Bayramdan öncə qalxan qiymətlər enməyib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 11:21 | Şərh sayı: (0) | Baxılıb: 337
Bayramdan öncə qalxan qiymətlər enməyib
Ekspert: “Yerli istehsalçılar qiyməti daha çox qaldırmalı olacaqlar, çünki...”
Bayram qabağı ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti əl yandıracaq dərəcədə bahalaşmışdı. Həm devalvasiyanın təsirindən əmələ gələn bahalaşma, həm də bayramqabağı olmasından istifadə edən işbazların qiymət artımı əhalini təngə gətirmişdi. Bəs bayramdan sonra vəziyyət necədir? Sualımıza cavab tapmaq üçün bir neçə böyük marketə və “Yaşıl bazar”a üz tutduq.
Mağazalarda müşahidə etməsək də bazarda müəyyən qədər ucuzlaşma vardı. Baş çəkdiyimiz “Yaşıl bazar”da satıcılar bəzi məhsulların ucuzlaşdığını, bəzilərininsə əksinə bahalaşdığını deyirdilər. Məsələn, bayramqabağı 2 manata satılan alma indi 1 manat 50 qəpiyə, 2 manat 50 qəpiyə satılan armud, portağal indi 2 manata satılırdı. Mandarinin qiyməti isə 1 manat 50 qəpik və 2 manat arasında dəyişirdi. Pomidorun kilosu 3 manata idi. Badımcan və xiyarın qiyməti isə bahalaşıb. Belə ki, bayram ərəfəsində 3 manat 50 qəpiyə satılan badımcan indi 4-5 manat arasında, 3 manat 50 qəpiyə satılan yerli xiyarlar isə indi 4 manata satılırdı. Amma müşahidələrimiz zamanı hələ də 3 manat 50 qəpiyə satılan xiyarlara rast gəldik. Soğan 70 qəpik 1 manat arasında satılırdı. Qırızı soğanın qiyməti isə 1 manat 30 qəpik idi. İran, Rusiya kartofları 1 manata, Gədəbəy kartofu isə 1 manat 50 qəpiyə təklif edilirdi.
Satıcılar qiymətlərin dollar bahaılaşdıqca qalxacağını deyirdilər. Kartof-soğan satıcısı Əli Qulyevin sözlərinə görə, alıcılar qiymətlərdən narazılıq edir: “Alıcılar gəlib deyir ki, necə olur İran, Rusiya kartofu ucuzdur yerli Gədəbəy kartofu baha. Başa düşmürlər ki, hər şeyin qiyməti bahadır, təkcə Gədəbəy kartofunun yox. O kartofun ərsəyə gəlməsinə nə qədər vəsait tələb olunduğunu bilmirlər. Sonra bu kartofları Bakıya gətirmək var. Hamısı puldur. Biz də bir az üstünə qoyub satırıq ki, özümüz də ərzaq ala bilək. Tək kartofla yaşamaq olmaz ki”.
Alıcı Samirə Əliyeva isə qiymətlərdə cüzi də olsa ucuzlaşmanın olduğunu dedi: “Bütün məhsullarda olmasa da bir sıra məhsullarda 20-30 qəpik ucuzlaşma var. Amma bir az da qiymətlər ensəydi yaxşı olardı”.
Marketlərdə vəziyyət isə bazardakından daha pis idi. Belə ki, qiymətlərdəki artımlar nəinki insanları alış-verişdən yayındırır, ərzaq səbətini tam doldurmadan marketdən çıxmağa vadar edir. Baş çəkdiyimiz “Makro market”də demək olar ki, bütün ərzaq məhsullarının qiymətində 2-3 manat artım vardı. Eyni zamanda şampunların, yuyucu tozlarının, diş pastalarının qiymətində də 50 qəpik 2 manat arasında bahalaşma vardı. Marketdə armud 4 manata, alma 3 manata, pomidor 4-6 manat arasında satılırdı.
Hətta satışda 1 dənəsi 5 manat 50 qəpiyə alça da satılırdı. Ancaq satıcı alçaların alıcısının olmadığını dedi: “İnsanlar ərzağa pulu güclə çatdırır, alçanı necə alsınlar? Gətirib vitrinə qoymuşduq ki, bəlkə görüb alan olar. Amma vitrində saraldı. Ona görə də götürmüşük. İstəyən olanda gedib gətiririk”.
Maraqlıdır, gün keçdikcə kəllə çarxa qalxan bahalaşmanın qarşısını necə almaq olar?
İqtisadçı-ekspert Natiq Cəfərli yerli istehsal olan məhsulların qiymətinin daha da bahalaşacağını dedi: “Yerli istehsal məsələsi insanlar tərəfindən də düzgün izah olunmur. Televiziyalarda da tez-tez bu barədə mesajlar verilir və insanlarda belə bir təsəvvür yaranır ki, əgər bir insan yerli məhsul istehsal edirsə, bu qiyməti qaldırmamalıdır. Bu tamamilə səhv yanaşmadır. Çünki həmin insanın başqa sahələrdə xərcləri artıb. Bu pomidor, kartof, armud istehsal edirdisə, əvvəl qazandığı pula daha çox başqa sahələrdən öz ehtiyaclarını ödəyə bilirdi. İndi başqa sahələrin hər tərəfində qiymətlər bahalaşıb. Bu insanların böyük əksəriyyətinin dollarla kreditləri var. Həmin kreditlərin həcmi qalxıb. Ölkəyə gətirilən məhsulların qiyməti qalxıb. Yəni yerli istehsalçıdan tələb etmək ki, sən qiyməti qaldırma, bu düzgün deyil. Qiyməti bazar, rəqabətli mühit müəyyən etməlidir. Bazarlarda inzibati yollarla, əmrlə xidmət müəyyən olunmur. Dünyanın heç yerində normal iqtisadi sistemlərdə bu işləmir, işləməyəcək də. Bunun təklif proqramları olmalıdır, hökumət tərəfindən vergi güzəştləri olmalıdır. Müəyyən addımlar olmalıdır. Aşağı faizlə uzun müddətli kreditlər həyata keçirməlidirlər. Bunların heç biri olmadan yerli istehsalçıdan qiyməti qaldırmamasını tələb etmək tamamilə səhv və mümkünsüz yanaşmadır. Biz görəcəyik ki, yerli istehsalçılar məcburən qiyməti daha çox qaldırmalı olacaqlar”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər