Xof hasarını aşanların qarşısına necə çıxmalı? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 19:14 | Şərh sayı: (0) | Baxılıb: 230
Xof hasarını aşanların qarşısına necə çıxmalı?
Uzun illərdir ölkəmizin politoloqları daxili çaxnaşmalar, iğtişaşlar, inqilablar, üsyanlar baş verən ölkələri izləyir, təcrübələrini öyrənirlər.
Əlbəttə ki, öyrənməklə iş bitmir, bu hadisələr müxtəlif prizmalardan təhlil də edilir, müəyyən bir nəticəyə də gəlinir.
“Misirdə niyə elə oldu?”; “Suriya niyə bu günə düşdü?”; “Liviyada Qəzzafinin aqibəti hansı səbəbdən o cür oldu?”; “İraq rəhbərliyi harda səhvə yol verdi?” və sair bu kimi sualların cavabı böyük ölçüdə hazırdır.
Prosesləri, baş verənləri əvvəldən axıradək izləyərək təhlil edəndə anlaşılır ki, olayların gərginləşərək faciəvi duruma qədər irəliləməsinin əsas səbəbi idarə edənlərin reallıq hissini itirmələri ilə bağlıdır.
Ortaya çıxır ki, bütün hallarda idarə edən zümrə baş verənlərin mahiyyətini düzgün anlamayıb, diaqnozu düzgün qoymayıb, ən əsası və ən pisi baş verənlərə vaxtında adekvat reaksiya verməyib, situasiyanı gərginləşdirmək yolu tutub. Bu halda qurbansız ötüşmək olmur.
Xalqın narazı kütlələri xof hasarını aşaraq meydanlara çıxanda, bir qayda olaraq, bütün hakim zümrələrin reaksiyası belə olur: bu üsyandır və bu amansızcasına yatırılmalıdır.
Daha sonra üsyançılara adlar qoyulur, yarlıqlar yapışdırılır: “Bu, xarici qüvvələrin təhriki ilə qızışdırılmış bir dəstə paşıpozuq (narkoman, ekstremist) adamın təxribat cəhdidir”.
Meydana dolmuş kütlələrin tələbini dinləmək, onların kütləvi həyəcanını səngitmək əvəzinə kütləvi cəzalandırma ilə hədələmə itirməyə heç nəyi olmayanları geri dönüşü olmayan bir yola itələyir və onların sırası artır. Çünki hakimiyyət öz güzəştsiz mövqeyi, sərt sifəti ilə onlara və tərəddüd edənlərə belə bir mesaj verir ki, öz zülmkar, istismarçı siyasətini dəyişməyəcək və bu adamlar bundan sonra da ağ gün görməyəcəklər.
Kütlənin sonuncu ümid yeri də məhv olandan sonra artıq onu heç nə dayandıra bilməz. Zatən, insanların reaksioner rejim qarşısındakı xofunu yenib meydana çıxması onların öz talelərinə və təhlükəsizliklərinə kütləvi əndişə duymasından irəli gəlir. Hakimiyyət öz hərəkətləri ilə bu əndişəni bir az da artıracaqsa, qarşısında daha qəzəbli və barışmaz kütlə görəcək.
Daxili təlatümlər, iqtidar-xalq qarşıdurması yaşayan ölkələrin hamısında belə olub. Həmin ölkələr bir qayda olaraq istibdad yuvaları, sərt rejimə malik ölkələrdir. Burada üsyana qalxmış xalqla, müxalifət qüvvələri ilə gerçək və ciddi dialoqa getmək, yaranmış problemi dinc yolla həll etmək praktikası yoxdur. Bütün hallarda sonda münasibətləri güc ayırd edir - ya güclü iqtidar repressiya ilə, ya da mütəşəkkil müxalifət inqilabla.
Ancaq bəzi ölkələr də var ki, adını başqa cür qoysalar da, etiraz aksiyalarının xalqın narazı kütlələrinin hərəkatı olduğunu anlayırlar və situasiyanın qəlizləşməsinə imkan vermədən tədbirlər görürlər. Bu tədbirlərdən ən effektlisi kortəbii şəkildə aksiyaya çıxmış narazıların sosial tələblərinin siyasi tələblərə çevrilməsinin qarşısını almaq, xalqı müxtəlif vədlərlə sakitləşdirmək, bəzi populist qərarlar vermək, camaatda sabaha ümidi artırmaqdır.
Ötən həftə baş verən aksiyalar zamanı Azərbaycan iqtidarı məhz bu cür etdi. Bəzi rayonlarda icra hakimiyyəti başçıları xalqın qarşısına çıxdı, tələblərini dinlədi, vədlər verdi və camaat sakitləşib evlərinə dağıldı.
Kütləvi həyəcan dalğası səngiyəndən sonra bir sıra ərzaq mallarının bahalaşmasının qarşısının alınması narazı insanları psixoloji baxımdan rahatladı, onları “hökumət bu işi belə qoymayacaq, bahalaşmanın qarşısı necə olsa alınacaq” fikrinə köklədi.
Ancaq artıq bir neçə gündür məmurların ritorikası dəyişib, baş verən hadisələri ölkə müxalifətinin, hətta xarici qüvvələrin ayağına yazmaq cəhdləri müşahidə olunur.
Dünənə qədər “ölkədə müxalifət yoxdur”, “xalq müxalifətin dalınca getmir” kimi populyar ifadələrin ardınca “aksiyaları müxalifət təşkil edib” demək nə qədər ziddiyyətli görünsə də, həqiqət olmadığı üçün də qeyri-ciddi görünür.
Bununla belə, mövcud iqtidarın bu xətti götürməsi boşuna deyil, o, müxalifət qüvvələri ilə kütlələrin arasına sədd çəkir, onları yaranmış situasiyadan faydalanmaq təşəbbüsündən çəkindirməyə çalışır. Yəni iqtidar son aksiyaları müxalifətin təşkil etmədiyini bilir, sadəcə, onun bundan sonrakı aksiyalara da qarışmamasına çalışır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər