Benzinin qiyməti niyə düşmür? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 23:04 | Şərh sayı: (0) | Baxılıb: 261
Benzinin qiyməti niyə düşmür?
Azərbaycanda iqtisadçılar neft şirkətinin gəlirlərinə mənfi təsir göstərmədən yerli istehsal olan benzinin bir litrinin qiymətinin 70 qəpikdən 50 qəpiyə qədər endirilməsini təklif edir.
Onlar bunu benzinin satışına tətbiq olunan verginin azaldılması yolu ilə reallaşdırmağın mümkün olduğunu düşünür.
Tarif Şurasının ötən il verdiyi qərara əsasən, yerli istehsal olan Aİ 92 və Aİ 80 markalı benzinin litri 0.70 AZN, dizel yanacağının litri 0.60 AZN, xaricdən idxal olunan Premium markalı Aİ 95 markalı benzinin litri isə 0.95 AZN təşkil edir.
Bəzi ekspertlər benzinin qiymətinin bu günə qədər enməməsini bazardakı “inhisarçılıqla” əlaqələndirir.
Tarif Şurası benzinin qiymətinin ucuzlaşması ilə bağlı rəsmi qurumlardan hər hansı təklif gəlmədiyini əsas gətirərək hazırda bu məsələnin gündəmdə olmadığını deyir.
Azərbaycan Dövlət Neft Şirkəti isə məsələ ilə bağlı BBC Azərbaycancanın suallarını cavabsız qoyub.
"Bir də çətin düşə"
Manatın dollar qarşısında kəskin ucuzlaşmasından sonra bazardakı bahalıqdan ehtiyat edən sürücü "Ucuzlaşmaq nədir? Qorx ki, qalxmasın" deyir. O, benzinin nə vaxtsa ucuzlaşacağına ümidini itirib.
"Benzin bir dəfə qalxdı, bir də çətin düşə" - digər bir sürücü kənardan həmkarının sözlərinə dəstək olur.
Yerli istehsal olan benzinin ötən ilki artımını "əsassız" olduğunu düşünən xanım sürücü sual edir: "Onda dedilər ki, dünyada neft bahalaşır deyə qaldırırq. İndi ki, ucuzlaşıb niyə qiymətlər enmir?"
Uzun illərdir taksi fəaliyyəti ilə məşğul olan sürücü isə hökumətin indiki "çətin vəziyyətdə" belə bir endirim edəcəyinə inanmır.
"İnhisarçılıq"
Ekspert Natiq Cəfərli benzinin qiymətinin əvvəlki həddə qalmasını “cəfəngiyyat” adlandırır. O deyir ki, xaricdən idxal olunan Premium markalı benzinin hazırkı qiyməti təyin olunanda neftin dünya bazarında dəyəri 100 dollardan da yüksək idi. Bu gün isə həmin rəqəm 28 dollardan da aşağıdır.
“Bunun yeganə səbəbi bazarda inhisarçı şirkətin olmasıdır. SOCAR Trade şirkəti bu işdə digər treyderlərin iştirakına imkan vermir və mövqeyindən istifadə edərək benzinin qiymətini yenə də həmin həddə saxlayır”, ekspert idxal olunan benzinin qiymətinin ucuzlaşmamasını əsaslandırır.
Millət vəkili Vahid Əhmədov SOCAR Trade-in yeganə şirkət olduğunu təsdiqləsə də, benzinin qiymətinin "inhisarçılıqla əlaqəsi olmadığını" deyir.
"Benzinin qiymətini Tarif Şurası müəyyən edir. Bunlar tənzimlənən qiymətdir. Tarif şurası qərar verdikdən sonra, onun bazara heç bir dəxli yoxdur. Benzinin müəyyən hissəsi xaricdən gətirilir. Xüsusilə 95 markalı benzin. Digər benzinlər özümüz istehsal edirik. Yəni burda enmələr mümkündür, amma nağd pul kütləsi ilə problemlər yaranmasın deyə hələlik baxılmır", - millət vəkili bildirir.
İqtisadçı ekspert Samir Əliyev isə deyir ki, hökumətin benzinin qiymətinin aşağı salınması haqda düşünməyin zamanı çatıb.
“Çünki vaxtilə benzinin bahalaşmasına səbəb olan amillər - dünya neftinin bahalaşması və aksiz vergilərin yüksək həddi – aradan qaldırılıb”, o, əlavə edir.
Bu sahədə hər hansı addımın atılmamasını isə ekspert neftin ucuzlaşmasına görə SOCAR şirkətinin itirdiyi qazancı yerli bazar hesabına kompensasiya etmək istəyi ilə əlaqələndirir.
Təklif
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramlı isə SOCAR-ın büdcə gəlirlərinə zərər vurmadan və sahibkarların biznes maraqlarına uyğun olaraq benzinin qiymətinin aşağı salınmasını mümkün hesab edir.
İqtisadçı bunun üçün dünya praktikasında geniş istifadə olunan “Ümumi tarazlıq modeli”nin tətbiqini təklif edir. Modeldə satışa tətbiq olunan verginin azaldılması sayəsində benzinin qiymətinin 30 faiz endirilməsinin mümkünlüyü göstərilir.
“Model göstərir ki, benzinin bir litri 50 qəpiyə, dizel isə 40 qəpiyə satılmasından nə vergi, nə iqtisadiyyat, nə də vətəndaş uduzacaq. Əksinə, vətəndaş daha ucuz benzin alacaq, iqtisadiyyat ucuz yanacaqla təmin olunacaq, vergi də dolayı vergi daxilolmalar sayəsində azalan vergini kompensasiya edəcək”, iqtisadçı izah edir.
İqtisadçı bu addımın aqrar sektorda fermerlərin az xərclə kənd təsərrüfatı məhsulu istehsalını artırmasına təkan verəcəyini, daxili bazarda, yük daşımalarında və iqtisadiyyatın digər sahələrində aktivliyi stimullaşdıracağını istisna etmir (BBC).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər