada süni qiymət artımından söhbət getməyəcək. Qiymətləri bazar özü tənzimləyəcək. Çox radikal bir qərar olardı. Ehtimalım yoxdur ki, hökumət buna gedər. Getsə də, tam şəffaflıq mühitinin təmin olunmasına gümanım yoxdur. Çünki gömrük mafiyası böyük vəsaitlərə nəzarət edir. Burada il ərzində təxminən 10 milyard vəsaitdən söhbət gedir.
Təxmini hesablamalara görə, bu vəsaitin 5 milyardı sənədləşdirilməyən mallardan “qazanılan” pullardır. Bu pullar əgər büdcəyə getsə, digər 5 milyard sahibkarların nəzarətində qalsa, təbii ki, ölkədə iqtisadi mühiti bir qədər mülayimləşdirə bilər. Açığı bu məsələlərlə bağlı gözləntilərim yoxdur. Əslində hazırda hökumətin çıxış yolu da yoxdur. Elə bir vəziyyət yaranıb ki, hökumət iqtisadiyyatda liberallaşmaya getməyə məhkumdur. Amma nəzərə alaq ki, bu zərurət bir il öncə də yaranmışdı. Çox gözlənilsə də, lazımı addımlar atılmadı. Səbəb isə, monopolistlərin hökumətə olan təsirlərinin qalmasıdır. Amma indi iqtisadiyyatın liberallaşdırılmasından başqa çıxış yolu qalmayıb. Alternativlər tükənib. Neft gəlirlərinin azalması, bir il ərzində olan devalvasiyalar iqtidarı çətin duruma salıb".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər