İsgəndər Həmidov müxalifəti birləşməyə çağırdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-01-2016, 21:55 | Şərh sayı: (0) | Baxılıb: 230
İsgəndər Həmidov müxalifəti birləşməyə çağırdı
“Biz özümüz bir yerdə olmadan xalqı bir yerə toplaya bilmərik”
Azərbaycanın tanınmış müxalifət partiyaları və müxalif liderləri 20 Yanvar faciəsinin 26-cı ildönümündə də bir yerdə ola bilmədilər. Yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarətə azı 4-5 ayrı-ayrı dəstələrlə getdilər. Müxalifətdəki pərakəndəlik və bir-birini qəbul etməmək yanvarın 20-də daha açıq şəkildə özünü göstərdi. Demokratik düşərgənin hətta ümummlli hüzn və qəhrəmanlıq günündə də bir araya gələ bilməməsinin səbəbləri barədə Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri İsgəndər Həmidov “Yeni Müsavat”a danışdı.
İsgəndər Həmidov bildirdi ki, 20 Yanvar həm ümummilli hüzn günüdür, həm Azərbaycan xalqının milli cəsarət bayramıdır. Azərbaycanda müxalifət partiyalarının heç olmasa 20 Yanvarda bir araya gəlməməsi, Şəhidlər Xiyabanına gedəndə belə, pərakəndəlik müşahidə olunması üzücüdür. Bu vəziyyət üzücü olmaqla yanaşı, bütün müxalifət qüvvələrinin ziyanınadır: “Belə pərakəndəlik mənəm-mənəmlikdən bir-birini qəbul etməməkdən, bir-birinə qarşı mübarizə aparmaqdan, lider olmaq iddialarından irəli gəlir. Bu vəziyyət gətirib müxalifəti o günə salıb ki, hətta 20 Yanvar kimi gündə də müxalifət bir yerdə ola bilmədi. Biz özümüz bir yerdə olmadan xalqı bir yerə toplaya bilmərik. Bir yerdə olub xalqı bir yerə yığmaq lazımdır. Bundan sonra xalq öz liderlərini ortalığa çıxaracaq. Mən ümid edirəm elə bir vəziyyət, elə bir zərurət ortalığa çıxacaq ki, hətta şəhidlərimizi ziyarətdə pərakəndə olan müxalifət qüvvələri bir araya gələcək, vahid qüvvəyə çevriləcək. Ölkədə proseslərin gedişi məhz buna gətirəcək. Hamı dərk edəcək ki, bizim gücümüz, qələbəmiz birlikdədir. Biz bir yerdə olmağa məhkumuq. Müxalifətin önündə gedənlərin hər biri millətin, dövlətin qarşısında məsuliyyəti dərk eləməlidir”.
İ.Həmidov vurğuladı ki, müxalifət partiyaları və liderləri arasında soyuq münasibətlər, dağınıqlıq cəmiyyətdə onların hamısına inamsızlıq yarada amildir: “Cəmiyyətin müəyyən kəsimi vəziyyəti görür və deyir ki, bu müxalifət partiyaları ən mühüm günlərdə belə, birləşə bilmirsə, biz niyə onlarla bir olmalıyıq? Birləşmək cəmiyyətin bu cür düşünən kəsiminin fikirlərində dəyişiklik yaradar. Xalq biz müxalifətlə bir yerdə olmağa məcbur deyil. Biz bir yerdə olmağa məcburuq.
Birləşməkdən ötrü vahid platforma, vahid ideya olmalıdır. Vahid ideya isə xalqı, dövləti düşdüyü indiki təhlükəli vəziyyətdən xilas etmək ideyası ola bilər".
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər