“Sovetski”nin son durumu: Söküntü prosesi sürətləndirilib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 14:45 | Şərh sayı: (0) | Baxılıb: 280
“Sovetski”nin son durumu: Söküntü prosesi sürətləndirilib
“Sovetski” kimi tanınan məhəllədə söküntü işləri daha da sürətləndirilib. Musavat.com-un məlumatına görə, burada söküntü işləri demək olar ki, şənbə və bazar günləri də daxil olmaqla, hər gün aparılır. Məhəllənin Mirzağa Əliyev, Dilarə Əliyeva, Süleyman Rəhimov küçələrinin bir hissəsi, Mustafa Sübhi, Zülfi Adıgözəlov, Abdulla Şaiq küçələri isə tamamilə sökülüb.
İndiyə qədər bu məhəllədə 2000-dən çox ev sökülsə də, hökumətin təklif etdiyi hər kvadratmetrə görə 1500 manat məbləğində olan kompensasiya ilə razılaşmayıb, oradan köçməyənlər də var. Köçməyənlər isə daha çox mənzillərinin kvadratı az olan ailələrdir.
Onlar bildirirlər ki, daşınmaz əmlak bazarında qiymətlər yüksək olduğu üçün hökumətin təklif etdiyi 1500 manatla haradasa ev almaq çətin məsələdir. Ona görə də, yaşadıqları məkandan köçmək istəmirlər.
Sakin Kərim Qasımov hesab edir ki, hökumət hazırkı şəraitdə kompensasiyanı artırmalıdır: “Manatın devalvasiyasından sonra hər şeyin qiyməti qalxıb. Elə tikinti bazarında da qiymətlər kəllə-çarxa çatıb. Xüsusilə də taxtanın qiyməti iki dəfə qalxıb. Əvvəl düşünürdük ki, hökumətin verdiyi pulu alıb, haradasa ev tikək. İndi onu da etmək mümkün deyil. Belə olduğu təqdirdə, bir yol var. O da hökumətin verəcəyi 1500 manatı artırmasıdır. Buranı sökürlər, nə qədər tikinti material əldə edirlər. Madam ki, bazarda qiymətlər qalxıb, hökumət də bizim evlərdən əldə etdiyi materialın qiymətini qaldırıb, verəcəyi pulun məbləğin artırsın. İndi sökə-sökə gedirlər. Kommunal xətlərə dəyməsələr də, sökülən evlərin işıqları kəsilir. Elektrik xətləri haradan gəldi, aparılır. Elə yerlər var ki, elektrik xəttini qaz turbasına bağlayıblar. Bunların hamısı təhlükədir. Hər tərəf də sökülür. Hava yaxşı olanda tozdan, yağış yağanda isə palçıqdan tərpənmək olmur. Ancaq haqqına deyim ki, heç kim bizi məcbur etmir ki, evimizdən çıxaq. Sadəcə, şərait elədir ki, burada yaşamaq çətinləşir”.
Ərazidə çalışan ustalar isə bildirdilər ki, söküntü aparıldıqca ətrafı təmizləyəcəklər. Ustaların sözlərinə görə, evlər söküldükcə daşları və digər materialları aparıb, oranı normal vəziyyətə salacaqlar.
Azərbaycan Milli Dram Teatrının arxa hissəsində abadlıq işlərinə artıq başlanıldığı hiss olunur. Orada sökülən evlərin daşları bir yerə yığılıb. Buradan isə yük maşınları vasitəsi ilə daşınır.
İqtisadçılar isə hesab edirlər ki, bu ərazilərdə hər hansı bina, yaxud da bu kimi yaşayış yeri inşa edilməyəcək.
İqtisadçı ekspert Vüqar Bayramov musavat.com-a mövzu ilə bağlı bildirib: “Sovetski” kimi tanınan ərazidə sosial obyektlərin salınması mümkündür. Ora əsasən investorların cəlb edilməsi nəzərdə tutulur. Öncədən də yanaşma ondan ibarətdir ki, həmin ərazi xarici investorlar da cəlb edilməklə, uzunmüddətli icarəyə verilsin. Bu baxımdan, indiki halda həmin istiqamət üzrə büdcədən irihəcmli ayırmaların həyata keçirilməsi mümkün deyil. “Sovetski” və digər söküntü gedən yerlərdə ən məqsədəuyğun hədəf xarici investorların hesabına həmin ərazilərin yenidən qurulmasını həyata keçirmək və uzunmüddətli dövr üçün icarəyə verməkdir".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər