Azərbaycan “ən pis ssenariyə” hazırlaşmalıdır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-01-2016, 10:23 | Şərh sayı: (0) | Baxılıb: 275
Azərbaycan “ən pis ssenariyə” hazırlaşmalıdır
Azər Mehtiyev: “İndiki mərhələdə özəlləşdirmə prosesi korrupsiya halları ilə müşahidə edilə bilər”
Rusiya neftin dünya bazarındakı qiyməti ilə bağlı ən pis ssenariyə hazırlaşır. Rusiyanın baş naziri Dmitri Medvedyev bildirib ki, əgər neftin qiyməti bundan sonra da düşməyə davam edərsə, digər ölkələrdə olduğu kimi, ən pis ssenariyə hazırlaşmaq lazımdır: “Ayağımızı yorğanımıza görə uzatmalıyıq. Büdcə qənaəti hər şeydən öncə dövlət aparatının xərclərinə aid olmalıdır, itirilmiş gəlir isə dövlət aktivlərinin özəlləşdirilməsi ilə əvəz edilə bilər”.
Artıq dünya bazarında Azərbaycan neftinin bir barelinin 29 dollara olduğunu nəzərə alsaq, Azərbaycan da ən pis ssenariyə hazırlaşmalıdırmı? Hökumətin vəziyyətə adekvat reaksiyası necə olacaq?
İqtisadçı ekspert Azər Mehtiyev bildirdi ki, Azərbaycan da Rusiya kimi neftdən asılı olan ölkədir və neftin ucuzlaşması ölkəmizi daha pis ssenari haqqında düşünməyə məcbur edir: “Rusiyadan fərqli olaraq bizim qeyri-neft sektorundan gəlirlərimiz o qədər də yüksək deyil. Bu baxımdan neftin ucuzlaşması təbii ki, Azərbaycana da ciddi təsir edir və bu artıq özünü göstərir. Azərbaycan üçün qarşıda duran ən vacib məsələ büdcə sferasında ciddi bir qənaət rejiminə keçməkdən başlayır. Ona görə ki, Azərbaycanda büdcə sistemində həddindən artıq bədxərc bir model formalaşıb, çox əsassız xərclər həyata keçirilir. Həm investisiya sahəsində, həm qeyri-investisiya sahələrinə yönəldilən vəsaitlərdə korrupsiya mexanizmləri son dərəcə şişirdilmiş büdcə rəqəmlərinə gətirib çıxarır. Bu baxımdan ən vacib məsələlərdən biri büdcə xərclərinin optimallaşdırılmasıdır. İkinci mühüm istiqamət ciddi struktur ixtisarlarının həyata keçirilməsidir. Burada söhbət indiyədək şişirdilmiş idarəetmə qurumlarında, büdcə təşkilatlarında olan işçilərin ixtisarından gedir. Yeni iş yerlərinin yaradılması adı altında büdcə təşkilatlarında çoxlu sayda lazımsız ştatlar yaradılıb, bunların hansı işlərlə məşğul olması da məlum deyil. Təsəvvür edin ki, Azərbaycanda 1,5 milyon muzdlu işçi çalışır, bunun da təxminən 1,2 milyonu ya dövlət qurumlarında, ya da büdcə təşkilatlarındadır. Bu məsələyə də aydınlıq gətirilməlidir”.
İqtisadçı ekspertin sözlərinə görə, önəmli antiböhran addımlarından biri də dövlət müəssisələrinin xərclərinin optimallaşdırılması və onların gəlirlərinin real olaraq vergiyə cəlb olunması məsələsidir: “Yəni biz xərcləri ixtisar etməklə yanaşı dövlət büdcəsinin gəlirlərinin artırılmasının da qayğısına qalmalıyıq. Bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Artıq büdcə gəlirlərinin artırılması istiqamətində də, dövlət xərclərinin azaldılması istiqamətində də addımlar atılır. Düzdür, indiki halda özəlləşdirmə bəzən qaçılmaz olur. Ancaq indiki mərhələdə özəlləşdirmə prosesi korrupsiya halları ilə müşahidə edilə bilər. Bu günə qədər həyata keçirilən özəlləşdirmə proseslərindən də dövlət büdcəsi hər hansı ciddi gəlir əldə edə bilməyib. Ya burada özəlləşdirmə qiymətinin mənimsənilməsi halı mövcuddur, ya da məmur-oliqarxların əlinə keçməsindən irəli gəlir. İndiki halda da özəlləşdirmə həyata keçiriləcəyi təqdirdə bunun şəffaf və açıq tenderlə baş tutacağı şübhə doğurur. Bu baxımdan özəlləşdirmə hər zaman dövlət büdcəsinə gəlir cəlb etmək üçün bir vasitə hesab olunsa da, təəssüf ki, Azərbaycanda özəlləşdirmə sahəsində biz bunun fərqli təcrübəsini görürük. Özəlləşdirmə həmin obyektlərin hansısa məmur-oliqarxların nəzarətinə keçməsinə gətirib çıxarır, nəinki dövlət büdcəsinə ödənişlərin artırılmasına. Bu baxımdan bizim üçün ən vacib məsələlərdən biri məmur-oliqarx sahibkarlığının aradan qaldırılması, rəqabət mühitinin formalaşdırılmasıdır. Əgər Azərbaycanda qanunlar işləməsə, hamının qanun qarşısında bərabərliyi təmin edilməsə, məhkəmələrin müstəqilliyi təmin edilməsə, rəqabət mühiti formalaşmayacaq”.
Ekspert bir daha vurğuladı ki, hazırkı prosesdə özəlləşdirmə mühiti dəyişdirilmədən özəlləşməyə getməyin əleyhinədir: “Burada söhbət mütləq şəkildə hansısa qurum və ya obyektlərin satılmasından getmir. Uzunmüddətli idarəetməyə də verilə bilər. Ümumiyyətlə, Azərbaycanda kommunal xidmət sektoruna biznes idarəetməsi gətirilmək üçün onlar uzunmüddətli idarəetməyə verilməlidirlər. Söhbət qazpaylayıcı şəbəkələrdən tutmuş elektrik şəbəkələrinə qədər bütün kommunal sahələrin özəl şəxs və ya təşkilatların idarəetməsinə verilməsindən gedir. ”Azəriqaz" və “Azərelektrik”in səlahiyyətləri uzunmüddətli idarəetməyə verilə bilər. Vaxtilə Bakının elektriklə təminatı “Barmek”ə verilmişdi. Sonradan bu qurum ləğv olundu, yenə dövlət bu işi öz üzərinə götürdü. Oxşar qaydada kommunal sferada uzunmüddətli idarəetmə və ən müxtəlif konsepsiya formalarından istifadə edərək özəlləşdirmə siyasəti həyata keçirilə bilər. Bu, dövlət xərcləmələrinin azaldılmasına və fəaliyyətin səmərəli olmasına xidmət edən amillərdir. Ancaq elə obyektlər var ki, onların dövlət mülkiyyətində qalmasına ehtiyac yoxdur, onların özəlləşdirilməsini təşkil etmək mümkündür. Bu cür obyektlərə SOCAR-ın tərkibindəki çoxlu sayda müxtəlif müəssisələri misal çəkmək olar ki, onların səmərəliliyi, şəffaflığı şübhə doğurur. O obyektlərin satılması, özəlləşdirilməsi mümkündür".
Ayrı-ayrı qurumlara gəlincə, Azər Mehtiyev strateji əhəmiyyəti olan obyektlərin özəlləşdirilməsini mümkünsüz hesab etdiyini vurğuladı: “Bakı Metropoliteni özəlləşdirilə bilməz. Bu, hansısa formada uzunmüddətli idarəetməyə verilə bilər. Bu strateji əhəmiyyətli bir obyektdir. Bakı Metropoliteni elə bir obyektdir ki, onun özəlləşdirilməsi məsələsinə bir neçə ilə hazırlıq görülməlidir. Bu, uzunmüddətli bir prosesdir. Hazırda əsas məsələ o qurumun xərclərinin şəffaflaşdırılması məsələsidir. Lakin nə qədər dövlət mülkiyyətində qalsa, bu şəffaflıq mümkün olmayacaq”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər