Gömrükdəki güzəştlər tikinti materialları bazarına necə təsir edib? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 19:34 | Şərh sayı: (0) | Baxılıb: 296
Gömrükdəki güzəştlər tikinti materialları bazarına necə təsir edib?
Gömrük sahəsində yeni güzəştlərin tətbiq ediləcəyi, inhisarçılığın aradan qaldırılması üçün əsaslı tətbirlərin görüldüyü ilə bağlı məlumatlar yayılır. Elə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev də ANS TV-yə açıqlamasında bildirib ki, açıq bazardır, kim nə gətirirsə-gətirsin, hamı üçün eyni rəqabət yaradılıb: “Dəfələrlə sahibkarlara müraciət etmişəm ki, gətirin və gömrük orqanlarına müraciət edin, qanuni sənədlər əsasında bəyan edin. Dövlət büdcəsinə çatası vergi rüsumlarını ödəyin və mallarınızı daxili bazara çıxarın”.
Manatın ikinci devalvasiyasından sonra isə ölkədə ən çox qiymət artımı tikinti materialları bazarında müşahidə olunmuşdu. Xüsusilə də taxtanın 1 kubunun qiyməti 300 manata qədər bahalaşmışdı. Bu isə taxtadan hazırlanan digər tikinti materiallarının da qiymətinə təsirsiz ötüşmürdü. Taxta satıcıları iddia edirdilər ki, dolların manata nisbətdə bahalaşması və gömrük xərclərinin yüksək olmasına görə qiymətləri qaldırmağa məcbur olublar.
Bəs gömrükdə güzəştlərin olduğu dönəmdə tikinti materialları bazarında qiymətlər necədir?
Musavat.com-un əməkdaşı tikinti materialları bazarında şahidi olub ki, bəzi materialların qiymətində cüzi enmə olsa da, əksərinin qiyməti qalxıb.
Ötən həftə taxtanın 1 kubunun qiyməti 300 manat idisə, hazırda Dərnəgül yolunda yerləşən tikinti materialları bazarında taxta 280-300 manata satılır. Satıcılar bildirirlər ki, dolların bahalaşması fonunda qiymətlərin endirilməsi gözlənilmir.
Lakin tamet daşların qiymətində nisbətən enmə müşahidə olunur. Belə ki, ötən həftə tametin qiyməti 6-8 manat idisə, hazırda 3-6 manat arasında dəyişən qiymətlərlə bu tikinti materialını almaq olar. Satıcılar bildirirlər ki, tamet əsasən ölkədə istehsal olunur. Xaricdən alınmadığı üçün qiymətində bir o qədər də artımın olacağı gözlənilmir.
Taxtadan hazırlanan qapıların, pəncərələrin və digər bu kimi tikinti materiallarının qiymətində isə enmə yoxdur. Əksinə, ötən həftə ilə müqayisədə qapıların qiymətində 30 manata qədər bahalaşma var. Satıcılar bildirirlər ki, onlar adətən qapıları hazır formada xaricdən dollarla alırlar. Dolların isə bahalaşması bu materialların qiymətinin artmasına səbəb olub. Yəni bunun taxtanın kubunun qiymətinin bahalaşmasına aidiyyatı yoxdur.
İstilik sistemlərinin qiymətində də artım müşahidə olunur. Misal üçün, əvvəllər 750 manata olan kombilər, hazırda 850 manata satılır.
Satıcıların sözlərinə görə, bazarda satış demək olar ki, yox səviyyəsindədir. Satıcı Vüqarla söhbətimizdə o bildirdi ki, bu hal tikinti sektorunda işlərin dayanması ilə bağlıdır:
“Son zamanlar tikinti sektorunda işlər dayanıb. Bu da bazara təsir edir. Yanvar ayından isə ümumiyyətlə satış yox səviyyəsindədir. Qiymət artandan sonra da camaatın bazardan ayağı kəsilib. Ona görə də elə əlimizdə olan malı satırıq. Çox adam əlində olan malı satmadığı üçün gedib yeni mal gətirmir. Ola bilər ki, gömrükdə ucuzlama varsa da, bu səbəbdən bizim xəbərimiz yoxdur”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər