Nardaranda sökülən evlərin sakinləri etiraz edirlər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 18:45 | Şərh sayı: (0) | Baxılıb: 236
Nardaranda sökülən evlərin sakinləri etiraz edirlər
Ötən il dekabrın 1-dən Daxili Qoşunların və polisin nəzarətində olan Nardaranın abadlaşdırılması istiqamətində görülən işlər davam edir. “Azəryolservis” ASC tərəfindən qəsəbənin mərkəzi küçələrində təmir-tikinti işləri aparılır. Yolların genişləndirilməsi zamanı söküntüsü planlaşdırılan mənzillərin sahibləri narazıdır.
Musavat.com-a müraciət edən qəsəbə sakinləri evlərinin sökülməsi zamanı onlara veriləcək kompensasiyadan narazıdırlar. Belə ki, sakinlərin sözlərin görə, yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü zamanı vətəndaşlar 100-400 manat məbləğində kompensasiya ödəniləcək.
Hazırda təmir-tikinti işlərinin davam etdiyi Abşeron küçəsinin sakinləri söküntü zamanı mənzillərinin 1 kvadratmetrinə görə veriləcək 400 manat kompensasiyadan narazıdırlar. Sakinlər deyir ki, bu məbləğlə yenidən ev tikmək və ya ev almaq mümkün deyil. Həyətyanı sahələrə verilən kompensasiyanın məbləği isə 100 manatdır.
Abşeron küçəsində yerləşən və yolun genişləndirilməsi zamanı plana düşəcək evlərin siyahıya alınması “Azəryolservis” ASC tərəfindən həyata keçirilir.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli musavat.com-a açıqlamasında bildirdi ki, Abşeron küçəsində aparılan təmir-tikinti işləri çərçivəsində sökülməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış obyektləri “Azəryolservis” ASC tərəfindən siyahıya alınır, ölçü işləri aparılır. Lakin ayrılacaq kompensasiyanın miqdarını Maliyyə Nazirliyi müəyyənləşdirir.
“Biz yalnız təmir-tikinti işləri zamanı yaşayış və qeyri-yaşayış obyektlərinin siyahıya alınmasını həyata keçiririk. Kompensasiyanın məbləği Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir. Yaşayış və qeyri-yaşayış obyektlərinə ödəniləcək kompensasiya 100-400 manat arasında dəyişir” - deyə A.Nəcəfli bildirdi.
Sakinlərə Prezidentin 26 dekabr 2007-ci il tarixli fərmanına əsasən, Prezidentin Ehtiyat Fondundan əlavə olaraq 20 faiz kompensasiya da ödəniləcək.
Onun sözlərinə görə, təmir-tikinti işlərinin aparıldığı Abşeron küçəsində artıq 11 ailəyə kompensasiya ödənilib. Daha 51 yaşayış və qeyri-yaşayış obyekti ilə bağlı siyahıya alma işləri görülüb və hazırdır.
Görülən işlərin nə zaman yekunlaşacağına gəlincə isə A.Nəfəli qeyd etdi ki, hazırda qəsəbədə aparılan işlər paralel şəkildə davam etdirilir: “Yolların genişləndirilməsi, asfalt örtüyünün dəyişdirilməsi işləri aparılır. Hazırda Abşeron küçəsində işlər davam etdirilir. Analoji işlərin qəsəbənin Nəsrulla Əsgərov küçəsində də aparılması nəzərdə tutulub. Yenidənqurma işləri digər qurumlarla birgə paralel şəkildə aparılır. Kommunukasiya xətləri dəyişdirilir. Bütün işlər paralel şəkildə aparıldığından bütün işlərin nə zaman yekunlaşacağını demək mükün deyil. Bəzən hava şəraiti də görülən işlərə təsir edir. Amma ən qısa zamanda işlərin yekunlaşdırılması üçün çalışırıq”.
Xatırladaq ki, Prezident İlham Əliyev Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsaitin ayrılması üçün sərəncam imzalayıb.
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər