İnqilabı hökumət etməlidir!.. |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 20:46 | Şərh sayı: (0) | Baxılıb: 290
İnqilabı hökumət etməlidir!..
“Azərbaycan çalxalana, hətta qarışa bilər”. Son vaxtlar ölkədaxili durumun mümkün inkişaf dinamikası ilə bağlı istər yerli, istərsə də xarici ekspertlərin səsləndirdiyi bədbin proqnozlar arasında belə xəbərdarlıqlar da var. Şübhəsiz ki, ictimai-siyasi proseslərin spontan, yaxud inqilabi ssenaridə getməsi dövlətə, xalqa yaxşı bir şey vəd eləmir. Zira, sökmək, dağıtmaq həmişə asan olub, nəinki qurmaq.
Tarixi örnəklər bir yana dursun, böyür-başımızda, ərəb dünyasında illərdir yaşanan dramatik hadisələr belə bir qənaəti gücləndirir ki, zəiflətmir. Üstəlik, şablon çıxmasın, bizim vəziyyətimizi daha da tündləşdirəcək Dağlıq Qarabağ problemi, işğal kimi dərdimiz var. Fəqət, bu qənaət, Qarabağ dərdi Azərbaycan iqtidarına qətiyyən əsas vermir ki, o, ölkəni və xalqı köhnə qaydada idarə eləməyə davam etsin.
Əksinə, mövcud situasiyadan radikal ictimai hərəkatlarla çıxmaq nə qədər məqsədyönlü olmasa da, hakimiyyətin radikal-inqilabi addımlarına bir o qədər ehtiyac var. Yəni inqilabı xalq yox, hökumət eləməlidir. Bu da gözə dəymir. O zaman gərək heç kim olacağa görə, qəbul edəcəyi qərarlara görə ac-yalavac xalqdan inciməyə. Yəni inqilabı hökumət etməsə, xalq eləməli olacaq...
***
Bir aforizmdə deyilir ki, “Qorxağı, xoflunu təhlükəli situasiyalarla salmaqla müalicə elə”. Nümunəsi xalqdan uzaq, ancaq toplumu permanent şəkildə sosial-iqtisadi eksperimentlərə məruz qoyub qorxutmaq, xof altında saxlamaq da hakimiyyəti saxlamaq üçün etibarlı vasitə ola bilməz - gec-tez xof çəkiləcək və hakimiyyət öz önündə artıq qorxusuz-ürküsüz, qəzəbli bir kütləni görəcək.
Çünki istənilən alət, vasitə müvəqqətidir və yalnız bir müddət kara gələ bilər. Ondan sonra o “aləti” təmir etdirmək üçün ən yaxşı ustaya belə aparsan, faydası olmayacaq, deyəcək “daha tulla getsin!..”
Obrazlı şəkildə də olsa, sözü ona gətirmək istəyirik ki, hazırkı ağır vəziyyətdən iqtidar da daxil, hamı üçün ən optimal, ən sərfəli, ən praqmatik çıxış yolu - hakimiyyətin nəhayət, təcili köhnə idarəçilik üsulundan imtina edib islahatlara başlaması, inqilabi qərarlar verməsidir.
Hələ vaxt itirilməyib. Bir azdan belə təcili islahatlara sadəcə, zaman çatmaya və ya onlara lüzum qalmaya bilər. Nədən ki, ən sərt qənaət rejiminin də sonu çatır. Vəziyyətdən “daxili imkanları” hesabına birtəhər çıxmağa çalışan xalqın kasad maddi resurslarını nəzərdə tuturuq.
Hansı təcili islahatlardan söhbət gedir, bu barədə də axır bir ayda dönə-dönə yazılıb, deyilib, təkliflər səsləndirilib. Əminik ki, onlardan “yuxarılar”da da xəbərdardırlar. Demək, çatışmayan yalnız siyasi qərar, siyasi iradədir.
Belə bir qərarın verilməsi cəmiyyətdəki aşınma proseslərinin önlənməsi, toplumun ümumbəşəri dəyərlərə sadiqliyinin, o sırada dinc demokratik inkişaf potensialının minimum səviyyədə saxlanması, nəhayət, narazı xalqdan hər cür bədniyyətli qüvvələrin öz məkrli məqsədləri üçün istifadəsinin əngəllənməsi üçün də vacibdir...
*****
Yuxarıda bir aforizm işlətdik. Situasiyaya uyğun gələn başqa müdrik kəlam da var – onu zaman-zaman xatırlatmışıq, yenə yeri var yada salaq ki: “Ağıllı insan istənilən çətin vəziyyətdən məharətlə çıxır, müdrik isə belə vəziyyətlərə, ümumiyyətlə, düşmür”.
Müdriklikdən daha keçib, qalır ağıllı qərarlar. Olacaqmı?
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər